Əlaqə Arxiv
news Image
2017.07.27
09:30
| A A A
Sənayenin struktur inkişafının yeni mərhələsi başlanır
Qeyri-neft sektorunun dirçəldilməsində regionların payı artır

Prezidentin sərəncamı ilə Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsi yaradılacaq. Qeyri-neft sektorunun inkişafı ilə bağlı ölkə iqtisadiyyatında baş verən islahatlar və təkmilləşmələr davam etdirilir. Artıq bir neçə rayonda sənaye məhəllələrinin yaradılması prosesi uğurla davam etdiriılir. Bu istiqamət sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədini güdür.

Növbəti sənaye məhəlləsinin Hacıqabul rayonunda yaradılmasının qərara alınması qeyri-neft sektorunda fəaliyyətin planlı şəkildə həyata keçirilməsinin nəticəsi saqymaq olar. Belə ki, bu rayon infrastruktur və iş yerləri sarıdan zəif göstəricilərə malikdir. Məhz buna görə də yeni iş yerlərinin yaradılmasına ciddi ehtiyac duyulur. Lakin bunun üçün məqsədtönlü iş planına ehtiyac var idi. Sənaye məhəlləsi mahiyyət etibarı ilə ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi güddüyü üçün onun Hacıqabul rayonunun sosial-iqtisadi inkişafında böyük rolu olacaqdır. 
“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunmuş Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı burada xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması baş verəcək.
Ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi 2015-ci ildə yaradılıb. İndiyədək  
Neftçala Sənaye Məhəlləsində 4 iştirakçı qeydiyyatdan keçib. NSM-də təklif olunan layihələrin icrası məqsədilə 40 milyon manatdan yuxarı investisiyanın qoyulması və nəticədə 500-ə yaxın iş yerinin açılması nəzərdə tutulub. Layihələrdən biri avtomobil və ehtiyat hissələrinin istehsalı ilə bağlıdır. Bu layihə “Azevrocar” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İranın “Khodro” şirkəti arasında minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalının həyata keçirilməsinə dair 2016-cı il 21 aprel tarixli Anlaşma Memorandumu ilə həyata keçirilir. 
Layihənin icrası nəticəsində istehsal olunacaq “Runna”, “Samand”, “Soren”, “SAİPA X200 (TIBA)”, “Tondar SR (Renault)”, “Peugeot”, “Dena” minik avtomobilləri modellərinin ölkə daxilində satılması, həmçinin ixrac olunması nəzərdə tutulur. Zavodun tikintisi sürətlə gedir. Hazırda əsas korpusun inşası başa çatmaq üzrədir.
Eyni zamanda Masallı Sənaye Məhəlləsinin yaradılması sahəsində də xeyli işlər görülüb. MSM-yə də sahibkarların marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən təşkilatçılara ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.
Ölkəmizdə sənaye məhəllələrinin yaradılması, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli investisiya mühitinin yaradılması, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi qarşıda duran prioritet vəzifələrdəndir. Üstəlik, bu istiqamət ümumi inkişafda regionların rolunu artırır və nəticə etibarilə əhalinin maddi-rifahının yüksəldilməsinə müsbət təsir edir. 

N.NOVRUZ

Sizin Reklam Yeriniz