Əlaqə Arxiv
news Image
2017.04.29
09:00
| A A A
Ərzaq məhsulları ucuzlaşacaq
Rəşad Həsənov: “Növbəti dövrlərdə mövsümün başlanması ilə əlaqədar ərzaq, kənd təsərrüfatı məhsullarının qiyməti bir qədər də aşağı salınacaq” Yaşar Əsədov: “Yerli ərzaq məhsullarI üzrə qiymət endirimlərinin baş verməsi bazar qanunlarından, burada baş verən proseslərdən asılıdır”

Yerli istehsalçılar ərzaq məhsullarının qiymətində müəyyən ucuzlaşmalara gedirlər. Məsələn, “Azərsun Holdinq” daha 42 çeşiddə yağ məhsulunun qiymətini aşağı salıb. Qarşıdakı dövr ərzində də yerli istehsal olan qida məhsullarının qiymətində ucuzlaşma gözləmək olarmı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov növbəti aylarda yerli ərzaq məhsullarının qiymətlərində ucuzlaşmanın olacağına əminlik ifadə etdi: “Yerli məhsul istehsalı ilk növbədə onu deyim ki, xammal baxımından idxaldan asılıdır. Bu amil “Azərsun Holdinq”ə də aiddir. Bu məhsullarda  Azərbayan manatının məzənnəsinə uyğun olaraq maya dəyərinin formalaşması prosesi baş verdi. Fevral ayının əvvəllərindən etibarən ötən 3 aylıq müddətdə manatın məzənnəsinin dollara nisbətən müəyyən qədər sabitləşməsi son nəticədə yerli məhsulların maya dəyərinə də öz təsirini göstərib. Beləliklə də şirkətlərə imkan yaranır ki, istehsal etdikləri məhsulların qiymətini nisbətən ucuzlaşdırsınlar. 
İkinci bir tərəfdən, məhsulun satış prosesini sürətləndirmək məqsədilə şirkətlər qiymətləri nisbətən aşağı salmağa məcbur olurlar. Yerli məhsullar üzrə qiymətlərin enməsinə təsir edən daha bir məqam bazardakı rəqabət mühitidir. 

Hazırda Azərbaycan əhalisinin əvvəlki istehlak gücünü itirməsi daha ucuz, eyni zamanda keyfiyyətli məhsullara tələbatı artırıb. Amma əvəzində baha qiymətli və yüksək keyfiyyətli məhsullara tələbatı kəskin şəkildə azaldıb. Belə olan halda da şirkətlər daha aşağı qiymətli marketinq siyasəti həyata keçirmək məcburiyyətindədir. Bunun özü də qiymət proseduruna təsir göstərən faktorlardan biri kimi fərqləndirilməlidir. Amma ümumiyyətlə götürdükdə, növbəti dövrlərdə mövsümün başlanması ilə əlaqədar ərzaq, kənd təsərrüfatı məhsullarının qiyməti bir qədər də aşağı salınacaq. Eyni zamanda, yeyinti sənayesində təsərrüfat subyektlərindən alınan xammalın maya dəyərinin aşağı düşməsi yerli istehsalçıların istehsal etdiyi məhsulun maya dəyərində də öz əksini tapacaq və bu proses son nəticədə bazara da sirayət edəcək. Lakin orta və uzun müddətli dövr üçün götürdükdə, Azərbaycanda qida məhsullarının qiyməti hələlikdə daha çox manatın məzənnəsindən asılıdır. Belədə düşünürəm ki, bazarda qiymətlər manatın məzənnəsindəki dinamikaya uyğun olaraq formalaşacaq”. 
İqtisadçı-ekspert Yaşar Əsədov qeyd etdi ki, məhsulların qiymətlərində ucuzlaşmanın növbəti dövrdə də təkrarlanması bazarda cərəyan edən proseslərlə bağlıdır: “Növbəti mərhələdə yerli istehsal olunan ərzaq məhsullaırnda qiymət endirimlərinin baş verməsi bütün hallarda bazar qanunlarından, burada baş verən proseslərdən asılıdır. Məhsulun maya dəyəri, bazarda ona tələbatın olub-olmaması kimi amillər var ki, qiymətlərə təsir göstərir. Maya dəyəri aşağı düşsə, tələbat azalsa, proses sonda yerli ərzaq  məhsulları üzrə qiymətlərin növbəti mərhələlərdə də enməsinə rəvac verə bilər. Habelə rəqabət mühiti daha da artırılmalıdır ki, ona adekvat olaraq qiymətlər də aşağı ensin».      

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz