Əlaqə Arxiv
news Image
2017.08.17
09:00
| A A A
Azərbaycana xaricdən gələn pullar artır
Natiq Cəfərli: “Ölkəyə valyuta daxil olmasında artımın olması maliyyə sabitliyinin təminatçısı olacaq alətlərdən biridir” Yaşar Əsədov: “Vəziyyət bu şəkildə davamlı xarakter daşıyarsa, dolların məzənnəsinin aşağı düşəcəyini müşahidə edəcəyik”

Bu ilin ilk  yarısında Azərbaycana daxil olan pul baratlarının həcmi illik müqayisədə 58,3% artaraq 459 milyon ABŞ dolları təşkil edib. 2016-cı ilin ilk yarısında ölkəyə daxil olan pul baratlarının həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 46,9% azalaraq 290 milyon  dollar təşkil edib. İndi Azərbaycana daxil olan pul baratlarının həcmi kəskin artıb və bu da əsasən dolarla ölkəyə daxil olan pullardır. Belə vəziyyət dolların məzənnəsinə necə təsir edə və pul baratlarını həcmi artarsa, bu maliyyə bazarlarında hansı dəyişikliklərə rəvac verə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, ölkəyə gələn pul baratlarının həcminin artmasının dolların məzənnə prosesinə heç bir təsiri olmayacaq: “Əslində, ölkəmizə dollarla pul baratlarının daxil olması prosesinin artması iki mühüm səbəblə əlaqədardır. Bu ilin birinci yarısında keçən ilin anoloji dövrü ilə müqayisədə neftin qiyməti 14-15 faizə qədər yüksək oldu. Keçən il neftin ortalama qiyməti 40 dollar idisə, cari ildə 54-55 dollar arasında cərəyan edir. Bir də turizmin inkişafı dollarla daxil olan pul baratlarının həcminin artmasına rəvac verib. Çünki turizmin inkişafı ilə əlaqədar ölkəyə daxil olan valyutanın həcmi də artıb. 
Növbəti səbəb isə “Şahdəniz-2” yatağının işlənməsilə bağlıdır ki, xarici investorlar bu prosesə müəyyən vəsait daxil ediblər. Bu isə Azərbaycan iqtisadiyyatı üçün çox yaxşı və pozitiv məsələdir. 

Amma dollarla daxil olan pul baratlarının həcmində artımların olması heç bir halda ABŞ valyutasının məzənnəsinə ciddi təsir göstərməyəcək. Bu proses dolların manat qarşısında möhkəmlənməsinə gəritib çıxarmayacaq. Çünki indi manat kifayət qədər sabitləşib. Xarici ölkələrdə, dünya bazarlarnda gedən proseslərə kifayət qədər dayanıqlı müqavimət göstərir. Yəni, xaricdə gedən mənfi proseslərin ölkə daxilində də özünü göstərməsinə imkan verilmir. Bu da sabitləşmənin daxili resurslardan istifadə olunması hesabına baş verir. Ona görə də dolların məzənnəsində ciddi dəyişikliyin olacağını düşünmürəm. Ən azından manatın bir müddət də belə sabit qalması mümkündür. Amma başqa proseslər də gedə bilər ki, məhz o manatın məzənnəsinə təsir göstərə bilər. Neftin qiymətində problemlər var, son iki gündə onun qiyməti kifayət qədər aşağı düşüb. ABŞ Mərkəzi Bankı faizi artırıb, likvidliyi azaltsa, o halda dolların məzənnəsi bütün valyutalara, o cümlədən manata da təsir edəcək. Lakin kəskin addımların olacağını da gözləmirik. Manatın məzənnəsində kəskin dəyişikliklər olmayacaq”. 
N. Cəfərli düşünür ki, ölkəyə daxil olan pul baratlarının həcminin artması həmçinin maliyyə sabitliyinin də əsas təminatçısı rolunda çıxış edir: “Ölkəyə valyuta daxil olmasında artımın olması həmçinin maliyyə sabitliyinin təminatçısı olacaq alətlərdən biridir. Həmin tendensiya maliyyə bazarında sabitliyin yaranmasında mühüm rol oynayır. Bu tendensiya davamlı olarsa, ən azından maliyyə sabitliyi və  həmin bazardakı iştirakçılara, o cümlədən banklara da aktiv təsir göstərə bilər. İndilikdə isə banklarda vəziyyət heç də yaxşı deyil.  Banklar ən azından Azərbaycana daxil olan valyutalar üzrə əməliyyatlardan əldə etdikləri gəlir hesabına müəyyən dərəcədə öz vəziyyətlərini yaxşılaşdırar. Maliyyə bazarı da onun hesabına daha sabit və dayanıqlı olmağa başlayar”.
İqtisadçı-ekspert Yaşar Əsədov isə bu qənaətdədir ki, ölkəyə gələn pul baratlarının həcminin artması tendensiyası davamlı xarakter alacağı təqdirdə, dolların məzənnəsi aşağı düşəcək: “Nəzəri cəhətdən məsələyə yanaşsaq, görərik ki, təklif  artanda məhsulun qiyməti aşağı düşməlidir. Azərbaycanda, ümumiyyətlə, hazırda bütün dünyada nəzəriyyə mövcud iqtisadi vəziyyətlə uyğunlaşır. Azərbaycanda prinsip etibarı ilə dollar elə də çox xərclənmir. Vətəndaşlarımızın banklarda olan dollar əmanətləri tərpənməz qalıb. Heç kəs ondan istifadə etmir, ehtiyat kimi saxlayır. 
Xaricə gedib işləyən vətəndaşlarımızın bura göndərdikləri pulların bəlkə də əksər hissəsi ticarət dövriyyəsinə daxil olur. Çünki xaricdə işləyən soydaşlarımız bir qayda olaraq pul qazanmağa gedirlər. Ölkəyə gətirilən pul baratlarının həcmində baş verən artımlar çox güman ki, dolların məzənnəsinə təsir edəcək. 
Vəziyyət bu şəkildə davamlı xarakter daşıyarsa, dolların məzənnəsinin aşağı düşəcəyini, milli valyutanın isə güclənəcəyini müşahidə edə bilərik. Əslində, dolların daxili dövriyyədə fəallığı məhdudlaşdırılmalıdır. Bu prosesdə əsas rolu milli valyuta oynamalıdır. Əvvəllər Azərbaycanda çox mallar dollarla alınıb satılırdı. İndi isə yaxşı ki, bütün hesablar manatla aparılır”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz