Əlaqə Arxiv
news Image
2017.08.12
08:30
| A A A
İqtisadi tərəqqidə sahibkarlara ümid böyükdür
Vüqar Bayramov: “Postneft dövrünün əsas prioritetlərindən biri sahibkarların iqtisadiyyatda rolunun artırılmasıdır” Pərviz Heydərov: “Azərbaycanın iqtisadi kursunda əsas prioritet ölkədə sahibkarlığın inkişafıdır”

Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində son illər ərzində mühüm addımlar atılır. Qanunverici baza təkmilləşib, müxtəlif proqramlar qəbul edilib. Bundan başqa, 2016-cı ildən 2018-ci ilə qədər yoxlamalar dayandrılıb. Ən nəhayət, artıq neçə ildir Sahikarlığa Kömək Milli Fond vasitəsi ilə sahibkarlara güzəştli şərtlərlə yardım ayrılır. İqtisadçıların fikrincə, bütün bunlar fonunda sahibkarların ölkə iqtisadiyyatında rolu qarşıdakı dövr ərzində daha da yüksələcək. Hədəflər də məhz ona istiqamətlənib. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, postneft dövrünün əsas prioritetlərindən biri sahibkarların iqtisadiyyatda rolunun artırılmasıdır: “Bütövlükdə əsas məqsədlərdən biri iqtisadi inkişafın sahibkarların çiynində formalaşmasına nail olmaqdan ibarətdir. Bu kontektsdə son dövrlər sahibkarların iqtisadiyyatda rolunun artmasını müşahidə edirik. 
Ümumiyyətlə, neftdən asılılığın aradan qaldırılması sahibkarların iqtisadiyyatda payının artmasına gətirib çıxaracaq. Qeyri-neft sektorunun həm ixracat, həm də istehsalda payının artması sahibkarların iqtisadiyyatda əhəmiyyətini artırır. Çünki qeyri-neft sektorunda məhsul və xidmətlər sahibkarlar tərəfindən formalaşdırılır və istehsal edilir. Nəticə etibarı ilə nə qədər çox iqtisadi diversifikasiya və neftdən asılılığın aradan qaldırıldığını müşahidə ediriksə, o qədər də sahibkarın rolu artmış olur. O baxımdan bu gün həyata keçirilən islahatların, həmçinin strateji yol xəritələrinin əsas hədəfləri iqtisadiyatda sahibkarların rolunun genişləndirilməsinə nail olmaqdan ibarətdir. 
İqtisadiyyat sahibkar üzərində qurulursa və sahibkarların hesabına inkişaf edirsə, daha dayanıqlı və balanslı olar. Bu gün də dayanılqı inkişaf, balanslı iqtisadiyyat əsas hədəfdir. Dayanıqlı inkişaf iqtisadi inkişafın xarici faktorlardan asılı olmayaraq, qorunub saxlanılması anlamına gəlir. Balanslı iqtisadiyyat isə paytaxtla regionlar arasındakı iqtisadiyyatın mərhələli şəkildə bərabər bölgüsünə nail olmaqdan ibarətdir. Bu hədəflərin reallaşmasında dövlət siyasəti və təşviqedici islahatlar vacib olsa da, lokomativ sahibkarlardır. Sahibkarlar dövlətin dəstəyi ilə dayanıqlı, ölkə üzrə balanslı iqtisadiyyata nail olunmanı reallaşdıra bilər. 
2015-ci ildən sonra sahibkarların iqtisadiyyatda rolunun genişləndiyini müşahidə edirik. Mövcud hədəflər də ondan xəbər verir ki, növbəti dövrlərdə iqtisadiyyatın bütövlükdə sahibkarlıq üzərində qurulmasına nail ola biləcəyik”. 
Digər iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, bazar iqtisadiyyatında iqtisadi artımın lokomotivini sahibkarlıq təşkil edir: “Bu mənada Azərbaycanın iqtisadi kursunda əsas prioritet ölkədə sahibkarlığın inkişafıdır. Bu gün Azərbaycanda iqtisadiyyatının 80%-dən çox hissəsi özəl sektorun hesabına formalaşıb. Bu, özlüyündə müsbət faktdır. Ancaq sahibkarlıq bizdə hansı formada inkişaf edib? Məsələ ondadır ki, inkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlıq iqtisadiyyatda aparıcı rol oynayır. Lakin təəssüf ki, bizdə dövlətin gördüyü bütün işlərə rəğmən, kiçik və orta sahibkarlıq istənilən səviyyədə inkişaf etməyib. Bizim üçün mənfi cəhət budur. 
Düzdür, Sahibkarlığıa Kömək Milli Fond fəaliyyət göstərir. Onun xətti  ilə sahibkarlara kredit şəklində vəsait ayrılır. Hər il həmin vəsaitin həcmi artırılır. Bu, böyük maliyyə dəstəyidir. Dünyanın heç bir ölkəsində bu cür dəstək yoxdur. Bu günə qədər sahibkarlığın inkişafı üçün Azərbaycan hökuməti milyardlarla vəsait xərcləyib. Lakin real mənzərə tam ürəkaçan deyil. O mənada ki, kiçik və orta sahibkarlıq istənilən səviyyədə inkişaf etməyib. Kiçik və orta sahibkarlığın payı ümumi daxili məhsulda 50%-dən yuxarı təşkil etməlidir. Buna da ilk növbədə aqrar sektorda nail olmaq lazımdır. Bu mənada Azərbaycan qeyri-neft sektorunun inkişafını prioritet elan edib. Burada da kənd təsərrüfatı başlıca rol oynayır”.
 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz