news Image
2017.08.01
09:45
| A A A
Valyutadəyişmə məntəqələrindən hələ də bir xəbər yoxdur
Xalid Mikayılov: “Valyutadəyişmə məntəqələrinin bərpasının ləngiməsinin səbəbləri əsasən bankların bunda maraqlı olmamasıdır” Əkrəm Həsənov: “Maliyyə Bazarlarına Nəzarət Palatası qaydalar üzərində işləyir”

Qanunun qəbulunan 4 aya yaxın vaxt keçsə sə, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ləngiyir. İqtisadçılar ləngiməyə səbəb müxtəlif amillər göstərirlər. 

İqtisadçı-ekspert Xalid Mikayılovun fikrincə, valyutadəyişmə məntəqələrinin bərpasının ləngiməsinin səbəbləri əsasən bankların bunda maraqlı olmamasıdır: “Çünki onların bərpası bazarda rəqabəti gücləndirəcək ki, o zaman da bankların valyuta alqı-satqısından daxil olan gəlirləri azalacaq. Hal-hazırda kredit bazarı zəif olduğu üçün bankların faiz gəlirləri azalıb. Buna görə də banklar əsasən hüquqi şəxslərə hesablarla bağlı xidmətlər təklif edirlər. Fiziki şəxslərə isə əsasən valuyta mübadiləsi xidmətləri göstərilir deyə, banklar bu xidmətlərdən maksimum faydalanmağa çalışırlar. 
Bundan əlavə, valyutadəyişmə məntəqələrinin özünün də icarə və təhlükəsizlik xərcləri var ki, bu da banklara sərf etmir. Onlar öz ofislərindən daha çox yararlanmağa və icarə, təhlükəsizlik kimi xərcləri mümkün qədər ixtisar etməyə çalışırlar. Bunun üzərinə işçi xərclərini də gəlsək, məntəqələrin bərpasının sərfəli olmadığı məlum olur. Əvvələr müstəqil məntəqələr olsa da, əksər məntəqələr bankların tərkibində fəaliyyət göstərirdi. Əvvəlki bazarda banklar mümkün qədər filal və şəbəkələrini genişləndirməkdə maraqlı idilər. Hazırda isə banklar yeni biznes modelinə keçiblər ki, bu da əsasən internet bankinkin və ofissiz bankçılığın inkişafından ibarətdir. Çünki bu cür bankçılıq xərclərə qənaət etməyə və səmərəli işləməyə imkan verir”.
İqtisadçı əlavə etdi ki, məntəqələrin fəaliyyətinin yenidən bərpası “qara bazar”ın sıradan çıxmasına kömək edə bilər: “Düzdür, hazırda valyuta bazarında nisbətən sabitlik olduğu üçün “qara bazar”ın fəaliyyəti zəifləyib və təsiri hiss olunmur. Amma gələcəkdə məzənnədə kəskin dalğalanmalar olsa, “qara bazar” güclənə bilər. Valyutadəyişmə məntəqələrinin bərpası həm də bunum qarşısını almış olardı. Bundan əlavə, turistlərin sayının çoxaldığı bir şəraitdə onların fəaliyyəti çox vacibdir”.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, valyutadəyişmə məntəqələrinin bərpası haqqında qanun qəbul edilib: “Sadəcə, onun əsasında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qaydalar yoxdur. Qanunda göstərilib ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətini tənzimləmək üçün qaydalar, valyutadəyişmə məntəqələrinin kapitalına olan tələblər Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilməlidir. Hələlik bunlar yoxdur. Onlar olmadığı üçün valyutadəyişmə məntəqələri fəaliyyətə başlaya bilməzlər. Güman ki, Maliyyə Bazarlarına Nəzarət Palatası qaydalar üzərində işləyir”.
Ekspertin fikrincə, hazırda Azərbaycana valyutadəyişmə məntəqələri lazım deyil: “Onsuz da Azərbaycanda valyuta əməliyyatlarına tələbat çox deyil. Digər tərəfdən, kifayət qədər bank və filialları var. Müqayisə üçün qeyd edək ki, Avropanın inkişaf etmiş şəhərlərində valyutadəyişmə məntəqələri tapmaq çətindir. Hətta bank filiallarının əksəriyyəti pul dəyişmir. Orada hesab edirlər ki, buna böyük ehtiyac yoxdur. Düzdür, Azərbaycanda buna ehtiyac var, amma bank filialları bu işi həyata keçirir. Əvvəllər valyutadəyişmə əməliyyatlarında məhdudiyyət var idi. Bankların məzənnəsi Mərkəzi Bankın məzənnəsindən 2 faiz fərqlənə bilərdi. Sonradan isə 4 faiz etmələrinə baxmayaraq, banklar bundan əziyyət çəkirdi. Valyutadəyişmə məntəqələri də buna əməl etməli idi, amma etmirdilər. Valyutadəyişmə məntəqələrindən istifadə olunurdu ki, marja tələblərinə riayət edilməsin. Valyutadəyişmə məntəqələri məhz bu səbəbdən bağlandı. Ancaq hazırda bu cür marja tələbi yoxdur. Banklar istədikləri məzənnə ilə pul dəyişə bilirlər. O baxımdan da valyutadəyişmə məntəqələrinə ehtiyac yoxdur. Odur ki, hətta Maliyyə Bazarlarına Nəzarət Palatası qaydaları müəyyən etsə də, əvvəlki qədər valyutadəyişmə məntəqələri olmayacaq”.
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs