news Image
2012.04.22
21:30
| A A A
“Çempion olanda, məni təbrik etmirdilər”
“Xəzər Lənkəran” – “Neftçi” derbisinin rekordçusu olan Ağasəlim Mircavadovun Apasport.az saytına müsahibəsi.

- Hər dəfə "Böyük oyun" yaxınlaşanda, yada siz düşürsünüz. Matç öncəsi fikirləriniz maraq doğurur... 

- (gülür) Diqqətə görə minnətdaram. Həqiqətən də bu komandalar arasında oyun mənim üçün də böyük maraq kəsb edir. Hər iki klubun baş məşqçi kimi, derbi həyəcanını yaşamışam. Belə oyunlar çox olmalıdır. Çünki "Xəzər Lənkəran"la "Neftçi" arasındakı qarşılaşmalar mövsümün bəzəyinə çevrilir. Komandalar oyun planında gərginlikdə, stadionda xeyli azarkeş olur. Bunu da əsas amillərdən biri sayıram.

- Budəfəki oyundan gözləyirsiniz? 

- Yenə böyük maraq var. Bir neçə faktı qeyd etmək lazımdır. Sözsüz ki, "Xəzər Lənkəran"dan danışanda, 6 xalın silinməyinə toxunmalıyıq. Bu haqda çox deyilib, mən də fikirlərimi bildirmişəm. FİFA-nın qərarı qanundur. Ancaq Romulo Silvanoya borc məsələsindən artıq 3 il keçib və qərarın mövsümün sonunda verilməsi futbolçulara, məşqçilərə, azarkeşlərə pis təsir göstərib. Onların nə günahı var ki? Çempionatın sonuna 4 tur qalıb və avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə gedir.

- 6 xalın silinməsi "Xəzər Lənkəran"a prinsipial rəqibi ilə oyun öncəsi psixoloji planda mənfi təsir göstərəcəkmi? 

- "Xəzər Lənkəran"ın futbolçuları hər oyuna final görüşü kimi baxmalıdırlar. Eşitdiyimə görə, komandanın məşqçilər korpusu psixoloji hazırlıq üzərində çox iş görürlər. Klubun qarşısında Avroliqaya çıxmaq vəzifəsi durur. Bunun üçün futbolçular bütün fikirlərini qələbə qazanmağa yönəltməlidirlər. Birləşib nəticə qazanarlarsa, psixoloji problemlər arxada qalacaq, komanda özünəinamı artıraraq, qarşıya qoyulan məqsəd üçün yolunu davam etdirəcək. "Neftçi"yə gəlincə, yenə çempion olacaq.

- "Neftçi" qələbə sayəsində digər oyunların nəticəsindən asılı olmayaraq, ardıcıl 2-ci dəfə çempionluğu bayram edəcək. Üstəlik, qızıl medallar başqa hallarda da rəsmiləşə bilər... 

- "Neftçi" ən yaxın izləyicilərini böyük xal fərqilə qabaqladığından, demək olar çempionluğu həll edib. Təbii ki, Lənkəranda da qalib gəlməyə çalışacaqlar. Bunu bacarsalar, rəqiblərin oyunlarına ehtiyac qalmayacaq. Ümumiyyətlə, "Neftçi"nin oyunları maraqlı keçir. Rəqiblərin xala ehtiyacı oldu-olmadı, sona kimi mübarizə aparırlar. Komandaların liderlə oyuna belə köklənməsi yaxşı haldır. Təbii ki, futbolu ilk növbədə azarkeşlərə görə oynayırlar. Ona görə baxımlı oyun vacibdir. 

- "Neftçi" indiyədək Lənkəranda 2 dəfə qələbə qazansa da, bu, Olimpiya İdman Kompleksinin stadionunda olub. Həmin matçlarda siz iştirak etmisiniz ki, birində "Neftçi"nin, digərində "Xəzər Lənkəran"ın baş məşqçisi olmusunuz. Bakılıların hələlik Lənkəran şəhər stadionunda qalib gələ bilməməsi oyuna hansı təsirini göstərə bilər? 

- "Neftçi" sakit halda oynayıb, qalib gəlməyə çalışacaq. Əlbəttə, Lənkərandakı bu 2 stadionlar bir-birindən fərqlənir. Mərkəzi stadion böyükdür, orada azarkeşlər, dəstək, səs-küy çox olur. Bu, yaxşı haldır. Hesab edirəm ki, qarşıdakı matça meydança amili yox, oyun rol oynayacaq. Kim daha yaxşı hazırlaşıbsa, güclü tərəflərini göstərə bilsə, istəyinə çatacaq. 

- "Neftçi" çempionluğu Lənkəranda bayram etmək istəyir. Yerli azarkeşlər bunu necə qəbul edəcəklər?

- Fikrimcə, bu baxımdan problem olmayacaq. Lənkəranlı azarkeşlər bunu normal qəbul edəcək. Mən orada işlədiyimdən, yerli azarkeşləri yaxşı tanıyıram. Bilirəm ki, onların çoxu ziyalıdır və komandalarını sevərək, hər şeyə real qiymət verirlər. Bu gün "Neftçi" turnir cədvəlində vahid liderdir və güclü komanda kimi rəqiblərindən çox uzaqdadır. 

- "Xəzər Lənkəran" "Neftçi" ilə matçda doğma stadionunda yubiley – 100-cü oyununu keçirəcək. Həmin arenanın rəsmi açılışı sizin iştirakınızla olub...

- 2006-cı ilin avqustundakı həmin qarşılaşma yaxşı yadımdadır. O vaxt "Xəzər Lənkəran"ın baş məşqçisi kimi ilk oyunum idi, "Neftçi"ni qəbul edirdik. Hörmətli prezidentimiz İlham Əliyev də həmin vaxt Lənkərana gəlib, stadionun rəsmi açılışını etdi. Debüt matçında 2:1 hesablı qalib gəldik.

- Bu, "Xəzər Lənkəran" tarixində "Neftçi" üzərində qazanılan ilk qələbə oldu... 

- Bəli, debütümdə buna nail olduq. Mən hər 2 komandaya bundan sonra da qələbələr, avrokuboklarda uğurlar arzulayıram. Bu, futbolumuz üçün vacibdir. "Neftçi" Çempionlar Liqasında ölkəmizi təmsil edəcək. "Xəzər Lənkəran"a da Avroliqaya vəsiqə qazanmağı arzulayıram. İnanıram ki, komanda buna nail olacaq. 

- Keçmiş komandanızı çempionluq münasibətilə təbrik edəcəksiniz? 

- "Neftçi" ötən mövsüm çempion olanda, həmin vaxt baş məşqçisi olan Arif Əsədovu təbrik etmişdim. Bundan əvvəl çempionluğu qazanan "İnter"ə təbriklərimi çatdırdım. Bu dəfə "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevi təbrik edəcəyəm. Futbolun qayda-qanunları var və çempion olanları təbrik etmək lazımdır. Ancaq nədənsə çempion olanda, məni təbrik etmirdilər.

- Bəlkə həmkarlarınız sizə paxıllıq edirdilər? 

- Yox. Söhbət bundan getmir. Biz ilk növbədə insanıq və bir-birimizin uğurlarına sevinməliyik. Təbii ki, həmkar kimi həmişə bir-birimizə dəstək olmalıyıq. Mən Avropada çalışan məşqçilərə - ispanlara, ingilislərə baxanda, həsəd aparıram. Onlar necə bir-biri ilə görüşür, təbrik edirlər. Qucaqlaşıb görüşürlər və həmkar kimi bir-birlərinə dəstəyi göstərirlər. Biz məşqçilər də bir-birimizə belə dəstək verməklə yanaşı, kömək etməliyik ki, bu, futbolumuzun inkişafı üçün vacibdir. Çünki yaşadığımız Azərbaycan həmişə hamıya kömək olub.

- Oyuna hansı proqnoz verərdiniz? 

- Proqnoz verməyi xoşlamıram. Kim güclüdürsə, o da qalib gəlsin. 

- Artıq 2-ci ildir bu derbini kənardan izləmək sizə necə təsir edir? 

- Məndə yenə həyəcan olur. Çünki mənə yaxşı tanış olan, uğurlar qazandığımız komandalar görüşür. Uzun müddət işləmişik, az-çox uğurlarımız olub. Biz yenə işləyib, işimizi davam etdirməliyik.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs