Əlaqə Arxiv
news Image
2017.08.16
09:00
| A A A
İqtisadi aktivlik maşın bazarını durğunluqdan çıxarır
Rəşad Həsənov: “Fevraldan etibarən manatın məzənnəsində sabitliyin müşahidə edilməsi yığım və gözləmə mövqeyində olan vətəndaşların alış prosesinə meyl etməyə başlaması ilə nəticələnib” Azər Allahverənov: “Ölkədə iqtisadi aktivliyin artması öz sözünü avtomobil idxalının artmasında da göstərib”

 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycana 4 468 ədəd avtomobil (nəqliyyat vasitəsi) gətirilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 55,2% çoxdur. 2016-cı ilin 7 ayında Azərbaycana 2 879 ədəd nəqiliyyat vasitəsi idxal olunmuşdu. Ölkəyə gətrilən avtomrbillərin, xüsusən minik maşınlarını sayının artması nə ilə bağlıdır? Bunu iqtisadi aktivliyin yüksəlməsinin nəticələri saymaq olarmı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, manatın məzənnəsində sabitliyin baş verməsi öz sözünü avtomobil idxalının artımında da göstərməyə başlayıb: “Ötən ilin müvafiq dövrünə nisbətən cari ilin 7 ayı ərzində Azərbaycana gətirilən avtomobillərin sayında artımların olması müxtəlif səbəblərdən qaynaqlanır. Ötən 2,5-3 il ərzində ölkəyə daxil olan avtomobillərin sayında bildiyiniz kimi kəskin azalmalar baş verdi. 2014-cü ilə qədər ölkəyə orta hesabla təxminən 100 min ədədə qədər maşın gətirilirdi. Sonra isə birdən-birə bu sahədə kəskin azalma baş verdi. 
İndilikdə il boyu gətirilən avtomobillərin sayı 7-8 mindən çox olmur. Bu da son nəticədə avtoparkın köhnəlməsilə nəticələnir ki, belədə də yeni avtomobil idxalına ehtiyac yaranır. Yəni, yeni avtomobillərin gətirilməsilə bağlı bazarda boşluq yaranmışdı ki, hazırda bu istiqamətdə müəyyən bir korreksiya prosesi baş verdi. İkinci bir tərəfdən, fevral ayından etibarən manatın məzənnəsində müəyyən sabitliyin müşahidə edilməsi yığım və gözləmə mövqeyində olan vətəndaşların alış prosesinə meyl etməyə başlaması ilə nəticələndi. Bu da avtomobil bazarında az da olsa canlanma və alıcılıq prosesinin artmasına gətirib çıxartdı. Beləliklə də, tələbin artması fonunda ölkəyə idxal olunan maşınların sayında müəyyən qədər artım baş verdi. 
Hazırda müşahidə etdiyimiz artımlar əsasən məhz sadaladığım məqamlardan qaynaqlanır. Lakin buna baxmayaraq, avtomobil idxalının 2013-cü il səviyyəsinə çatması üçün sözügedən artım tempinin kifayət qədər olması lazımdır. Onu da qeyd etmək lazımdır ki, böyük ehtimalla bundan sonra Azərbaycanda 4 il öncə baş verən artım tempi olmayacaq. Çünki həmin dövrdə avtomobil parkının ciddi şəkildə köhnəlməsi və böyük neft gəlirlərinin bazara daxil olması prosesin formalaşmasına təsir göstərmişdi. İndi isə bu amilləri müşahidə etmirik”. 
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov qeyd etdi ki, maliyyə dayanıqlığı, iqtisadi aktivliyin artması Azərbaycana gətirilən maşınların sayının çoxalmasına da gətirib çıxarıb: “Ölkəmizə gətirilən avtomobillərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə artımın olması maliyyə dayanıqlığı ilə bağlı olan bir məsələdir. Əslində, maşın bazarında baş verən müəyyən silkələnmələr bilavasitə maliyyə bazarındakı qeyri-sabitliklə bağlı idi. Məlum devalvasiya, valyuta bazarında dəyişən məzənnələr, əksər bankların avtokreditləri dayandırması və avtomobil satışı ilə məşğul olan salonlara kreditlərin verilməməsi, risqlərin bir qədər yüksək olması, kreditə verilən avtomobillərdən qalan kifayət qədər böyük həcmdə borclar istər-istəməz satışa çıxarılan maşınların ümumi həcminə mənfi təsir göstərirdi.  Bu da öz növbəsində təbii ki, idxala da təsir göstərib. 

Lakin son bir ildə maliyyə sektorunda sabitliyin hökm sürdüyünü görürük. Valyutalar arasında məzənnə ümumən sabit olaraq qalır. 
Digər tərəfdən, bankların əksəriyyəti silkələnmə dövründən çıxıb indi sabit maliyyə siyasəti həyata keçirməyə başlayıb. Ona görə də bəzi şirkətlərlə kredit portfelini yeniləyir, yeni kreditlər verirlər. Avtosalonlar da avtomobilləri kreditlə sata bilirlər. Bütün bunlar istər-istəməz idxala da müsbət təsir edir. Bu amil öz-özlüyündə ölkədə iqtisadi aktivliyin artmasının göstəricisidir. İqtisadi  müstəvidə olan irəliləyiş bir çox sahələrdə olduğu kimi, özünü maşın bazarında da göstərməyə başlayıb. Banklar artıq prosesdə fəallıq nümayiş etdirir. Maliyyə dayanıqlığı fonunda insanların gəlirləri də artır. Belədə onlar əllərində olan vəsaiti müəyyən mənada ehtiyaclarına uyğun xərcləmək imkanı qazanırlar ki, avtomobil alınması da onlardan biri hesab olunur”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz