Əlaqə Arxiv
news Image
2017.05.13
09:40
| A A A
Şəffaflığa xidmət edən islahatlar sahibkarlığa təkan verir

Azərbaycan açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə öz töhfəsini verməklə yanaşı, “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biridir. Dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən və Birləşmiş Millətlər Təşkilatının 2015-ci il “Dövlət Xidmətləri Mükafatına” layiq görülmüş innovativ “ASAN xidmət” modeli bu yanaşmanın uğurlu nümunəsidir. Açıq hökumət prinsiplərindən biri olan ictimai iştirakçılığın genişlənməsi üçün qanunvericilik bazasını təmin edən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və icrası dövlət orqanları yanında ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin müzakirəsində və dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının daha sıx iştirakını təmin edib.

Azərbaycan 2015-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 148 ölkə arasında 40-cı yeri, Dünya Bankının “Doing Business” 2016-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 189 ölkə arasında 7-ci yeri tutub. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilir və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilməkdədir. Bu tədbirlər eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlayıb və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb.
"Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın qəbul edilməsi və nəzərdə tutulan tədbirlərin əhatəsi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üçün mövcud güclü siyasi iradənin növbəti göstəricisidir. Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti üzvlərinin fəal iştirakı ilə hazırlanıb və çoxsaylı ictimai dinləmələrdə müzakirə edilib. Proqramla aidiyyatı qurumlar qarşısında müəyyənləşdirilmiş vəzifələrdən biri də sahibkarlar üçün daha liberal, şəffaf mühitin formalaşdırılmasıdır. 
Xatırladaq ki, son illər qəbul olunmuş bir sıra dövlət proqramlarında, imzalanmış fərman və sərəncamlarda sahibkarların məlumatlandırılması işinin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi ön plana çəkilib. Ölkə başçısının 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 1-ci maddəsinə əsasən, şəffaflığın artırılması və açıq hökumətin təşviqi baxımından informasiya əldə edilməsinin asanlaşdırılması nəzərdə tutulub. Fəaliyyət Planının 2-ci maddəsində dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi zərurəti önə çəkilib. Bu məqsədlə dövlət orqanlarının öz fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi; dövlət orqanlarının öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması; dövlət orqanlarının öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi və digər mühüm tədbirlər nəzərdə tutulub. 
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən idarəçiliyin bütün sahələrində şəffaflığın və aşkarlığın artırılması, maliyyə intizamının gücləndirilməsi zərurətini önə çəkib. Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 13 yanvar 2004-cü il tarixli «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanun qəbul edib. Bundan başqa, qanun əsasında «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)» layihəsi hazırlanaraq 3 sentyabr 2004-cü il tarixdə təsdiq edilib. Proqrama əsasən, 2005-ci ildən Ədliyyə, Gömrük, Vergilər, İqtisadi İnkişaf, Daxili İşlər, Xarici İşlər nazirlikləri, prokurorluq və digər dövlət orqanlarına işə qəbul yalnız test üsulu və müsabiqə yolu ilə həyata keçirilir.
Prezident İlham Əliyevin 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılıb. Ümumilikdə, ölkə rəhbərinin 28 iyul 2007-ci il tarixli «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə», 2009-cu il 22 iyun tarixli «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarsı mübarizənin gucləndirilməsi haqqında», 13 aprel 2010-cu il tarixli «Sahibkarlıq sahəsində yoxlamaların nizama salinması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» fərmanları ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin ardıcıl xarakter daşıdığını bir daha təsdiqləyib.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə fərmanına əsasən, Ədliyyə Nazirliyində «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri» formalaşdırılaraq 2011-ci il may ayının 1-dən fəaliyyətə başlayıb. Reyestrin aparılmasını, istifadəsini və orada saxlanılan məlumatların mühafizəsini təmin edən qeydiyyat informasiya sisteminin vahid portalı www.yoxlama.gov.az internet ünvanında yerləşdirilərək yoxlayıcı orqanların və sahibkarlıq fəaliyyəti subyektlərinin istifadəsinə verilib.
Azərbaycanın dinamik iqtisadi inkişafı, vətəndaşların sosial rifah halının ildən-ilə güclənməsi, hüquqi-siyasi şüur səviyyəsinin yetkinləşməsi hökumətə bu sahədə həm də inzibati tədbirləri gücləndirməyə, korrupsiyaya rəvac verən halları müəyyənləşdirərək qarşısını almağa imkan yaradır. 2011-ci il yanvarın 27-də Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın geniş iclasından sonra bu sahədə tədbirlər daha da intensivləşib. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması məqsədilə ölkə Prezidenti 2011-2012-ci illərdə bir sıra fərmanlar, sərəncamlar imzalayıb. Bunların bir qismi Daxili İşlər Nazirliyinin Yol-Patrul Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, bir sıra xidmətlərin «vahid pəncərə» sistemi əsasında tətbiqinin həyata keçirilməsini nəzərdə tuturdu. Tətbiq olunan cərimələrin müəyyən faizinin mükafat formasında yol polisi və gömrük orqanları əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunması da stimullaşdırıcı addım kimi mühüm əhəmiyyətə malikdir.
Görülmüş tədbirlər sırasında 16 fevral 2011-ci il tarixli «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Qanunu ilə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar normativ hüquqi aktların ekspertizasının aparılması qaydasının müəyyənləşdirilməsini, dövlət orqanları tərəfindən tətbiq edilən rüsum və tariflər barədə dəqiq məlumatlar almaq məqsədilə «www.rusum.az» saytının yaradılmasını, dövlət qurumlarının nümayəndələrinin və vətəndaşların münasibətlərinin etik davranış çərçivəsində tənzimlənməsinə dəstək vermək məqsədilə «www.etika.az» saytlarının yaradılmasını qeyd etmək olar.
Həmin sərəncamla imzalanmış «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» 28 maddədən ibarətdir. Planda korrupsiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə də geniş yer ayrılmışdır. Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının, etik davranış qaydalarının, ərizə və şikayətlərə baxılması işinin, cinayət təqibi sahəsində qanunvericiliyin, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin, təkmilləşdirilməsi tədbirlərini bu baxımdan xüsusi qeyd etmək olar.
Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb. Agentlik «ASAN xidmət» mərkəzlərini yaratmaqla onların vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanı kimi fəaliyyət göstərir.
«ASAN xidmət», ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış «müştəri məmnunluğu» ideyasının reallaşdırılmasıdır. Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş «bir qapı» prinsipi üzrə təqdim edilir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir.

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.

 

Sizin Reklam Yeriniz