Əlaqə Arxiv
news Image
2017.08.16
07:00
| A A A
Bölgələrdə ət ucuzlaşsa da, Bakıda qiymət dəyişmir
Natiq Cəfərli: “Ətin qiymətinin paytaxtda da ucuzlaşmasını ancaq istehsalın artması hesabına həyata keçirmək mümkündür” Vüqar Bayramov: “Rayonlarda ətin qiymətinin ucuzlaşmasının Bakıda hiss edilməməsinin səbəbləri var”

Qurban bayramına az bir zaman qalıb.  Adətən bu zaman ət məhsullarının qiymətində artımlar qeydə alınır. Ancaq maraqlısı budur ki, bəzi bölgələrdə ətin qiymətində ucuzlaşma müşahidə edilir. Hətta qiymətlərin 2 manata qədər ucuzlaşdığı bölgələr var. Digər diqqət çəkən məqam isə paytaxtda bu ucuzlaşmanın hiss edilməməsidir. Rayonlarda ucuzlaşmanın olmasına baxmayaraq, Bakıda  ətin qiyməti dəyişməz qalıb. İqtisadçılar bu fərqi müxtəlif amillərlə izah etməyə çalışdılar. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, ətin qiymətinin paytaxtda da ucuzlaşmasını ancaq istehsalın artması hesabına həyata keçirmək mümkündür: “Yəni, təklif artmalıdır. Ancaq hələlik tələb və təklif o həddə deyil. Ət istehsalçıları öz üzərilərində yüksək tələb basqısını hiss etmirlər. Ümumiyyətlə, iqtisadi qanunlara görə, qiymətin ucuzlaşması üçün istehsalın artması önəmli şərtdir”.
“Əvvəlki illərin müşahidəsi göstərir ki, hər il Qurban bayramı ərəfəsində ətin qiymətində artımlar olur. Yəni,Qurban bayramı ərəfəsində qiymət azalması real deyil.  Çünki bayram günlərində tələb yüksəlir. Bu da qiymətləri artırır. O baxımdam xüsusən də paytaxtda ətin daha çox bahalaşması proqnozlaşdırılır”. Bu sözləri “Mövqe”yə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi. 
İqtisadçı əlavə etdi ki, rayonlarda ətin qiymətinin ucuzlaşmasının Bakıda hiss edilməməsinin səbəbləri var: “Bu, əvvəla, regionlarda tələbin nisbətən aşağı düşməsi ilə bağlıdır. Rayonlarda alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar tələb nisbətən azalıb. Bundan başqa, mövsümi olaraq da tələbdə dəyişiklik yaranıb. Belə ki, xüsusən yay aylarında ət məhsullarına tələb azalır. Sentyabr ayından başlayaraq isə ət məhsullarına tələbat yüksələcək. Lakin təəssüf ki, regionlarda fəaliyyət göstərən fermerlərin Bakı bazarlarına çıxış imkanları məhduddur. Bu da nəticə etibarı ilə Bakıda qiymət azalmasına şərait yaratmır. O baxımdan fermerlərin paytaxt bazarlarına çıxış imkanları asanlaşdırılmalıdır. Bu baş verərsə, regionlardakı qiymət azalması Bakıda da hiss edilə bilər”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz