Əlaqə Arxiv
news Image
2017.08.23
07:00
| A A A
Aqrar sahənin elmi əsaslar üzərində inkişaf dövrü başlanır
Murtuzəli Hacıyev: “Elmi-tədqiqat institutları yeni sortların, gen-bitkilərin, yeni intensiv texnologiyaların fermerlərə ötürülməsi ilə məşğul olur” Qadir Bayramlı: “Azərbaycanda kooperativləşmə elmi üsullarla həyata keçirilərsə, həm yeni texnologiyaların tətbiqi asanlaşar, həm də bu, məhsul həcminin artımına kömək etmiş olar”

“Azərbaycanda kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək, biz məhsuldarlığın artımına nail olacağıq”. Bu sözləri Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış  olan zaman bildirdib. 

Ölkə rəhbəri əlavə edib ki, Azərbaycanın ərazisi böyük həcmdə yeni əkin sahələrini dövriyyəyə cəlb etmək üçün imkan vermir: “Bu işləri görəndən sonra biz kənd təsərrüfatını ancaq məhsuldarlığın artımı hesabına inkişaf etdirə bilərik”. Mütəxəssislərin fikrincə, kənd təsərrüfatının elmi əsaslarla inkişafı aqrar sahədə məhsuldarlığın artımı birbaşa şərtləndirən amildir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, elmi əsaslarla dedikdə intensiv yolla inkişaf nəzərdə tutulur: “Hazırda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə elmi-tədqiqat institutları fəaliyyət göstərir. Elmi-tədqiqat institutları yeni sortların, gen-bitkilərin, yeni intensiv texnologiyaların fermerlərə ötürülməsi ilə məşğul olur. 
Azərbaycanda kənd təsərrüfatı sahəsi elmi əsaslarla inkişaf etdirilir. Elmi-tədqiqat institutlarında həyata keçirilmiş elmi-tədqiqat işlərinin nəticələri fermerlərə ötürülür. Elmi-tədqiqat nəticələrinin fermerlərə ötürülməsi üçün hər ay 10-dan artıq seminarlar təşkil edilir. Fermerlə həmin müşavirələrdə iştirak etməklə yeni sortlar, texnikaları mənimsəyib öz sahələrində tətbiq edirlər”. 
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, kənd təsərrüfatının inkişafı üçün onun maddi-exniki bazasının gücləndirilməsinə, strukturunun yaxşılaşdırılmasına ehtiyac var: “Kənd təsərrüfatının ən zəif nöqtələrindən biri işlərin ekstensiv aparılmasıdır. Bu hal həm bitkiçilikdə, həm də heyvandarlıqda özünü göstərir. O baxımdan da bitkiçilikdə əksər sortların məhsuldarlığı aşağıdır. Şumlanmadan tutmuş, toxumların seçilməsinə qədər əsas işlər ənənəvi üsulla həyata keçirilir. İnnovativ texnologiyaların tətbiq edildiyi təsərrüfatlar azdır. 
Kənd təsərrüfatını müasir standartlara çatdırmaq üçün torpaqların münbitləşdirilməsi, suvarma sisteminin yenidən qurulması, gübrə təminatının yaxşılaşdırılması vacibdir. İdxalla yanaşı, tədqiqat instutlarında yeni sort və cinslərin yetişdirilməsi istiqamətində araşdırma işləri genişləndirilməlidir. Hazırda dünyada ekoloji təmiz məhsullara tələb yüksəkdir. Bunların yetişdirilməsi üçün ölkəmizdə geniş imkanlar var. Bu imkanlardan istifadə edəriksə, məhsuların ixracı da mümkün olar. Həmçinin dünyada suvarmada damcı üsulundan istifadə edilir. Hansı ki, bu üsuldan Azərbaycanda tək-tək təsərrüfatlar  yararlanır. Damçı üsulu həm məhsuldarlığı artırır, həm də suya qənaət edir. 
Aqrar sahədə zəif nöqtələrimizdən biri də kooperativləşmədir. Əgər Azərbaycanda kooperativləşmə elmi üsullarla həyata keçirilərsə, həm yeni texnologiyaların tətbiqi asanlaşar, həm də bu, məhsul həcminin artımına kömək etmiş olar. Bütövükdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı üçün Azərbaycanda su və torpaq ehtiyatlarının mövcud vəziyyəti real qiymətləndirilməlidir. Bunlar ənənəvi yox, müasir üsullarla həyata keçirilməlidir. Görüləck bu işlər Azərbaycanı müasir aqarar ölkəyə çevirə bilər. Eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracatının artırılmasına imkan verəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz