Əlaqə Arxiv
news Image
2017.08.02
08:00
| A A A
Real sektorun inkişafı müsbət nəticələrini verir
Fikrət Yusifov: “Hökumətin müəyyən etdiyi proqramlar çərçivəsində iqtisadi və struktur islahatlarının bu qaydada davam etdirilməsi yaxın iki- üç il ərzində ölkə iqtisadiyyatının neftdən asılılığını optimal bir səviyyəyə çatdırmağa imkan verəcək”

"Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul istehsalının (ÜDM) artımını 3,5% səviyyəsində olacağını proqnozlaşdırır. Bildirilir ki, Azərbaycan iqtisadiyyatı ucuz neft dövrünə adaptasiyanı davam etdirir. Agentliyin mütəxəssisləri əlavə edib ki, 2018-ci ildə Azərbaycanda iqtisadiyyatı artımı bərpa edəcək. Belə ki, mütəxəssislərin proqnozuna əsasən, gələn il ÜDM 2% (nominal həcm 44 mlrd. dollar), 2019-cu ildə 3,5% (47 mlrd. dollar), 2020-ci ildə 3,5% (48 mlrd. dollar) artacaq. S&P hesab edir ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 5,5%, 2018-ci ildə 3,5%, 2019-cu ildə 2,5%, 2020-ci ildə isə 2,5% artacaq. Mütəxəssislərin fikrincə, bu beynəlxalq qiymətləndirmə fonunda ölkə iqtisadiyyatının uğurulu inkişaf yolundan danışmaq mümkündür.

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirdi ki, "Standard & Poor`s" beynəlxalq reytinq agentliyinın bu hesabatı Azərbaycan hökumətinin real sektorun sürətli inkişafını nəzərdə tutan iqtisadi strategiyasına və bu strategiyanın reallaşdırılması nəticəsində son dövrdə əldə edilmiş nəticələrə tam uyğun bir qənaətdir: “Son 10 ilə yaxın başlamış qlobal iqtisadi böhran bir tək Azərbaycanı deyil, dünyanın bütün ölkələrini əhatə edib. 2014-cü ilin ortalarından etibarən dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neft hasil edən ölkələrin iqtisadiyyatında böhranın daha da dərinləşməsinə səbəb oldu. Azərbaycan hökumətinin böhranaqədərki dönəmdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində gördüyü tədbirlər nəticəsində ümumi daxili məhsulun həcmində qeyri-neft sektorunun payı 50%-dən 70% səviyyəsinə çatdırmaq mümkün oldu. Lakin iqtisadiyyatın real sektorundan ixracın kifayət qədər ola bilməməsi səbəbindən neftin qiymətləri kəskin aşağı düşdükdən sonra ölkənin maliyyə sistemində bəzi çətinliklər ortaya çıxdı. 
2015-ci ildə milli valyutanın iki dəfəyə yaxın dəyər itirməsi ilə nəticələnən iki kəskin devalvasiya bank sistemində problemlərin yaşanmasına səbəb oldu. Bank sistemində yaranmış bu vəziyyət öz növbəsində iqtisadiyyatın normal şəkildə kreditləşdirilməsinə imkan vermədi. Lakin yaranmış durum hökuməti geri çəkilməyə məcbur edə bilmədi. Əksinə, o, daha çevik addımlar atmaqla iqtisadi böhrandan mümkün qədər tez çıxmağın yollarını müəyyənləşdirdi. Artıq 2015-ci ilin son aylarından başlayaraq bir-birinin ardınca ölkə iqtisadiyyatının real sektorunun və onun əsasını təşkil edən azad sahibkarlığın inkişafına geniş meydan açan çox ciddi qərarlar qəbul edilməyə başlandı. 
Keçən il iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi ilə hər bir sahənin yaxın, orta və uzaq perspektivdə dəqiq inkişaf konturları müəyyən olundu. Artıq strateji yol xəritələrinin və ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını ehtiva edən digər qərarların sürətlə icrası prosesi başlayıb. Cari ilin altı ayı ərzində bir çox sahələrdə mövcud olmuş gerilik aradan qaldırılıb və artıq ölkə iqtisadiyyatının ən aparıcı sahələrində və ilk növbədə qeyri-neft sektorunda pozitiv nəticələr əldə olunmağa başlayıb. 2016-cı ilin ötən dövrü ərzində qeyri-neft sənayesində, aqrar sektorda, tranzit yükdaşımalarda və turizm sektorunda əldə olunan nəticələr ölkə iqtisadiyyatında dirçəlişin başlandığını deməyə əsas verir. Hökumətin müəyyən etdiyi proqramlar çərçivəsində iqtisadi və struktur islahatlarının bu qaydada davam etdirilməsi yaxın iki- üç il ərzində ölkə iqtisadiyyatının neftdən asılılığını optimal bir səviyyəyə çatdırmağa imkan verəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz