Əlaqə Arxiv
news Image
2017.06.22
09:30
| A A A
Neft bazarında böyük müəmma
Zəfər Vəliyev: “Neftin qiymətinin indilikdə ucuzlaşması bir neçə fundamental səbəblərdən qaynaqlanır”

Qətər ətrafında gərginlik artır, Suriyada vəziyyət pisləşir, burada ABŞ-Rusiya qarşıdurması istənilən an başlana bilər. OPEK və ondan kənarda qalan bir çox neft ölkəsi “qara qızıl” hasilatının sabit saxlanılması üzrə sazişi uzadıb. Belə vəziyyətdə neftin qiyməti yüksəlməli olduğu halda, əksinə, düşür. Hazırda bir barrel neftin qiyməti London birjasında 46 dollara qədər enib. Bu da cari ilin martından bəri ən aşağı göstəricidir. Buna səbəb nədir?

Neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, indiki vəziyyətdə neftin qiymətlərində enmələrin baş verməsi bir neçə fundamental amillərdən qaynaqlanır: “Bir sıra ekspertlərin bəzi məqamları irəli çəkərək neftin qiymətinin qalxmalı olduğu barədə verdikləri rəylər kökündən yanlışdır.  Əvvəlki müsahibələrimdə də bildirmişdim ki, artıq avqust ayına yaxın neftin qiymətində kəskin azalmalar olacaq. Ona görə də nə Suriyada cərəyan edən, nə Qətər ətrafında baş verən hadisələr  neftin qiymətinə təsir edə bilməz. 
Mart ayından başlayaraq neftin qiymətində müəyyən sıçrayışların olmasına gəldikdə, bu, fundamental amillərlə bağlı deyil. Bu artım sadəcə olaraq, spekulyativ addımlar, bazarı qızışdıran şirnikləndirici vədlər və bəyanatlarla bağlı olub. Əslinə qalsa, neftin qiyməti hazırda 40 dollardan da aşağı olmalıdır. Neftin qiymətinin indilikdə ucuzlaşması bir neçə fundamental səbəblərdən qaynaqlanır. İlin əvvəlindən OPEK bəyan edirdi ki, cari ildə neftə olan tələbat keçən illə müqayisədə daha yüksək olacaq. Onların rəyinə görə, keçən illə müqayisədə sutkalıq tələbat hardasa 1,3 milyon tondan yuxarı olacaq. Lakin belə bir tendensiyanın şahidi olmuruq. “Qara qızıl”a olan tələbat elə də yüksək həddə deyil. 
İkinci bir tərəfdən, OPEK-in hər iki sazişinin effektivliyi həddən artıq aşağıdır. ABŞ-da isə qazma aktivliyi durmadan artır.  2015-ci ilin mart-aprel ayından başlayaraq ABŞ-da yüksək sürətli qazma aktivliyi müşahidə olunur. Belə vəziyyət qarşıdakı aylarda da davam edəcək. Qazma aktivliyi fonunda ABŞ-da hasilat həcmi də çoxalır. Bu ölkədə hazırda sutkalıq hasilat 9 milyon 340 min barrelə yaxındır. Qarşıdakı iyul ayında isə əlavə olaraq hasilatın daha 140 min barrel artırılacağı gözlənilir. Nəticədə iyul ayında Amerikanın şist neft yataqlarında həm qazma aktivliyi, həm də hasilat həcminin artmasını görəcəyik.  Bunun qarşılığında neftin beynəlxalq bazarlarda qiymət baxımından artma imkanları olduqca məhduddur.  
OPEK üzvləri olan Liviya və Nigeriyada da neft hasilatı durmadan artır. Bu gün Liviyada sutkalıq neft hasilatı 885 min barreldən yuxarıdır. İlin sonuna doğru bu rəqəmin 1 milyon barrelə çatacağı da istisna deyil. Liviyada hazırda müşahidə edilən sutkalıq neft hasilatı həcmi ərəb baharından bu yana ən yüksək göstəricidir. Anoloji fikri Nigeriya haqqında da söyləmək mümkündür. Bütün bu məsələlər fonunda beynəlxalq bazarlarda neftin qiymət baxımından sıçrayışlar edə biləcəyinin heç bir əsası yoxdur. Bu fonda da həm investisiya qrupları, həm OPEK, beynəlxalq enerji agentliklərinin və digər maraqlı dairələrin verdikləri proqnozlar doğru yanaşmadan xəbər vermir. Onlar hesab edirdilər ki, Vyana sazişindən sonra dünya üzrə neft həcmlərində azalmalar baş verəcək. Amma bunun əksini müşahidə edirik. Tək üzən gəmilərdə neft həcmi 11 milyon barrelə çatıb.  Bu da dünyanın neftə olan bir günlük tələbatından artıq həcmdir. Tankerlərin də əsas sıxlığı Sinqapur, Malaziya sularında, Şimal dənizi və Afrikanın şərqində müşahidə edilir. Belə olan təqdirdə neftin qiymətində hər hansı bir sıçrayışlar gözləmək sadəlövhlükdür. May ayından başlayaraq Asiya-Sakit okean bazarının əsas oyunçularından olan Hindistan və Yaponiyada neftə olan tələbat azalıb. Hindistanda mayla müqayisədə iyun ayının əvvəlində sutkalıq neft idxalı 4 faizdən aşağı düşüb. Qarşıdakı aylarda da idxalın azalması tendensiyası davam edəcək. Çünki Hindistandakı enerji şirkətlərinin aktivlərində olan emal güclərinin çoxunda modernləşdirmə, texniki baxışlarla bağlı fasilələr və ixtisarlar ola bilər. Bu tendensiya özünü Yaponiyada da göstərir. İyun ayında bu ölkədə sutkalıq neft idxalı ötən aya nisbətən 14 faizə qədər aşağı düşüb. Çində də cari aydan sutkalıq neft idxalında azalmaların baş verdiyini görürük. Deməli, bazarlarda kifayət qədər sərbəst neft həcmləri olacaq. Əsas məsələ odur ki, başlıca ixracatçı dövlətlər, Səudiyyə Ərəbistanı, BƏƏ, İran, İraq və Rusiya beynəlxalq neft bazarlarında aqressiv marketinq siyasəti yürüdürlər. Onlar mövcud bazarları əllərində saxlamaq üçün daima satış qiymətlərində endirimlərə gedirlər. 
Məsələ ondadır ki, treyder və bazar oyunçuları Vyana sazişi və digər şirnikləndirici vədlərə artıq inanmırlar. Rezervlərdə kifayət qədər, normadan artıq neft həcmləri mövcuddur. Dünyanın hazırkı iqtisadi inkişafı da həmin neft həcmlərini həzm etmək qabiliyyətinə malik deyil. Bütün bunlara əsasən demək olar ki, yaxın 8 ayda neftin qiymətində sıçrayışlar olmayacaq”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz