Əlaqə Arxiv
news Image
2017.07.27
08:00
| A A A
Tikinti sektorunda durğunluğun əsas səbəbləri açıqlandı
Natiq Cəfərli: “Böyük həcmdə və uzunmüddətli kreditləşmə dayandırılıb” Ramil Osmanlı: “Əsas aktivlik rayonlardadır”

Yay mövsümü tikinti işləri üçün daha əlverişli mövsüm hesab olunur. Adətən, mövsümlə əlaqədar tikinti bazarında canlanma hiss olunur. Amma bu mövsüm belə olmadı.  Tikinti sektorunda aktivliyin xeyli dərəcə aşağı düşdüyü müşahidə olunur. Mütəxəssislərin fikrincə, aktivliyin zəifləyəcəyini əsaslandıran amillər çoxdur. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, rəsmi rəqəmlərdə tiknitidə 35 faizə yaxın azalma müşahidə olunur: “Səbəblər müxtəlifdir. Məsələn, dövlət investisiya layihələrinin azalmasını göstərə bilərik. 2015-ci illə müqayisədə tikinti sektoruna qoyulan investisiyalarda bir  milyard manatdan çox azalma müşahidə olunur 
İkinci səbəb kimi banklarla bağlı yaşanan problemləri göstərmək olar. Çünki böyük həcmdə və uzunmüddətli kreditləşmə dayandırılıb. Halbuki, əvvəllər tikinti şirkətləri kredit götürməklə işlərini davam etdirə bilirdilər. Üçüncü səbəb isə alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bu, həm ölkə daxilində iqtisadi aktivliyin azalması, həm də xarici amillərlə bağlıdır. Nəzərə alaq ki, Azərbaycan tikinti bazarında Rusiyadan gələn vəsait önəmli rol oynayırdı. Hətta tikinti bumu dövründə binların üçdə biri Rusiyadan gələn kapitalın hesabına tikilirdi. İndi isə Rusiyanın özündə iqtisadi aktivlik xeyli dərəcədə zəifləyib. Ona görə də oradan gələn vəsaitin tikintidə iştirak payı xeyli dərəcədə aşağı düşüb. Hətta əks prosesin getdiyi də vurğulanır. Rusiyada olan iş adamlarımızın bəziləri Azərbaycandakı mənzillərini satışa çıxarıb əldə etdikləri vəsaitlə Rusiyadakı bizneslərini qorumağa çalışırlar. Həmçinin təmir sektorunu da əlavə etmək olar. Təmirdə istifadə olunan materialların müəyyən bir hissəsi xaricdən gətirildiyindən devalvasiya ilə əlaqədar qiymətləri artıb.  Bu faktorlar təmir-tikinti sektorunda zəifləməyə səbəb olub”.
Ekspert əlavə etdi ki, tikinti uzun illərdir, Azərbaycanda qeyri-neft sektorunun lokomotivi idi: “Digər sahələri də öz ardınca inkişaf edirirdi. Ciddi iş yeri yaratma potensialına malik idi. Tikinti sektorunda zəifləmə həmin sahədə çalışan insanların gəlirlərinin azalmasına səbəb olub”. 
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bildirdi ki, əsas aktivlik rayonlardadır: “Paytaxtda isə əvvəlki kimi aktivlik müşahidə olunmur. Aktivliyin azalmasının səbəbləri təqribən məlumdur. Ümumi makroiqtisadi vəziyyət, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və s. kimi səbəblər son illər tikintidə aktivliyi xeyli dərəcədə azaldıb. Xüsusi ilə də paytaxtda bu, qabarıq şəkildə hiss olunur. Çünki bu gün respublika üzrə tikintinin əsas mərkəzi Bakı və Abşeron yarımadası hesab olunur. Ancaq regionlarda tikintidə müəyyən qədər canlanma var. Paytaxtda isə regionlardan fərqli olaraq geriləmə faizi həddən yüksəkdir”
Ramil Osmanlı əlavə etdi ki, tikintidə aktivliyin zəifləməsi qiymətlərə də təsir edib: “Bu, həm fərdi yaşayış evlərinin tikintisində, həm də torpaq sahələrinin qiymətində özünü göstərir. Son bir ildə fərdi yaşayış evlərinin tikintisində təqribən 15 faiz azalma müşahidə olunur”.

Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz