Əlaqə Arxiv
news Image
2017.04.29
09:30
| A A A
Korrupsiyanın kökü kəsilir
Cəmiyyətin bəlası sayılan rüşvətxorluq aradan qalxır

“Bu gün Azərbaycan genişmiqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizim, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkandır” – bu sözləri Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən “Korrupsiyaya qarşı idarəetmə sistemləri standartı” üzrə konfransda deyib. 
O deyib ki, dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətlərindəndir: “Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur”.
2016-cı il ölkəmiz üçün geniş miqyaslı iqtisadi islahatlar ili olub. Gömrük və vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatını stimullaşdıran islahatlar həyata keçirilib. Gömrük rəsmiləşdirilməsinin daha şəffaf və çevik həyata keçirilməsi məqsədilə “Yaşıl dəhliz” sisteminin fəaliyyəti təmin edilib, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin sayı azaldılıb və proseduralar sadələşdirilib. Vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaflığın və qarşılıqlı etimadın daha da artırılması, vergi nəzarətinin keyfiyyətinin təkmilləşdirilməsi və sahibkarlara əlverişli şəraitin yaradılması istiqamətlərində bir sıra tədbirlər görülüb.
Korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirlərin həyata keçirilməsi islahatların əsas məqsədidir. Rüşvətxorluğun aradan qaldırılmasında böyük irəliləyişə səbəb olmuş “ASAN Xidmət” mərkəzlərinin sayının artırılması sürətlə davam etdirilir. Bu cür daimi mərkəzlərin hələ olmadığı yerlərdə səyyar məntəqələr təşkil olunur və əhali vaxtaşırı olaraq bu məntəqələrin xidmətindən istifadə edirlər.  Bu vaxtadək 13 milyondan çox şəxs “ASAN xidmət” mərkəzlərinə müraciət edib. Xidmətə görə  vətəndaş məmnunluğu əmsalı 98 faizə yaxın olub. Eyni zamanda “ASAN xidmət” standartlarının bütün dövlət xidmətlərində tətbiqi məqsədilə “ASAN xidmət” indeksi yaradılıb. Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumət Platforması yaradılıb və fəaliyyəti üçün zəruri dəstək təmin edilib. Bütün bunlar vətəndaşlarımızda dərin razılıq hissi doğurmaqla yanaşı beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. 
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində olan müsbət dinamika “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan sonuncu “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycan 7 pillə irəliləyərək mövqeyini xeyli yaxşılaşdırıb. Həmin təşkilatın digər ənənəvi “2016-cı il Qlobal Korrupsiya Barometri” hesabatında da ölkəmizdə korrupsiyanın səviyyəsinin azalmasını göstərib. Bu “barometr” vətəndaşların mövqeyinin göstəricisidir. Hesabata görə Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Bu göstəricisi Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) ilə müqayisədə daha yaxşıdır. 
Azərbaycanın daxili siyasətində dövlət qurumların işindəki şəffaflıq, rüşvətxorluq sahəsində vətəndaşların müraciətlərinə göstərilən həssaslıq yaxın gələcəkdə bu social bəla olan korrupsiyanın minimuma endiriləcəyi ümidini yaradıb. Çünki: “Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur”. 

N.NOVRUZ

Sizin Reklam Yeriniz