news Image
2017.05.26
08:00
| A A A
Türkiyədə ev alan azərbaycanlıların sayı artır
Natiq Cəfərli: “ Azərbaycanlıların Türkiyədə ev almağa artan həvəsi bir neçə səbəblə bağlıdır ” Nüsrət İbrahimli: “İnsanlarımız ölkə daxilində artıq öz problemlərini həll edib qurtarıb, indi də yatırımı xaricə çıxarırlar”

Azərbaycan vətəndaşları bu ilin aprel ayında Türkiyədə 65 ev satın alıblar ki, bu da əvvəlki ayla müqayisədə 30% çoxdur. Ümumiyyətlə, Azərbaycan vətəndaşları bu ilin yanvar-aprel ayları ərzində Türkiyədə 224 ev alıblar. Bu da illik müqayisədə 4,2% artım deməkdir.  Türkiyədə evlərə azərbaycanlıların artan marağı nə ilə bağlıdır?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Türkiyədə ev almağa Azərbaycan vətəndaşları arasında marağın artması öz vəsaitlərini qorumaq və gələcəkdə sataraq qazanc əldə etmək istəyindən qaynaqlanır: “Azərbaycanlıların Türkiyədə ev almağa artan həvəsi bir neçə səbəblə bağlıdır. Azərbaycanda son həftələri çıxmaq şərtilə manat dollar münasibətlərində qeyri-sabitlik hökm sürürdü. Amma son bir neçə həftədir ki, milli valyutanın dollara nisbətən məzənnəsi 1,70 manat civarında sabitləşib. Əhali öz vəsaitlərini qorumaq üçün daşınmaz əmlaka, əsasən də xaricdə olan daşınmaz əmlaka yatırım etməkdə maraqlı idi. Türkiyədə isə son 10 ildə daşınmaz əmlak qiymətləri stabil olaraq 8-10 faiz civarında bahalaşır. Nəticədə tikinti sahəsi Türkiyədə gəlirli yatırım sahələrindən birinə çevrilib. 
10 il öncə qardaş ölkədə məsələn, 100 min lirəyə olan ev, indi 120 min lirəyə başa gəlir. Azərbaycanın imkanlı əhalisi də bu fonda qonşu ölkələrdən, xüsusən də Türkiyədən daınmaz əmlak alıb öz vəsaitlərini qorumaq və gələcəkdə ondan yatırım kimi istifadə edərək qazanc əldə etməyi düşünürlər. Azərbaycanda iqtisadi aktivliyin zəifləməsi də bu prosesin baş verməsində mühüm rol oynayıb. Azərbaycan iş adamları, əllərində sərbəst vəsaitləri  olan vətəndaşlarımız yatırım məqsədilə yaxın ölkələrə, Gürcüstan və Türkiyəyə üstünlük verməyə başlayıblar.  Manat sabitləşərsə və hazırkı stabil vəziyyət uzun müddət davam edərsə,  yerli valyuta və ölkə iqtisadiyyatına güvən artacaqsa,  bu zaman daxildə də daşınmaz əmlaka yatırım etməyə maraq artacaq. Hələlik isə görünən odur ki, xaricdəki daşınmaz əmlaka yatırım etmək, əllərdəki vəsaiti qorumaq istəyi daha yüksəkdir”. 
«MBA Konsaltinq» şirkətinin rəhbəri Nüsrət İbrahimli qeyd etdi ki, Azərbaycan vətəndaşlarının Türkiyədə daha  çox həcmdə ev alması müxtəlif səbəblərlə bağlıdır: “Bəzi Azərbaycan vətəndaşları var ki, övladları Türkiyədə təhsil alır. Onların ev şəraitini qurmaq üçün də məhz Türkiyədə ev alırlar. Digər insanlarımız da var ki, işlə bağlı olaraq mütəmadi şəkildə Türkiyədə olmaq məcburiyyətindədirlər. Belədə hər dəfə otel və yaxud kirayəyə pul xərcləməmək üçün mənzilə sahib olmağa üstünlük verirlər. Bəziləri də investisiya yatırımı olaraq Türkiyədə ev alır və vəsaitini bura yatırır. Digərləri də övladlarının məhz Türkiyədə yaşaması, işləməsi üçün əvvəlcədən onların mənzil şəraitini təmin edirlər. 
Əslində, dünyanın bir çox ölkələrində belə hallar mövcuddur. İnsanlar bununla həm risqləri bölüşdürür, həm də bir çox hallarda övladlarının gələcəyi baxımından bu addıma gedirlər. İnsanlar ölkə daxilində artıq öz problemlərini həll edib başa çatdırıb, indi də yatırımı  xaricə çıxarırlar”.
Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs