Əlaqə Arxiv
news Image
2017.07.28
09:30
| A A A
Ətin qiymətində yeni artımların maraqlı səbəbləri üzə çıxdı
Natiq Cəfərli: “Yemin qiymətindəki artım və turizm bumu ətin bahalaşmasına səbəb olub” Yaşar Əsədov: “Ət istehsalı və satışında qəribə mənzərə yaranıb”

Bakıda pərakəndə ət satışı məntəqələrində qiymətlər artıb. Yay aylarında ucuzlaşmalı olan mal ətinin bir kiloqramı 11-12 manat, quzu əti isə 10-11 manat arasında satılır.  Səbəb nədir və məsələ necə həllini tapmalıdır?

İqtisadçı-ekspert Natiq Cəfərli ətin qiymətinin qalxmasını bir neçə səbəblə əlaqələndirdi: “Son zamanlar ətin qiymətinin qalxması bir neçə səbəbdən qaynaqlanır. Əsas səbəblərdən biri də yem bazası ilə bağlıdır. Yemin qiymətlərində kəskin artım müşahidə olundu. Çünki yem tədarükü ilə məşğul olan ənənəvi regionlar indi yeni yanaşmaya uyğun olaraq texniki bitkilər, pambıq əkininə üstünlük verməyə başlayıb. Belədə əvvəllər yem tədarükü üçün istifadə olunan  sahələrdə indi texniki bitkilər yetişdirilir. Nəticədə daxildə istehsal edilən yemin həcmi azalıb. Bu da öz təsirini yemin qiymətinin qalxmasında göstərdi. Həmin qiymət artımı təbii ki, maya dəyərinə təsir edib, ona görə də ətin qiymətinin bahalaşmasını müşahidə edirik. 
Ətin qiymətinin bahalaşmasında ikinci səbəb qəribə səslənsə də, turizm bumu ilə əlaqədardır. Ölkəmizə yay aylarında gələn turistlərin sayında artımlar baş verir. Bu xüsusda gələn turistlərin əksəriyyətini də müsəlman ölkələrinin vətəndaşları təşkil edir. Hansı ki, onlar da ət rasionunda məhz mal və qoyun ətinə üstünlük verirlər. Belədə həmin məhsula tələbat artır. Tələbatın artması da belədə ətin qiymətinin bahalaşmasını daha da sürətləndirib. Yəni, sadaladığım bu iki əsas amil mal və quzu ətinin qiymətinə mənfi təsir edən başlıca meyarlardır. Təəssüf ki, yay mövsümündə təbii otlaqların olması da ətin qiymətinin stabilləşməsinə imkan verməyib.  Qışda isə mal yeminin qiymətinin artımı gözlənilir. Bu zaman mal və qoyun ətinin qiymətində bahalaşmanın ola biləcəyi ehtimalı da nəzərdən qaçmamalıdır. Bayramlar ərəfəsində tələbatın artması və qışda ətdən daha çox istifadə edildiyindən, ilin sonuna doğru ətin qiyməti daha da arta bilər. Bu bahalaşmanın qarşısını almaq üçün bir tərəfdən yem bazası genişləndirilməlidir. Yem qiymətlərinin aşağı enməsinə nail olmaq üçün tədbirlər görülməlidir. Həmçinin iribuynuzlu və xırdabuynüzlu mal-qaranın sayının artımına nail olmaq üçün müəyyən təşviq proqramları da reallaşdırılmalıdır. Fermerlər və əhali qrup və yaxud fərdi şəkildə mal-qara saxlamağın üstünlüklərini hiss etməli, görməlidirlər, bunun üçün də müəyyən təşviq proqramlarının iştirakçısına çevrilməlidirlər. 
Yem qiymətlərinin bahalaşmasının qarşısını almaq üçün də əlavə yem bazasının yaradılması tədarükünə imkan yaradılmalıdır. Özü də bu proseslər paralal olaraq aparılmalıdır. Paralel aparılmasa, qış aylarına doğru mal və qoyun ətinin qiymətlərində növbəti artımların baş verdiyini də müşahidə edə bilərik”.
İqtisadçı-ekspert Yaşar Əsədov isə mal ətinin qiymət baxımından artmasını satış bazarlarında rəqabət mühitinin tam olaraq formalaşmaması ilə əlaqələndirdi: “Ət istehsalı və satışında qəribə mənzərə yaranıb. İstehsal prosesində ciddi rəqabət mühiti formalaşıb. Kim və nə qədər istəyir mal-qara, qoyun saxlaya, yetişdirə və kəsə bilər. Hətta ətin ixracı və idxalı prosesində də rəqabətlilik hökm sürür. İmkanı və əlaqəsi olanlar xaricdən ət də gətirir. Ancaq satmaqda çətinlik çəkirlər. Çünki bazarlarda ətin satışı prosesində normal rəqabət mühiti formalaşmayıb. Ona görə də qiymətlər aşağı düşmür, əksinə ara-sıra qalxır».  
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz