news Image
2017.06.21
12:10
| A A A
Bakıda keçiriləcək tikinti sərgisindən endirimli ev almaq fürsəti
Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində özəlləşdirilməyə açıq elan edilən müəssisələrlə bağlı povilyonlar yaradılacaq

Bu gün  Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə dair təqdimat tədbiri və mətbuat konfransı keçirilib. Movqe.az-ın məlumatına görə, konfransda Komitənin rəsmiləri, sərginin təşkilatçıları, bir sıra tikinti şirkətləri, aparıcı media və ictimai təşkilatların nümayəndələri iştirak edib.   

Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov baş tutacaq sərgi barədə məlumat verərək, onun əhəmiyyətindən danışıb. Bildirib ki, sərgi 23-25 noyabr 2017-ci il tarixlərində Baku Expo Mərkəzində keçiriləcək. Komitə səlahiyyətlisi qeyd edib ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir. Onun sözlərinə görə, özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərini yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq.

“ElanExpo” şirkətinin baş direktoru Salim Şahin  isə öz çıxışında ötən ildən fərqli olaraq sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması, eyni zamanda onların tikinti və infrastruktur layihələrinin nümayiş edilməsinin gözlənildiyini söyləyib. Onun sözlərinə görə, Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri 23-25 noyabr tarixlərində keçiriləcək tədbirdə iştirak edəcəklər. Türkiyə, BƏƏ, Rusiya, İspaniya kimi dövlətlərin nüfuzlu tikinti şirkətləri sərgidə toplanacaqlar: “Ötən il baş tutan sərgidə Türkiyə, BƏƏ, Macarıstan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan, Ukrayna kimi ölkələrdən 30-a yaxın xarici şirkət iştirak edib. Ümumilikdə sərgidə 91 yerli və beynəlxalq şirkətin 152 daşınmaz əmlak layihəsi nümayiş olunub. Ötən ildən fərqli olaraq bu il baş tutacaq sərginin məkanı daha geniş ərazini əhatə edəcək. Ötən sərgidə 11 ölkədən şirkətlər qatılmışdısa, bu dəfə ölkələrin sayı 15-ə çatacaq. Bu dəfə İngiltərədən də sərgidə şirkətlər təmsil olunacaq”. 

Tədbirdə o da vurğulanıb ki, tikinti şirkətləri sərgiyə, potensial alıcılar üçün böyük endirim  və sərfəli təkliflərlə qatılacaqlar. 

Q. Xəlilov isə qeyd edib ki, Komitə tərəfindən də sərgidə öz fəaliyyətini əks etdirən povilyonlar yaradılacaq. Burada dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, bu sahədə müasir informasiya kommnukasiya texnologiyalarının imkanları ilə yaradılan sistemlər, elektron xidmətlər və digər yeniliklər nümayiş olunacaq. Builki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrlə bağlı povilyonlarının yaradılması kimi yeniliklər də nəzərdə tutulur. Sərginin daşınmaz əmlak bazarına yatırılan investisiyanın artırılması baxımından xüsusi əhəmiyyəti var. Bura həm şirkətlər həm də alıcılar üçün əlverişli platformadır. Sərginin ən cəlb edici cəhətlərindən biri də burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarının olmasıdır. Müxtəlif ölkələrdən iri şirkətlərin cəlb edilməsi əmlak alıcılarına təklifləri, fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandıracaq”. 
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Strateji özəlləşdirmənin təşkili və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Yalçın Camalov bildirib ki, özəlləşdirilməyə açıq elan edilən müəssisələrlə bağlı yaradılacaq povilyonlarda həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı  və sair digər bütün məlumatlar əks olunacaq. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək. Sərgidə iştirak edəcək xarici investorların ölkənin daşınmaz əmlak sektoruna yatıracağı kapital, bu sahənin canlanmasına, müəssisələrin rentabelliyi fəaliyyətinin bərpa olunmasına və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına səbəb olacaqdır. 
Movqe.az-ın sualını cavablandıran  Y. Camalov bu ilki sərgidə özəlləşdirməyə çıxarılan strateji müəssisələrin yer alacağını bildirib. Onun sözlərinə görə, bura özəlləşdirməyə çıxarılan metalurgiya, sənaye, neft, maşınqayırma profilli müəssisələr aiddir. 
Komitə səlahiyyətlisi bildirib ki, hal-hazırda Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının BƏƏ-dəki Səfirliyi və Dubaydakı Konsulluğu vasitəsi ilə iri investorların cəlb edilməsi üzrə Dubay Ticarət Palatası ilə danışıqlar aparır. Eyni məqsədlə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi ilə də müvafiq işlər həyata keçirilir.  Sərgi çərçivəsində maliyyə şirkətlərinin, xarici investorların, habelə bütün maraqlı tərəflərin iştirakı ilə “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda konfransın keçirilməsi də nəzərdə tutulub.  Sonda ötən il keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin güörüntülərini əks etdirən video-çarx nümayiş olunub. 

Zülfiyyə QULUYEVA