Əlaqə Arxiv
news Image
2016.06.27
19:00
| A A A
Polina Rəhimova: "Məqsədimiz gələn il Dünya Qran Prisində çıxış etməkdir"


Azərbaycanın voleybol üzrə qadınlardan ibarət komandası Avropa Liqasının yarımfinalında Yunanıstana qalib gələrək (3:1) həlledici görüşə vəsiqə qazanıb. Yığmamız finalda Slovakiyaya qalib gəlsə, Dünya Qran Prisinə vəsiqə qazanacaq.Movqe.az  Goal.az-a istinadən  xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Polina Rəhimova Yunanıstanla oyundan sonra fikirlərini media ilə bölüşüb.


"Çox şadam ki, finala yüksəldik. Evimizdə çıxış etsək də, oyunlar ağır keçdi. Məqsədimiz gələn il Dünya Qran Prisində çıxış etməkdən ibarətdir. Bütün tərəfdarlarımıza dəstəkləri və köməklərinə görə minnətdarıq".


Yarımfinal oyunları zamanı Azərbaycan millisində əsas problem top qəbulu ilə bağlı olub. Bu da ikinci setdə baş məşqçi Faiq Qarayevin komandasının 9:25 hesablı məğlubiyyətinə gətirib çıxarıb. Lakin Polina Rəhimova, Yana Kulan, Yelena Həsənova və Valeriya Məmmədovanın köməyi ilə ümumi nəticədə qələbə gerçəkləşib.


Kapitan Odina Bayramova nəticədən məmnun olsa da, ikinci setdə gördükləri işin keyfiyyətindən narazılıq ifadə edib. Bununla belə, Bayramova qələbəyə köklənməyi bacardıqlarını vurğulayıb. O, Slovakiya ilə final oyunları barədə də danışıb: "İndi biz finala hazırlaşmalıyıq. Əsas məqsədimiz Avropa Liqasının qalibi olaraq, 2017-ci ildə Dünya Qran Prisinə qatılmaqdan ibarətdir".


Libero Valeriya Məmmədova isə artıq finala kökləndiyini söyləyib: "Slovakiya çox yaxşı çıxış edir. Bizim isə top qəbulunda problemlərimiz vardı. Çatışmazlıqlarımız üzərində işləyəcək və finalda daha yaxşı oynamağa çalışacağıq. Avropa Liqasının qalibi olmaq üçün bütün imkanlara malikik. Düşünürəm ki, sonda fəxri kürsünün ən yüksək pilləsində olacağıq".


Millimizlə final oyunu barədə Slovakiya yığmasının baş məşqçisi Marek Rojko da fikirlərini bölüşüb. O, Avropa Liqasında ilk ildəcə finala yüksəlmələrindən məmnunluğunu dilə gətirib: "Çox yaxşı komandamız var və bacarığımızı beynəlxalq arenada göstərməliyik. Finalda qarşılaşacağımız Azərbaycan yığması güclü komandadır. Qalib gəlmək üçün bizdən asılı nə varsa, onu etməyə çalışacağıq".


Polina Rəhimova Azərbaycan millisinin Yunanıstana 3:1 hesabı ilə qalib gəldiyi cavab görüşündə 19 xal toplayıb.

Sizin Reklam Yeriniz