Əlaqə Arxiv
news Image
2017.05.18
09:30
| A A A
Emal müəssisələrinə böyük tələb yaranır
Natiq Cəfərli: “Bu məsələdə ən yaxşı yol sahə üzrə böyük təcrübəsi olan xarici şirkətlərlə birgə fəaliyyətdir” Qubad İbadoğlu: “Həmin ixtisaslaşmış müəssisələri özəl sektor yaratmalıdır”

Məlumdur ki, son illər ölkədə pambıq, barama istehsalına xüsusi diqqət var. Bu baxımdan sözügedən məhsullar üzrə sürətli artım qeydə alınıb. Amma problem odur ki, bunlardan hazır məhsul istehsal edəcək müssisələrin sayı yetərli deyil. İqtisadçıların fikrincə, özəl sektoru bu istiqamətdə prosesə cəlb etmək olar. 

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, bu məsələdə ən yaxşı yol sahə üzrə böyük təcrübəsi olan xarici şirkətlərlə birgə fəaliyyətdir: “Dövlət bütün yükü öz üzərinə götürməməlidir. Dövlətin vəsaiti hesabına hazır məhsul istehsal edəcək müssisələrin inşa edilməsi doğru yanaşma deyil. Bu, dayanıqlı inkişafı təmin etmək üçün yetərli olmayacaq. 
Azərbaycan bu sahədə təcrübəsi və marağı olan xarici şirkətlərlə birgə müəssisələr yaratmalıdır. Yaxud da xarici kapitalın Azərbaycana daxil olub birbaşa tikintidə iştirak etməsinə dövlət əlavə dəstək verməlidir. Məsələn, zavod tikən şirkətlərə torpaq sahəsi pulsuz verilə bilər. Ən azından 49 illik müqavilə xarici investor üçün cəlbedici görünür. Bundan başqa həmin şirkətlərə gömrük güzəştləri də tətbiq edilə bilər. Ümumiyyətlə, yüksək səviyyəli təşviq proqramları hazırlayıb xarici investorlara təqdim etmək olar ki, onlar da müasir texnologiyaları ilə kənd təsərrüfatının inkişaf etməkdə olan sahələrinə uyğunlaşdırılmış müəssisələr açsınlar. Bu həm yeni iş yerləri deməkdir, həm də yerli şirkətlərin xarici bazara məhsul çıxarmasını asanlaşdırar”.
İqtisadi Tədqiqatlar Mərkəzinin Qubad İbadoğlu bildirdi ki, hazırda bu cür müəssisələri var: “Ancaq onların istehsal gücü lazım olan səviyyədə deyil. Çünki Azərbaycanda pambıq istehslı bir müddət zəifləmişdi. Ona görə də Azərbaycanda 1990-cı illərin əvvəlində özəlləşdirilməsiş pambıqtəmizləmə zavodları demək olar sifarişlər qəbul etmirdi. İndi isə onların bazasında pambıqtəmizləmə işini təşkil emək olar. 
Nəzərə alaq ki, pambıqdan müxtəlif hazır məhsullar almaq mümkündür. Həmin ixtisaslaşmış müəssisələri özəl sektor yaratmalıdır. Özəl bölmənin bu işi həyata keçirməsi üçün dövlət dəstəyinə ehtiyacı var. Dövlət hesabına onların işi təşviq edilməlidir. Həmçinin investorun kim olması fərq etmir. Yəni, investorlar xarici də ola bilər. Sağlam və əlverişli investisiya mühiti investorun xarici, yaxud yerli, fərdi, yoxsa şirkət olmasını müəyyənləşdirəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz