news Image
2017.05.31
11:57
| A A A
Elektron çıxarışların tətbiqinə başlanılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ layihəsi olan elektron çıxarışların tətbiqinə başlanılıb.

Bu barədə  Komitədən məlumat verilib.

Artıq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı yaradılıb. Vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Əmlak sahibi müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilir. Müasir yanaşmaların tətbiq edildiyi bu sistem vasitəsilə vətəndaş daha operativ şəkildə çıxarışına sahib olur.

Yeniliyə əsasən qeydiyyat haqında daşınmaz əmlakın dövlət reyestrindən elektron imza ilə təsdiqlənən çıxarış Elektron Hökumət Portalında yerləşdirilir və portal vasitəsilə hüquq sahibi tərəfindən elektron üsulla əldə edilir. Həmçinin, daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında, o cümlədən notariat kontorlarında tam istifadə edə bilir. Bununla da vətəndaşda, aidiyyəti dövlət qurumları, notariuslar və banklar da bu portal vasitəsi ilə həmin çıxarışla bağlı əməliyyatı daha optimal qaydada aparmaq imkanı yaranır. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantı bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə olunur. Bu da çap edilən sənədlərin etibarlılığını təsdiq edir.

Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir. Çıxarış və arxivlərin elektronlaşdırılmasının icrası bu prosesin daha da optimallaşdırılması, maksimum sadələşdirilməsi, şəffaflığın və əhalinin əmlaklarını daha rahat və əlçatan şəraitdə qeydiyyatdan keçirməyə imkan yaradır.

Qanuna edilmiş dəyişikliyin də əsas məqsədi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır.

Ən maraqlı və mühüm yenilik odur ki, artıq çıxarışlar, eləcə də digər arayışlar hətta xarici ölkələrdə olduqda da almaq mümkün olacaq. Bu rahatlıqla yanaşı, vətəndaşın vaxtını daha səmərəli planlaşdırmağa imkan verir.

Həmçinin, çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır.

“Elektron çıxarış sistemi“ inkişaf etmiş və modern üsullar tətbiq olunan ölkələrdə də geniş istifadə edilir. Məsələn, Hollandiya, Almaniya, Latviya və s. dövlətlərdə çıxarışlar xüsusi blanklarda verilmir, yalnız elektron şəkildə təqdim olunur. Ölkəmizdə də bu sistemin hazırlanmasında və tətbiqində beynəlxalq təcrübə öyrənilib, qurulan ən optimal model əsasında isə sistem tətbiq edilir.

Daşınmaz əmlakın qeydiyyatı prosesi vətəndaşdan hüquq müəyyən edici sənədlərin və ərizənin qəbul edilməsi, qeydiyyatın icrası və sənədlərin emalı, nəhayət hazır sənədlərin vətəndaşlara verilməsi kimi üç mərhələdən ibarətdir. Çıxarışların elektronlaşması ilə artıq bu mərhələlərdən əvvəllər yaranmış hüquqlar, habelə təkrar bazarda hüquqların qeydiyyatında sənədlərin qəbulu, elanı və icrası prosesi tam olaraq elektron qaydada həyata keçirilir. Çıxarışın elektron verilməsi isə bu proseslərin sona qədər elektronlaşmasını təmin edir.

Vurğulanmalıdır ki, elektron çıxarış sisteminin tətbiqi, daşınmaz əmlakın qeydiyyatı sahəsində ölkəmizin Doing Business və digər bu kimi beynəlxalq hesabatlarda reytinq göstəricilərinin artmasına səbəb olur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs