Əlaqə Arxiv
news Image
2017.06.17
08:00
| A A A
Azərbaycan manatla xarici borc ala biləcək
Cəfər İbrahimli: “Belə bir böyük təşkilatın Azərbaycan daxilində istiqraz buraxması ilk növbədə bazara yeni maliyyə alətinin gəlməsi üçün vacibdir” Rəşad Həsənov: “Manatla borclanma ölkəmiz üçün maliyyə sabitliyi və gələcəkdə öhdəliklərin yerinə yetirilməsi baxımından müsbət haldır”

Azərbaycana milli valyutada xarici borc təklif olunur. Belə ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlı Azərbaycanda layihələrin manatla maliyyələşdirilməsində maraqlı olduqlarını bildirib. Onun sözlərinə görə, bu proses QDTİB tərəfindən manat istiqrazlarının buraxılışı yolu ilə mümkün ola bilər. 

İ. Delikanlı qeyd edib ki, bu cür iş 3 ölkədə həyata keçirilir: “Hazırda biz bu məsələ ilə bağlı Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə çalışırıq. İstiqrazların buraxılış həcmi onlara olan tələbatdan asılı olacaq”.
İqtisadçılar təklifi ölkəmiz üçün müsbət qiymətləndirirlər. 
İqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı üzv ölkələrdə xarici ticarəti dəstəkləməyə xüsusi diqqət yetirir: “QDTİB Azərbaycanda da bir bankda iştirak edir. Əgər manatla istiqraz buraxıb vəsait cəlb etməyi düşünürsə, bu, ölkəmiz üçün həm mümkün, həm də məqbul variantdır. Yəqin ki, həmin istiqrazların Azərbaycanın daxili bazarında buraxılması düşünülür. Çünki xarici bazarda buraxılacaqsa, xarici valyutada olmalıdır. QDTİB manatla istiqraz buraxıb, həmin vəsaiti cəlb edib, daha sonra Azərbaycan bazarında hansısa layihələrin maliyyələşdirilməsinə yönəldəcək”.
İqtisadçı əlavə etdi ki, belə bir böyük təşkilatın Azərbaycan daxilində istiqraz buraxması ilk növbədə bazara yeni maliyyə alətinin gəlməsi üçün vacibdir: “İkincisi, bunun daha böyük layihələrə yönəldilməsi baxımından əhəmiyyəti var. QDTİB bəlli miqdarda istiqraz buraxıb, iqtisadi subyektlərdən manat vəsaitini cəlb edib, onu daha böyük layihələrin maliyyələşməsinə yönəldəcəksə,  bu, Azərbaycan iqtisadiyyatına müsbət elemetlər gətirəcək”. 
İqtisdi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, manatla borclanma ölkəmiz üçün maliyyə sabitliyi və gələcəkdə öhdəliklərin yerinə yetirilməsi baxımından müsbət haldır: “Bu gün Azərbaycanda iqtisadi subyektlər daha çox manatla borclanmağa üstünlük verirlər. Qara Dəniz Ticarət və İnkişaf Bankı istiqraz emissiyasını Azərbaycanda edəcək. Bu isə o deməkdir ki, yığımların dövriyyə cəlb olunmasının birbaşa iştirakçısına çevriləcək. 
Bu gün bank sektoruna müəyyən qədər inamsızlıq yarandığı üçün vətəndaşlar vəsaitlərini banklarda saxlamaqda maraqlı deyillər. Belə bir qlobal qurumun daxili bazarımıza  inteqrasiya olunması dövriyyədən kənarda vətəndaşlarda cəmlənmiş yığımların investisiya prosesinə cəlb olunmasına müəyyən dəstək verəcək. Bu baxımdan Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycanda layihələrin manatla maliyyələşdirilməsi müsbət addımdır. Azərbaycanın hazırkı maliyyə vəziyyəti baxımından da borclanmağa ehtiyacı var. Borclanmanın manatla olması daha praqmatik investisiya layhəsinin və borclanmanın həyata keçirilməsinə imkanlar yaradır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz