Əlaqə Arxiv
news Image
2017.05.11
09:35
| A A A
Neft dünyanı yeni yiqtisadi böhrana sürükləyir
Vüqar Bayramov: “Neft əvvəlki kimi stabil qiymətlərə malik deyil” Yaşar Əsədov: “Neft həmişə möhtəkirlik obyekti olub və olacaq”

Dünya bazarlarında neftin qiyməti endi. Belə ki, London birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barrelə görə 48,98 dollar olub. Nyu-York birjasında WTI neftinin bir bareli 46,17 olub. Bəzi iqtisadçıların proqnozuna əsasən bu fonda dünyada qlobal iqtisadi böhran davam edəcək. Lakin dövlətlər qeyri-neft sektoru hesabına böhranın təsirlərini minimuma endirə bilərlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, neftin qiymətinin azalması gözlənilən idi: “Xüsusən ABŞ və Kanadanın şist neft istehsalını artırması bazarda neft təklifinin artmasına gətirib çıxarıb. OPEC və qeyri-OPEC ölkələrinin hasilatın dondurulması ilə bağlı qərarı bazarda stabillik yaratsa da, həmin boşluq şist neft tərəfindən dolduruldu. Şist neftin maya dəyərinin aşağı düşməsi də bazara təsir göstərir. Əvvəllər şist neftin maya dəyəri 65, indi isə 35 dollardır. Şist neftin xərcinin azalması neftin qiymətinin artmasına mənfi təsir gösərən faktordur. 

Nəzərə alaq ki, OPEC 60 dollardan artıq qiymət proqnozlaşdırmır. İndiki məqamda Brent markalı neftin qiyməti 50 dollardan aşağı düşüb. Güman ki, OPEC hasilatın azaldılması ilə bağlı qərarı uzadacaq. Amma Səudiyyə Ərəbistanının mövqeyi çox önəmlidir. O baxımdan qərarın uzadılmaması ehtimalı da var. Çünki Səudiyyə Ərəbistanı bazardakı yerinin İran və İraq tərəfindən tutulmasından narahatdır. Yəni hasilatın azadılması ilə bağlı qərarın uzadılacağını birmənalı proqnozlaşdırmaq mümkün deyil. Əgər anlaşma uzanarsa, bu, bazarda müəyyən qədər stabilliyin formalaşmasına gətirib çıxaracaq. Lakin heç bir halda kəskin qiymət artmı proqnozlaşdırılmır. Söhbət indiki məqamda 50 dollar ətrafında stabilləşmədən gedir. OPEC üçün də əsas hədəf budur. Amma OPEC və qeyri-OPEC ölkələrinin hasilatın dondurulması ilə bağlı anlaşması olmazsa, yaxın zamanlarda neftin dünya bazarındakı qiyməti 40 dollardan aşağı düşməsi mümkündür. O baxımdandan dünya yeni neft “şoku” yaşaya bilər. Neft ölkələri buna hazır olmalıdırlar. Qlobal neft bazarında yaşananlar da ondan xəbər verir ki, neft ölkələri iqtisadiyyatlarının qeyri-neft sektoru üzrə formalaşması və inkişafı ilə bağlı fəaliyyətlərini intensivləşdirməlidirlər. Çünki neft əvvəlki kimi stabil qiymətlərə malik deyil və proqnozlaşdırılmır”. 
Vüqar Bayramov əlavə etdi ki, Azərbaycanın da alternativi yoxdur: “Ancaq qeyri-neft sektoru ilə bunu kompensasiya etməlidir. Bunun üçün islahatları sürətləndirməlidir. Qeyri-neft sektorunun inkişafı strateji yanaşmadır. Qısa müddətə nail olmaq çətindir. Lakin streateji yanaşma olduğu üçün mərhələli şəkildə qeyri-neft sektorunun payının artmasına gətirib çıxara bilər”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədov isə fərqli düşünür: “Böhran hələ aradan qalxmayıb. Amma neftin qiymətinin ucuzlaşması böhrana nə cürsə təsir etməyəcək. Çünki bütün dövlətlər, dünya iqtisadiyyatı mövcud şəraitə uyğunlaşıb. 
Böhranın davam etməsinə baxmayaraq, əksər ölkələrdə sabit inkişaf tendensiyası formalaşıb. Neft isə həmişə möhtəkirlik obyekti olub və olacaq. Söhbət ondan gedir ki, ötən ilin əvvəlində olan 35 dollarlıq qiymətlərə qayıtmayacaq. Neftin qiyməti 45-55 dollar arasında dəyişə bilər. OPEC ölkələri qeyri-OPEC ölkələri ilə neftin qiymətinin nizamlanması istiqamətində danışıqlar aparır. Halbuki, əvvəllər bunu təsəvvür etmək mümkün deyildi”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz