news Image
2017.06.20
09:27
| A A A
Azərbaycanın dünya iqtisadiyyatındakı rolu artır
Ələt dəniz limanı Şərq və Qərb iqtisadi əlaqələrinin birləşdiyi beynəlxalq qovşaq olacaq

Avropa Ittifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Yohanes Han Azərbaycana səfəri çərçivəsində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın tikintisini vacib hadisə kimi dəyərləndirən qonaq limanın Mərkəzi Asiyaya çıxış qapısı olduğunu, Avropa İttifaqının (Aİ) qonşuluq siyasətində mühüm yer tutduğunu vurğulayıb: “Avrasiya məkanında mühüm nəqliyyat və logistika qovşağı rolunu oynayan Bakı Limanı məni heyran etdi. Bu liman Azərbaycanla, bütün region və Avrasiya arasında ticarətə yeni təkan verəcəkdir. Qeyd olunan layihə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində Azərbaycan hökumətinin qəbul etdiyi iqtisadi islahatlar haqqında yol xəritəsinin xoş səylərini numayiş etdirir”. 

Vaxtilə Azərbaycandan keçən Böyük İpək Yolunun yenidən canlandırılması ölkəmizin tranzit daşımalarda oynadığı rolu təsəvvürəgəlməz dərəcədə artırıb. Bakıdan Türkmənistana bərə vasitəsilə aparılan yükdaşımalar günün tələblərinə cavab vermir. Lakin bu regionlar arasında yükdaşımaların həcmi elə bir həddədir ki, bu iqtisadi imkana sahib olmaq böyük gəlirləri əldə etmək deməkdir. Gəlirdən başqa ölkədə istehsal olunan və ixrtac olunan məhsulların daşınmasında da güclü dəstək əldə ediləcək. Əvvələn, ixrac xərcləri ucuzlaşacaq, ikincisi daşımaların keyfiyyəti yüksələcək, üçüncüsü də imkanların genişlənməsi yerli sahibkarların işini stimullaşdıracaq. Çünki,  yeni Bakı Limanının tikintisinin birinci fazası bitdikdən sonra yükaşırma qabiliyyəti 15 milyon ton olacaq. Tikintinin ikinci və üçüncü fazaları yekünlaşandan sonra isə liman 25 milyon ton yük, o cümlədən 1 milyon TEU konteyner aşıra biləcək.

Limanın üstün cəhətlərindən biri də burada Azad Ticarət Zonası yaradılması haqda qərarın olmasıdır. Bu səbəbdən Ələt limanının tikintisinə Avropa investorları böyük maraq göstərirlər. Çünki, Azərbaycan hökumətinin kiçik Ələt stansiyasını böyük şəhərə çevirməklə burada iritutumlu dəniz limanı tikmək layihəsi innovativ layihədir. ATZ isə Ələt limanının dünyanın böyük bir regionunda loqistik mərkəzə çevrilməsini təmin edəcək. Çünki, ATZ-nın yaradılması bu limanı Orta Asiya, Çin, Türkiyə, İran, Hindistan, Pakistan, Rusiya kimi ölkələrlə Avropa şirkətlərinin mühüm əlaqələndirici məkanına çevirəcək.

Maraqlı burasıdır ki, Ələt limanı həm də Şimal-Cənub nəqliyyat qovşağının üzərində yerləşir. Təbii ki, liman fəaliyyətə başlayandan sonra bu uyğunluq yeni ideyalara təkan verəcək. 

Ələt limanının tam istifadəyə verilməsi Azərbaycan iqtisadiyyatı üçün vüsətli gələcək vəd edir. Çünki, Ələt qəsəbəsi beynəlxalq mərkəz rolunu oynayan böyük şəhərə çevriləcək. Burada açılacaq yüzlərlə yüksək texnologiyalı fabrik və zavodlar yüz minlərlə iş yerinin açılmasını təmin edəcək. Demək, bir neçə ildən sonra Azərbaycanın xəritəsində azı 500 minlik əhaliyə malik yeni, müasir şəhər qeyd olunacaq. 

Xəzərin beynəlxalq statusu da artacaq. Axı, onun qoynunda dünyada tanınan və müasirliyi və möhtəşəmliyi ilə seçilən yeni liman şəhəri yaranacaq. Azərbaycan “dəniz dövləti” imicini daha da möhkəmləndirəcək. Bir sözlə, Avropa İttifaqı yetkilisinin Ələt limanına heyranlığı əbəs deyil. Çünki, avropalılar qazancın və inkişafın düsturlarını yaxşı bilirlər.

 

N.NOVRUZ 

 

 

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs