Əlaqə Arxiv
news Image
2017.05.13
09:00
| A A A
İxrac artacaq, qiymətlər ucuzlaşacaq
Vüqar Bayramov: “Xərcin azaldılması qiymət enmələrinə səbəb ola bilər, amma bunu birmənalı şəkildə proqnozlaşdırmaq çətindir” Natiq Cəfərli: “Tütün və alkoqollu işkilərə lisenziyaların ləğvi pozitiv addım sayıla bilər”

Mayın 12-dən başlayaraq  alkoqollu içkilərin, tütün məmulatlarının idxalı, tranziti və ixracı zamanı lisenziya, o cümlədən Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsulları üçün keyfiyyət sertifikatı tələb edilməyəcək. Bu, Nazirlər Kabinetinin "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda etdiyi dəyişiklikdə əksini tapıb. Bu həmin məhsulların qiymətini ucuzlaşdıra bilərmi? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, alkoqollu içki, tütün məmulatları və yeyinti məhsullarının ixrac, idxalı zamanı  lisenziya və keyfiyyət sertifikatının ləğvi yaxın günlər üçün həmin mallar üzrə qiymət enmələrinə gətirib çıxarmayacaq. Bununla yanaşı, həmsöhbətimiz bildirdi ki, xərclərin azalma tempindən asılı olaraq bir müddətdən sonra sözügedən məhsullarda ucuzlaşma tendensiyası müşahidə edilə bilər: “Lisenziyaların ləğv edilməsi 2015-ci ildə Azərbaycanda lisenziyalarşırma sistemilə bağlı olaraq həyata keçirilən islahatların davamı olaraq başlanan bir prosesdir. Həmin islahatlarda, eləcə də Prezident tərəfindən imzalanan sənədlərdə sözügedən istiqamət üzrə lisenziyaların ləğv edilməsi nəzərdə tutulurdu. Artıq bu istiqamətdə addımlar atıldı. Burada məqsəd proseduraları sadələşdirmək, sözügedən məhsulların idxal və ixracını həyata keçirmək, eyni zamanda satışını təşkil etməyə nail olmaqdan ibarətdir. Bu baxımdan da görürük ki, proseduralar asanlaşır.     Təbii ki, bu fonda biznes qurumlarının xərci də azalır. Çünki lisenziyaların alınması əlavə xərc tələb edir. Hələ nəzərə alaq ki, bu zaman prosesin gedişində qeyri-rəsmi xərclərə də rast gəlinirdi. 
Eyni zamanda, lisenziyanın alınması prosesi müəyyən zaman tələb edirdi. Çünki lisenziyanın alınması üçün müxtəlif proseduralardan keçmək lazımdır. Bu da sahibkarlar üçün əlavə proseduraların olması, vaxt itkisinin yaranması demək idi. Ona görə də bu proseduraların ləğvi nəticə etibarı ilə sahibkarlara həm prosedur, həm də müəyyən xərclərdən azad olmağa imkan yaradacaq. Amma xərclərin azalmasına baxmayaraq, baş verən dəyişikliyin qısa zamanda sözügedən məhsullar üzrə qiymət azalmalarına gətirəcəyini proqnozlaşdırmaq çətindir. Yalnız növbəti mərhələdə iş adamlarının xərclərinin hansı səviyyədə azaldılmasına uyğun olaraq qiymətlərin necə dəyişəcəyini proqnozlaşdırmaq mümkündür. Lakin bütün hallarda lisenziyaların ləğvi sözügedən məhsullar üzrə xərci azaldacaq. Xərcin azaldılması da qiymətlərin enməsinə gətirib çıxara bilər. Amma təbii ki, bunu birmənalı şəkildə proqnozlaşdırmaq çətin məsələdir. Xərcdə azalmalar isə birmənalıdır. O baxımdan, xərclərin azalmasının qiymətlərə necə təsir göstərəcəyilə bağlı monitorinqin aparılmasına ehtiyac olacaq. Bütün hallarda yaxın günlər üçün alkoqollu içki və tütün məmulatları üzrə lisenziyaların ləğvinin qiymətlərə təsir edəcəyini proqnozlaşdırmırıq”.
İqtisadçı-ekspert Natiq Cəfərli atılan addım fonunda belə haqqında söhbət açılan məhsullar üzrə kəskin qiymət enmələrinin baş verəcəyini zənn etmir: “Əslində, alkoqollu içkilərin, tütün məmulatlarının idxalı, tranziti və ixracı zamanı lisenziya, habelə Avropa İttifaqına ixrac edilən yeyinti məhsulları üçün keyfiyyət sertifikatının  tələb edilməyəcəyilə bağlı verilən qərar müasir dövrün tələblərinə cavab verən bir qərardır. Təbliğ olunan məsələlərdən biri məhz kənd təsərrüfatı və yeyinti məhsulları üzrə ixracın təşviq olunması məsələsidir. Ona görə də sənədləşmə iş adamları üçün nə qədər asan olsa, bir o qədər də həmin sahələrin inkişafında nailiyyətlər əldə etmək olar. Amma gömrükdə uyğunluq və gigiyenik sertifikatlarının ləğvi məsələsi iş adamlarını bu istiqamətdə diqqətlə olmağa da vadar edəcək. Çünki Avropa ölkələrində standartlar çox yüksəkdir və bu istiqamətdə qaydalar sərtdir. 
Uyğunluq və gigiyenik sertifikatlar beynəlxalq standartlara cavab verməlidir ki, məhsulu Avropa dövlətlərinə ixrac etmək mümkün olsun. Beynəlxalq qiymətlənidrmə və standartlaşma agentliklərilə iş adamları müqavilə bağlayaraq, öz məhsullarını onların standartlarına uyğunlaşdırmalıdır. Bu da ixracatın artmasına xidmət edəcək mühüm bir qərardır. Tütün və alkoqollu işkilərə lisenziyaların ləğvi də pozitiv addım sayıla bilər. Bunun nəticəsində həmin istiqamətdə rəqabət mühiti artacaq. Lakin bütün bunlarla yanaşı, atılan addımın sözügedən məhsullar üzrə qiymətlərin aşağı düşməsinə kəskin təsir edəcəyini düşünmürəm. Çünki aksiz vergisi və digər vergi rüsumları ləğv edilmir. Ucuzlaşmaya əsas təsir edə biləcək amil gələcəkdə həmin istiqamətdə oyunçuların sayının və gətirilən məhsulların çeşidinin artması ola bilərdi. Bu əsasda bazarda rəqabət güclənər və deməli, mövcud vəziyyət qiymətlərin enməsinə də müsbət təsir edə bilər. Yəni, real ucuzlaşmanı ancaq bu halda görə bilərik”. 
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz