news Image
2017.05.20
10:00
| A A A
Təhsil haqları ucuzlaşdırılır
Əjdər Ağayev: “Bəzi ali məktəblərdə ödənişin yüksək olması planın dolmamasına gətirib çıxarıb” Məlahət Mürşüdlü: “Təhsil haqqının aşağı salınması fonunda plan tam dolmasa da, qəbul prosesi universitetləri qane edəcək səviyyədə olacaq”

Özəl ali məktəblərin demək olar ki, hamısı təhsil haqlarını aşağı salıb. Məsələ iləbağlı Fins.az saytının yaydığı məlumatda qeyd olunur ki, 2016-cı ildə keçirilən qəbul imtahanlarından sonra özəl ali məktəblərdə və dövlət müəssisələrinin ödənişli ixtisaslarında plan yerlərinin xeyli hissəsi boş qalmışdı. Ən az nəticə isə Odlar Yurdu Universitetində idi ki, burada cəmi 11% yerlər tutulmuşdu. Digərlərində isə ən yüksək nəticə 50%-ə yaxın idi. Sayt yazıb ki, universitetlər tələbə qəbulunu artırmaq naminə bu il qiymətləri xeyli ucuzlaşdırıblar. Belə ki, Avrasiya Universitetində təhsil haqları 300-400 manat aşağı salınıb. Qərb Universitetində də qiymətlər ötən illə müqayisədə 50% aşağı salınıb. Universitet saytında fakültələr üzrə yeni qiymətləri elan edib.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin fikrincə, özəl ali məktəblərin ödəniş haqlarını aşağı salmalarına abituriyentlərin çoxunun təhsil haqqını ödəməkdə çətinlik çəkməsi və belədə qəbul olsalar da təhsili dayandırmaları kimi məqamlar təsir göstərib: “Özəl ali məktəblərin təhsil haqlarını aşağı salmasında birinci səbəb ödəniş haqlarının insanların qazancına münasibətdə yüksək olması lə bağlıdır.  Valideyn və yaxud işləyən abituriyentlər həmin ödənişin ödənilməsində çətinlik çəkirdilər. Bu vəziyyət demək olar ki, bütün ali məktəblər üçün xarakterikdir. 
Müəyyən qism insanlar əlbəttə ki, təhsil haqqını ödəməkdə çətinlik çəkmir. Çünki bazar iqtisadiyyatı şəraitində müxtəlif qruplar olur. Amma validenylərin böyük əksəriyyəti imkansız olduğundan yüksək olan təhsil haqqını ödəməkdə əziyyət çəkir. Bu fonda da özəl ali məktəblərdə təhsil haqqının yüksək olması müəyyən narazılıqlar yaradırdı. Onlar ali məktəblərə qəbulda ödəniş haqlarının azaldılmasını istəyirdilər. Fikrimcə, özəl universitetlər tərəfindən ödəniş haqlarının azaldılmasına məhz əhalinin müəyyən kütləsinin təhsil haqlarını ödəməkdə çətinlik çəkməsi amilinin xüsusi təsiri olubdur. 
Digər tərəfdən, bəzi ali məktəblərdə ödənişin yüksək olması planın da dolmamasına gətirib çıxarıb. Nəticədə bir sıra ali məktəblər vəziyyətini təhlil edərək ora üz tutanların sayının azalmaması üçün ödəniş haqlarının aşağı salınması qərarına gələ bilər. Düşünürlər ki, ödəniş haqlarının aşağı salınması ilə daha çox abituriyent onlarla maraqlanacaq. Hər halda ödəniş haqlarının aşağı salınmasını yaxşı hal hesab edirəm. Çünki bu addım biliyi olan, ancaq imkanları aşağı səviyyəli gənclərimizin ali məktəblərə qəbulu prosesində fəal rol oynayacaq. Ali məktəb abituriyent üçün müəyyən güzəştli şərait yaradırsa, gənclər də həvəslə bu təhsil ocaqlarına üz tutacaq və daha yaxşı oxuyacaqlar”. 
Həmsöhbətimiz ali məktəblərə qəbul planının qoyulmasının ümumiyyətlə, tərəfdarı olmadığını bildirdi: “Burada ümumi yanaşmadan daha çox, differensial yanaşma məqbuldur. Bəzi ali məktəblər var ki, ödəniş haqqı yüksək olsa da, abituriyentlər yenə də ora can atmaqda davam edir. Çünki həmin ali məktəblərin reytinqi yüksəkdir və orada oxuyan tələbələrin beynəlxalq aləmə çıxmaq imkanı daha yüksəkdir. Məsələn, tələbə Boloniya sistemilə təhsil alır, ikinci kursdan xaricə gedir. Sırf pedoqoji məqamlar da var ki, təhsil haqqı yüksək olsa da, bəzi ali məktəblərə abituriyentlər yenə də can atmaqdadırlar. Bu cür imkanların zəif olduğu ali məktrəblərin təhsil haqqını aşağı salması isə ora axın yarada bilər. Əslində, qəbul planının olmasının tərəfdarı deyiləm. Plan qoyulmalı deyil. Hansı ali məktəb nə qədər istəyir tələbə qəbul etsin. Bacaran vaxtında oxuyaraq ali təhsil alacaq. Bacarmayan da diplom almaq üçün illərlə əziyyət çəkə bilər. Keçənilki imtahanlarda qəbul edilən şəxslərin belə sonradan universitetə getməkdən imtina etdiklərinin şahidi olduq. Çünki maddi amil onlara təhsili davam etdirməyə imkan vermədi. İndi isə özəl ali məktəblər təhsil haqlarını aşağı salmaqla abituriyentin maddi çətinlik məsələsini ümumən arxa plana keçirəcək”.
Azad Müəllimlər İctimai Birliyinin sədri Məlahət Mürşüdlü də düşünür ki, bəzi valideynlərin maddi vəziyyətinin yaxşı olmaması özəl ali məktəbləri ödəniş haqlarını aşağı salmağa vadar edib: “Keçən il üçün bəzi özəl ali məktəblərdə tələbə qəbulu üzrə plan tamamilə dolmadı. 40 faiz tələbə qəbul olunsa da, təhsilini davam etdirməmişdi. 
Məlumatlar var ki, birinci kursa qəbul olunub, sonra oranı tərk edənlər var. Hətta 3-cü kursdan belə universiteti buraxanlar olub. Bu da təbii ki, ilk növbədə maddi çətinliklərlə bağlı idi.  Bir çox valideynlər ağır iqtisadi durumla əlaqədar yüksək təhsil haqqını ödəyə bilmir. Təhsil haqqının aşağı salınması fonunda plan tam dolmasa da, qəbul prosesi universitetləri qane edəcək səviyyədə olacaq. Çünki bu dəfə təhsil haqqını ödəyə bilməyib universiteti yarımçıq dayandıranların sayı xeyli dərəcədə azalacaq”. 

Rüfət NADİROĞLU  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs