Əlaqə Arxiv
news Image
2017.06.20
09:14
| A A A
Aqrar sahənin kadr problemi hələ də həllini tapmır
Vahid Məhərrəmov: “Kadrları yetişdirməklə yanaşı, onların elmi potensialını, təcrübi bilgilərini artırmalıyıq”

Aqrar sahədə ixtisaslı kadrlara tələb artır. Ölkədə kənd təsərrüfatının inkişaf etməsi fonunda istər-istəməz bu sahə üzrə mütəxəssislərin də olması vacib məsələdir. Lakin buna rəğmən, ölkədə ixtisaslı kadr çatışmamazlığı özünü getdikcə daha qabarıq şəkildə göstərməyə başlayır. Ölkədə kənd təsərrüfatı sektorunun demək olar ki, bütün sahələri üzrə ixtisaslı kadr çatışmamazlığı mövcuddur. 

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, kənd təsərrüfatı üzrə ixtisaslı kadr çatışmazlığı probleminin həlli məsələyə kompleks yanaşmanın olmasını tələb edir: “Kənd təsərrüfatı sahəsinin inkişafı üçün birinci növbədə təhsilin səviyyəsi yaxşılaşdırılmalıdır. Ölkədə peşəkar aqrar sahə mütəxəssisləri, aqronomlar, zootexniklər, baytar həkimlərin olmasını istəyiriksə, ilk növbədə çalışmalıyıq ki, orta məktəblərdə oxuyan şagirdlərin təhsili yüksək səviyyədə olsun. Sonrakı mərhələdə isə kənd təsərrüfatı mütəxəssisləri yetişdirən ali təhsil ocaqlarının maddi-texniki baza ilə təminatının yüksək səviyyədə olmasına çalışmaq gərəkdir. 
Heyvandarlıq, bitkiçilik sahəsi üzrə təcrübələr aparmaq üçün bağlar və fermalar da olmalıdır ki, tələbələr peşəkar elmi baza  əldə etsin. Həm də təcrübəyə yiyələnsinlər.  Xarici ölkələrdə kənd təsərrüfatı mütəxəssisləri hazırlayan institutlar nəzdində aqroparklar yaradılır. Burada da tələbələrə yüksək təhsil verilir. Həm də onlar yüksək səviyyədə təcrübə əldə edirlər. Belədə institut diplomu almış məzunlar artıq elmi və təcrübə baxımından həmin peşənin bilicisinə çevrilirlər. 
Digər tərəfdən, peşə sahibləri hazırlanmalıdır. Onlar da texniki peşə məktəblərində hazırlanır. Burada bağbanlar, maşınla sağım həyata keçirənlər və s. peşələr üzrə mütəxəssislər yetişdirilir. Bu yolla da kənd təsərrüfatına lazım olan bütün kadrlar yetişdirilir. Ən başlıcası isə kənd təsərrüfatı sahəsilə bağlı olan elm sahələrinin inkişafi vacibdir. 
Azərbaycanın torpaq, iqlim şəraitinə uyğun heyvan cinsləri, yeni bitki sortları yetişdirilməli, praktikada tətbiq olunmalı və mütəmadi olaraq inkişaf edən bir sahəyə çevrilməlidir. Bütün bunlar olmadan kənd təsərrüfatında hansısa sahəyə diqqət yetirmək, külli-miqdarda maliyyə resursları ayırmaq, investorları cəlb etmək, texnika almaq, texnoloji avadanlıqlar gətirmək heç bir əsaslı nəticə verməyəcək. Kadrları yetişdirməklə yanaşı, onların elmi potensialını, təcrübi bilgilərini artırmalıyıq. Məsələ bununla da bitmir. Kadrların özləri də üzərlərində davamlı olaraq işləməlidirlər, daha yeni bilgilər əldə etmək üzərində çalışmalıdırlar. Bu sahəyə məsul olan qurumlar yalnız təhsil verməklə kifayətlənməməlidir. 
Bu addımların atılması isə məsələyə kompleks yanaşma tələb edir.  Başlıcası odur ki, bu sahəyə məsul olanların özlərinin həmin sektorla bağlı bilgisi, təcrübəsi, marağı olmalıdır. Onlar vətənpərvər olmalı, torpağı sevməlidirlər ki, sahəyə ürək yandırsınlar. 
Kadr probleminin həlli üçün də dünya təcrübəsindən bəhrələnməliyik. Bu, o demək deyil ki, həmin təcrübəni gətirib burada olduğu kimi tətbiq etməliyik. Onu bilməliyik ki, kənd təsərrüfatı elmi yanaşma peşəkarların olmasını, bütövlükdə kompleks, sistemli yanaşmanı tələb edir.  Bunu da hazırlıqlı kadr olmadan həyata keçirmək mümkün olmayacaq”. 
 

Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz