Əlaqə Arxiv
news Image
2017.04.29
07:00
| A A A
Sahibkarların hüquqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilir

Sahibkarların hüquqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilir 

Azərbaycanda biznes mühitinin liberallaşdırılması, sahibkarlıq fəaliyyətinə süni maneələrin aradan qaldırılması istiqamətində atılan mühüm addımlar çərçivəsində maarifləndirmə, habelə məlumatlandırma tədbirlərinə geniş diqqət ayrılır. Məqsəd maarifləndirmə yolu sahibkarların hüquq və mənafelərinin qorunmasına daha etibarlı təminat mexanizmləri formalaşdırmaq, habelə dövlət qurumlarının onların fəaliyyəttinə əsassız müdaxiləsinin qarşısının almaqdır. 
Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli sərəncamı ilə mərkəzi və yerli icra hakimiyyətlərində Apellyasiya şuralarının yaradılması bu istiqamətdə çox mühüm addımlardan biri olub. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Administrasiyanın dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevin "AZƏRTAC"-a müsahibəsində bildirdiyi kimi, Apellyasiya Şuraları ölkə başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb: "Şuraya çox vacib funksiyaların yerinə yetirilməsi, iş adamlarının fəaliyyətinə mane olan, onların işini əngəlləyən amillərin aradan qaldırılması, şikayətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, əsaslı müraciətlərin təmin edilməsi, korrupsiya, sui-istifadə, digər neqativ hallar müəyyən edildikdə tədbir görülməsi üçün prokurorluq orqanlarına müraciət edilməsi həvalə olunub".
Dövlət nəzarəti şöbəsinin müdiri hesab edir ki, həmin funksiyaların icrası ölkədə sistemli şəkildə həyata keçirilən iqtisadi islahatların, aparılan antikorrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, sahibkarlıq sahəsində ciddi qayda yaradılmasına, sivil biznes mühitinin formalaşmasına, qanun pozuntularının, mənfi təzahürlərin aradan qaldırılmasına, sahibkarlığın və iqtisadiyyatın davamlı inkişafına töhfəsini verəcək: "Şura sahibkarlıq sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərlə dövlət qurumları, daha dəqiq desək, sahibkarlarla mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında yaranmış mübahisələrin səlahiyyətləri çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırılmasını, qanuni və ədalətli qərarların qəbul olunmasını təmin edən kollegial orqandır.
Apellyasiya Şurasının yaradılması özəl sektorda çalışan iş adamlarının hüquqlarının müdafiəsinə, geniş mənada ölkədə sahibkarlığın inkişafına əlavə təminatdır. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin icra strukturlarına etdikləri şikayətlərə baxılmadıqda və ya qəbul edilmiş qərarlar mübahisə doğurduqda onlar birbaşa mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına, onların qərarından narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət vermək imkanı əldə ediblər".
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri həmçinin vurğulayıb ki, sahibkarlar Şuraya müraciət etdiyi gündən mübahisənin həlli prosesində iştirak imkanı qazanırlar. O hesab edir ki, bu mexanizm, öz növbəsində, şikayətlərə və qaldırılan məsələlərə aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında baxılmasına, sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına, korrupsiya və sui-istifadə hallarına qarşı daha səmərəli mübarizə aparılmasına, fəaliyyət prosesində yaranan problemlərin operativ və obyektiv həllinə, sahibkarların normal işləməsinə, onların dövlətə inamının artmasına imkan yaradacaq: "Apellyasiya şuralarına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Göründüyü kimi, bütün hallarda bu üç şərt gözlənilməlidir. Bundan əlavə, sahibkarlar şikayətin verilməsinin prosedur qaydalarına, şikayətin forma və məzmununa, digər tələblərə əməl etməlidirlər. Əks təqdirdə, qanunvericiliyə müvafiq olaraq, onların şikayətlərini həll etmək imkan xaricində olacaq".
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının hesabatı isə Apellyasiya şuralarının 2016-cı ildə sahibkarların hüquqlarının qorunması istiqamətində görülmüş işlərin səmərəliliyini bir daha təsdiqləyir. Hesabatda bildirilir ki, fəaliyyət göstərdiyi bir il ərzində Prezident yanında Apellyasiya Şurasına hüquqi və fiziki şəxslərdən 907 müraciət daxil olub: "Onlardan 572 şikayət şuraların səlahiyyətinə aid olmadığından, sosial məsələlərlə, digər mübahisələrin həlli ilə bağlı olduğundan şikayətlərə baxılması qaydası müraciət müəlliflərinə izah edilməklə araşdırılıb tədbir görülməsi üçün aidiyyəti orqanlara göndərilib. Apellyasiya şuralarına bu qurumların səlahiyyətinə aid 335 müraciət daxil olub. Onlardan 41 şikayət şuraların fəaliyyəti və təşkilati məsələlərin həlli ilə əlaqədar təkliflər barədə olub. 263 şikayət isə prosedur qaydalara əməl edilmədən birbaşa yuxarı apellyasiya instansiyasına verildiyindən qanunvericiliyin tələbinə uyğun olaraq baxılması üçün icra hakimiyyətlərinə, onların Apellyasiya şuralarına göndərilib". 
Hesabatda həmçinin vurğulanır ki, Şuraların səlahiyyətlərinə aid olan müraciətlər əsasən torpaq sahələri, tikinti işlərinin aparılması ilə bağlı mübahisələr, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, özəlləşdirmə, xidmətlərin göstərilməsi və digər məsələlərlə əlaqədar olub: "Müsbət haldır ki, icra hakimiyyətlərinə, onların Apellyasiya şuralarına göndərilmiş 263 şikayətdən 232-si yerlərdə obyektiv həllini tapdığından sahibkarlar tərəfindən təkrar şikayətlər verilməyib. Şuraların qərarları ilə razılaşmayan 31 sahibkar isə Prezident yanında Apellyasiya Şurasına təkrar müraciət edib. Onlardan 26 şikayətə Prezident yanında Apellyasiya Şurasında baxılıb. Nəticədə 20 qərar ləğv edilib, 6 qərar qüvvəsində saxlanılıb, 5 şikayət isə baxışa hazırlıq mərhələsindədir. Ləğv edilmiş 20 qərardan 7-si qanunun tələbinə uyğunlaşdırılıb, 13 şikayət tam, hərtərəfli, obyektiv araşdırılması, qanuni qərar qəbul edilməsi üçün yazılı göstərişlə Apellyasiya şuralarına qaytarılıb".
Dövlət başçısının sahibkarların problemlərinin həllinə qayğı ilə yanaşılması, şikayətlərinə dərhal reaksiya verilməsi, obyektiv araşdırma aparılması barədə tələblərinin yerinə yetirilməsi şikayətlərin dinamikasına müsbət təsir göstərib. Qeyd edilən amillərin rəhbər tutulması bu təsisatın sahibkarlıq sahəsində yaranan maneələrin qarşısının alınmasında çevik, təsirli mexanizmə çevrilməsinə, iş adamlarının hüquqlarının müdafiəsinə, müsbət göstəricilərin əldə olunmasına, qanun pozuntularının sayının kəskin azalmasına gətirib çıxarıb: "Bunun nəticəsidir ki, fəaliyyət göstərdiyi ilk altı ay ərzində Prezident yanında Apellyasiya Şurasına 679 şikayət daxil olduğu halda, sonrakı altı ayda onların sayında ciddi azalma müşahidə edilib, üç dəfə az - 228 şikayət qeydə alınıb. Bu hallar, görülən digər tədbirlər daha çox profilaktik əhəmiyyət kəsb edib, aidiyyəti qurumlara daxil olan şikayətlərin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Nəticədə il ərzində mərkəzi icra hakimiyyətlərinin Apellyasiya şuralarının 50 faizinə, yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının isə 58 faizinə ümumiyyətlə şikayət verilməyib.
Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına 519 şikayət daxil olub. Şuraların səlahiyyətinə aid olmayan 342 şikayətə baxılmasından imtina edilib, 144 şikayət araşdırılması üçün icraata götürülüb. Eyni zamanda, 33 şikayət əsaslı olduğundan şuraların iclasına çıxarılanadək təmin edilib. İcraata götürülmüş şikayətlərin 55,5 faizi təmin edilib, 36,8 faizi təmin edilməyib, 3,5 faizi üzrə yeni qərarlar qəbul olunub, 4,2 faizi hazırda baxılma mərhələsindədir".
Şikayətlərin bir qismi sahibkarların əsassız tələblər irəli sürməsi, qanunsuz imtiyazlar, əlavə mənfəət əldə etməsi səbəbindən yaranıb. Bununla belə, şikayətlərin digər qismi onların icra orqanlarında tam, hərtərəfli araşdırılmaması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, əsassız qərarların qəbul olunması nəticəsində yaranıb: "Qanunvericiliyin tələblərini pozmuş, şikayətlərin həllində nöqsanlara yol vermiş, səthi araşdırma aparmış 16 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir".

Samir Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi  İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub

 

Sizin Reklam Yeriniz