news Image
2017.05.23
09:00
| A A A
Qızıla yönəldilən pullar artır
Vüqar Bayramov: “Son bir ildə qızılın qiymətinin stabil qalması ona marağın artmasına gətirib çıxarıb” Cəfər İbrahimli: “Qızıl risksiz maliyyə aləti hesab olunur”

Son dövrlər vətəndaşların yığım vasitəsi kimi qızıla meyl etmələri müşahidə olunur. Bu fonda 10, 20, 50 qramlıq külçə qızıllların satışında kəskin artım var. Ekspertlər bu meyli müxtəlif səbəblərlə əsaslandırırlar. 

İqtisadçıların fikrincə, həm qızılın qiymətinin son zamanlar artması və sabitləşmə, eyni zamanda valyuta məzənnələrinin qeyri-sabitliyi insanları bu addımı atmağa vadar edir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin Vüqar Bayramov hesab edir ki, bu, valyuta bazarında baş verən dəyişiklər, eləcə də məzənnnənin proqnozlaşdırılmasındakı çətinliklərlə bağlıdır: “Eyni zamanda, vətəndaşlar yığımlarını diversifikasiya etməyə çalışırlar. Yalnız valyutalarda deyil, o cümlədən qızılda vəsait saxlamağa üstünlük verirlər. 
Nəzərə alaq ki, son altı ayda qızılın qiymətində dörd faiz artım qeydə alınıb. Hazırda dünya bazarında qızılın qramının qiyməti qırx dollardır. Eyni zamanda qızılın qiymətində stabillik müşahidə edilməkdədir. Altı aylıq yekunlarda artım olsa da, bir illik yekunlarda qiymətlər dəyişməyib. Təxminən 0.2 faiz artım qeydə alınıb. Son bir ildə qızılın qiymətinin stabil qalması ona marağın artmasına gətirib çıxarıb. Eyni zamanda valyutaların məzənnələrində sabitlik yoxdur.  Əgər fevral ayına qədər dolların məzənnəsi yüksəlirdisə, son dörd ayda manatın məzənnəsinin yüksəlməsini və stabilləşməsini müşahidə edirik. O baxımdan insanlarda yığımların hansı valyutada saxlanılması ilə bağlı müəyyən tərəddüdlər var. Bu da valyuta olmayan yığımlara marağı artırıb. Artıq valyuta olmayan yığımlar da vətəndaşlar üçün maraqlıdır. Xüsusən vəziyyət külçə formasında qızılla yığımların həcminin artmasına gətirib çıxarıb”. 
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, qızıl risksiz maliyyə aləti hesab olunur: “Həmişə də diqqət mərkəzində olan maliyyə alətidir. Ümumiyyətlə, çox zaman, xüsusən də risk dönəmində qızıl bahalaşır. İndi də dünyada böhranın başa çatdığını demək olmaz. 
“Brexit”, avro ilə bağlı məsələlər, ABŞ-dakı hakimiyyət dəyişikliyindən sonrakı risklər dünya iqtisadiyyatı üzərində təhlükənin qaldığını göstərir. Bu cür vəziyyətlərdə isə yığımlar daha çox dəyərli metallara yönəlir. Bundan başqa, son 20 ildə qızılın istehsal qiyməti yüksəlib. Hətta qızılın istehsal qiyməti 1100 dollar civarındadır. Belə olan durumda investorlar yığımlarının bir hissəsini qızılda saxlamağa üstünlük verirlər. Hətta bir nəçə araşdırma mərkəzi investorlara investisiyalarının 30 faizini qızılda saxlamalarını təklif edib. Bundan başqa, valyutaların məzənnələri dəyişkən olduğu üçün mərkəzi banklar qızıl ehtiyatlarını artırırlar. Yəni, qızılda müsbət tendensiya müşahidə edilməkdədir”. 
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs