Əlaqə Arxiv
news Image
2017.08.24
08:00
| A A A
Lombardların daha bir qanun pozuntusuna yol verdikləri üzə çıxdı
Rəşad Həsənov: “Banklara, sığorta şirkətlərinə nisbətən lombardlar pərakəndə formada fəaliyyət göstərirlər və daha az hesabatlıdırlar” Əkrəm Həsənov: “Lombardlar boşluqdan yararlana bilirlər”

Lombard fəaliyyəti ilə məşğul olan hüquqi və ya fərdi sahibkar pul əməliyyatlarını rəsmiləşdirərkən kredit alanın bank hesabına pulu nağd qaydada köçürə bilməz. Amma lombardar hələ də buna əməl etmirlər. Halbuki,  lombard fəaliyyəti çərçivəsində pul vəsaitlərinin faiz müqabilində borca verilməsi kredit hesab edildiyindən lombardlar tərəfindən həmin əməliyyat nağdsız qaydada həyata keçirilməlidir. Mütəxəssislərini bunu nəzarətin zəif olması ilə əlaqələndirirlər. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, nağd əməliyyatlar da daxil olmaqla lombardların yol verdiyi qanun pozuntularının əsl səbəbi bu sahədə nəzarət mexanizmlərinin zəif olmasıdır: “Əvvəllər lombardlara Mərkəzi Bank nəzarət edirdi. Daha sonra bu nəzarət aradan qaldırıldı və lombard fəaliyyəti digər sahibkarlıq subyektləri ilə bərabər – Mülki Məcəllə, Vergi Məcəlləsi kimi ümumi qaydalarla tənzimləndi. 
Hazırda birbaşa olaraq bu sferaya nəzarət edən qurum yoxdur. Bu boşluqdan da lombardlar məharətlə istifadə edirlər. Həm əməliyyatları nağd formada həyata keçirir, həm vergidən yayına bilirlər, bəzi hallarda isə girovların qeyri-qanuni şəkil mənimsənilməsi kimi müxtəlif qanun pozuntularına yol verirlər. Amma son müzakirələr onu göstərir ki, lombardların fəaliyyətinə nəzarətlə bağlı mexanizmlərin təkmilləşdirilməsi istiqamətində fikirlər var. Ehtimal ki, bu nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə ediləcək. 
Maliyyə Bazarlarına Nəzarət Palatasının bu istiqamətdə nəzarət imkanı hüquqi formada təmin edilərsə, nöqsanlar müəyyən qədər aradan qaldırıla bilər. Lakin onu da nəzərə almaq lazımdır ki, banklara, sığorta şirkətlərinə nisbətən lombardlar pərakəndə formada fəaliyyət göstərirlər və daha az hesabatlıdırlar. Eyni zamanda onların sayı da çoxdur. Bu baxımdan lombardların fəaliyyətinə nəzarət imkanları nisbətən məhdud olacaq. Yəni, tamamilə problemin həlli anlamına gəlməyəcək”. 
Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov bildirdi ki, bu ilin əvvəlindən “Nağdsız hesablaşmalar haqqında” Qanun qüvvəyə minib: “Həmin qanuna görə, sahibkar pulu verən və alan zaman prosesi nağdsız şəkildə - bank hesabı vasitəsi ilə həyata keçirməlidir. Əslində, qanunda boşluq var. 
Qanunda göstərilir ki, faizsiz borcu nağdsız vermək lazımdır. O baxımdan da lombard bunu əsas götürə bilər. Lombard faizsiz borc vermir. Ümumiyyətlə,  “Nağdsız hesablaşmalar haqqında” Qanun hələ  qanunvercilik texnikası baxımından zəifdir. Qanun getdikcə təkmilləşməlidir. Lombardlar bu boşluqdan yararlana bilirlər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz