news Image
2017.05.27
09:00
| A A A
SOCAR təcrübəsi qiymətli kağızlar bazarını canlandıra bilər
Ruslan Atakişiyev: “SOCAR istiqrazlarının uğurlu, ona marağın geniş olması nəticə etibarı ilə digər şirkətlər üçün də analoji addımın atılmasını gündəmə gətirir” Cəfər İbrahimli: “Pul bazarına paralel olaraq, kapital bazarında da alternativ maliyyə alətlərinin inkişaf edəcəyi gözlənilir”

SOCAR istiqrazları qısa bir zamanda özünü doğrulda bilib. Bazarda istiqrazlara tələbat böyük olduğundan, onların qiymətləri yüksək səviyyəyə çatıb. Ümumilikdə təkrar bazarda SOCAR istiqrazlarının indiyədək ən yüksək satış qiyməti 1024 dollar olub. 

Bundan başqa, təkrar bazarda dövriyyəsinin başlandığı 2016-cı ilin oktyabrından indiyədək SOCAR istiqrazları ilə əməliyyatların həcmi 72 milyon dolları keçib. Göstəricilərin bundan sonra da artacağı istisna edilmir. Səhm bazarımızda ilk dəfə müşahidə edilən bu cür tendensiya bir sıra məsələləri aktuallaşdırır. İlk növbədə bu, başqa maliyyə ehtiyaclarını qarşılamaq üçün digər şirkətlərə mesajdır. Çünki bu günə qədər az sayda şirkət analoji təcrübədən yararlanıb. İkincisi isə SOCAR təcrübəsi qiymətli kağızlar bazarını canlandıra bilər. 
Mütəxəssislərin fikrincə, hazırda digər müəssisələrin qiymətli kağız alətindən istifadə etməmələrinin müəyyən əsası var. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, qiymətli kağız müəssisənin investisiya mənbəyi kimi çıxış edə bilər: “Bütün müəssisələrdə investisiya mənbələrini formalaşdıran zaman qiymətləri kağızlar bazarından da kapitalın cəlb olunmasını bir strategiya kimi götürülür. SOCAR istiqrazlarının uğurlu, ona marağın geniş olması nəticə etibarı ilə digər şirkətlər üçün də analoji addımın atılmasını gündəmə gətirir. Ancaq bunun uğurlu olub-olmayacağını şərtləndirən səbəblər var. Qiymətli kağızı alan zaman müştəri şirkətin maliyyə şəffaflığı, maliyyə hesabatlığı, dayanıqlığı kimi məsələlərə diqqət yetirir. Əslində, istiqrazların buraxılması risk tələb edir. SOCAR istiqrazları buraxan zaman baş verə biləcək riskləri özünün maliyyə təminatı ilə sığortlayıb. Həmçinin SOCAR-ın maliyyə göstəriciləri yaxşı olduğuna görə, onun dünya bazarında da satışları var. Ona görə də SOCAR istiqrazları maliyyə dayanıqlığını sübut edə bildi. 
Digər şitkətlərdə də risklərin qarşısının alınması strategiyası olmalıdır. Alıcıda inam formalaşmalıdır ki, qiymətli kağızlarda problem yarandıqda onun arxasında şirkətin hansısa aktivləri dayanır. Yəni risklərin idarə olunması, təminat, zəmanət məsələləri öz əksini tapmalıdır ki, hansısa şirkətin qiymətli kağızına inam yaransın. Dünyada indekslər var. Bir çox şirkətlər həmin indeksləri almaqla öz maliyyə dayanıqlığının səviyyəsini göstərirlər”. 
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli hesab edir ki, kapital bazarı iştirakçıları üçün sözügedən məsələ bu günün mövzusu deyil: “İllərdir, kapital bazarı iştirakçıları bunu deyir. Amma Azərbaycanda yerli müəssisə və təşkilatlar bu işə isti yanaşmırlar. Kapital bazarına çıxmaq üçün şirkətlərin maliyyə hesabatlığı, şəffaflığı, kooperativ idarəetmə standartları yüksək səviyyədə olmalıdır. Azərbaycanda şirkətlər bu şərtləri təmin etməkdə çətinlik çəkir. 
İllərdir, ya dövlət hesabına borclanmaya üstünlük verirdilər, yaxud da banklardan krdit götürmək daha rahat olduğu üçün bu metodlardan istifadə edirdirlər. Ancaq kapital bazarına çıxmaq üçün tələblərə cavab verməlidirlər. Yerli şirkətlərin əksəriyyəti bu standartlara cavab vermədiyinə görə, kapital bazarına gəlib istiqaraz, səhm buraxmaqda çətinlik çəkir. Düzdür, zaman-zaman banklar, bank olmayan kredit təşkilatlarının çox az da olsa, müəyyən formada emissiyalarını müşahidə etdik. Amma bu yetərli deyil, bazarın ümumi imkanlarından çox azdır. SOCAR-ın imkanları böyük olduğu üçün bir neçə ildir avrobond da buraxaraq kənardan daha ucuz borclana bilirdi. Azərbaycan daxilində manat və dolların gəlirliyi təxminən 12-13 faiz idi. Acnaq SOCAR 5-6 faiz ilə Avropadan borclana bildiyi üçün daxili bazara istiqraz çıxartmırdı. Xarici bazarlara çıxardıb, oradan ucuz vəsait cəlb edirdi. Lakin son iki ildə SOCAR üçün yerli bazara da istiqaraz çıxarmaq cəlbedici oldu. Həmçinin SOCAR-ın xarici təcrübəsi yerli bazarda bu istəyini reallaşdırmağa imkan verdi. Yəni digər şirkətlər də bu cür tələblərə cavab verməlidirlər. 
Şirkətlər tək xətt kimi banklardan maliyyələşmə məcburiyyətində qalırdılar. İndi isə banklar bu növ maliyyələşməyə əvvəlki kimi rahat yanaşmırlar. Götürülən krditlərin geri qaytarılması ilə bağlı daha ağır şərtlər tətbiq ediblər. Ancaq pul bazarına paralel olaraq, kapital bazarında da alternativ maliyyə alətlərinin inkişaf edəcəyi gözlənilir”. 
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs