Əlaqə Arxiv
news Image
2017.04.29
09:15
| A A A
Aqrar sahə hələ də sığorta sarıdan axsayır
Vahid Məhərrəmov: “Risq amilinin aradan qaldırılması fonunda sektorun sığortalanması istiqamətində də əhəmiyyətli dönüş baş verəcək”

Aqrar sahədə dinamik inkişaf qeydə alınsa da, aqrar sığortanın geniş tətbiqi hələ də ciddi problem olaraq qalır. Bu sahə hələ də tam işlək vəziyyətə gətirilməyib. Fermerlərin sığorta barədə məlumatlılıq dərəcəsi çox aşağı səviyyədədir. Sığorta şirkətləri belə bu sektora maraq göstərmirlər. Çünki bu sahə həddən artıq risqli olduğundan mövcud şərtlərlə aqrar sahənin sığortalanmasına getmək şirkətlər üçün əlverişli hesab olunmur. 

Qeyd edək ki,  “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun 2003-cü ildə imzalanıb. 2013-cü ildə isə ona dəyişiklik və əlavələr edilib. Qanunun əsas məqsədi kənd təsərrüfatı istehsalçılarının əmlakının təbii fəlakətdən sığortasında dövlətin iştirakını təmin etmək, sığorta hadisələrindən dəyən zərərin ödənilməsinə verilən zəmanətin iqtisadi əsaslarını gücləndirməkdir. 
Bu sahədə genetik modifikasiya olunmamış kənd təsərrüfatı məhsulları, aqrar sahə heyvanları, arı ailələri, kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular və digərləri ilə bağlı əmlak mənafeləri sığorta obyekti hesab olunur. 
Qanunda qeyd olunur ki, həmin obyektlər yanğın, dolu, sel, daşqın, tufan, şaxta və ildırım vurması, zəlzələ, torpaq sürüşməsi və bir sıra digər hallardan sığortalanırlar.

Bu məsələnin həlli istiqamətində hansı addımlar atılmalıdır? 
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, aqrar sahədə risq amili özünü daha kəskin şəkildə göstərir. Bu səbəbdən də aqrar sığortanın geniş tətbiqinə nail olmaq üçün ekspertə görə ilk növbədə məhz risq təhlükəsinin minimuma endirilməsi istiqamətində addımlar atılmalıdır: “Nə qədər ki, ölkədə aqrar sahə istənilən  dərəcədə inkişafa çatmayıb, bu sektorun sığortalanması məsələsi də problemli olaraq qalacaq. Çünki kənd təsərrüfatının inkişafı və sahənin sığortalanması bir-birindən asılıdır.  Bir sahədə ciddi problem varsa, onun sığortalanması böyük risqlər tələb edir. Ümumiyyətlə, kənd təsərrüfatı risqli sahədir. Azərbayanda əkinçilik mədəniyyəti də aşağı səviyyədə olaraq qalmaqdadır. Ətraf mühitlə bağlı olan bir sıra problemlər də öz həllini tapmayıb. Məsələn, dolu düşür, sahələri məhv edir, amma onun qarşısı alınmır. Quraqlıq olsa da, suvarma suyuna olan tələbat ödənilmir. Fermerlərin özlərinin də sığorta sahəsində kifayət qədər bilgisi yoxdur. Bu da həmin istiqamətdə maarifləndirmə işlərinin aparılmamasından qaynaqlanır. Yəni aqrar sahədə hələ də problemlər var. Belə olan halda həmin sahənin sığortalanması sığorta şirkətləri üçün sərfedici deyil. Ona görə də ilk növbədə yuxarıda sadaladığım məsələlər öz həllini tapmalıdır. 
Təbii hadisə və risqlərin azaldılması istiqamətində və maarifləndirmə sahəsində ciddi addımlar atılmalıdır. Suya olan tələbat ödənilməlidir. Bu addımlar atılmadan kənd təsərrüfatında istənilən  inkişaf da olmaz. Yalnız bu addımlar fonunda aqrar sahədə inkişafa doğru ciddi dönüş yaranacağı təqdirdə sığorta şirkətləri də sektorun sığortalanmasına maraq göstərəcəklər. Hətta nəinki təkcə daxildəki, xaricdəki sığorta şirkətləri belə prosesə maraq göstərəcəklər. Əsas məsələ kənd təsərrüfatı sahəsində risq amilinin güclü olmasıdır. Yalnız bu risq amilinin aradan qaldırılması fonunda sektorun sığortalanması istiqamətində də əhəmiyyətli dönüş baş verəcək”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz