Əlaqə Arxiv
news Image
2017.09.16
07:00
| A A A
Dünya enerji məkanında Azərbaycan daha vacib oyunçuya çevrilir
Fikrət Yusifov: “Bütün bunlar onu göstərir ki, Azərbaycanın gələcək inkişafında kontraktın çox böyük əhəmiyyəti olacaq”

Xəbər verildiyi kimi, Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “BP”, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətləri ilə birlikdə bu gün “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıb. Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcək. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var. Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31% nisbətinddə olacaq. Mütəxəssislərin sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə beynəlxalq konsorsiumla yeni müqavilə bağlanması fonunda Azərbaycanın dünya enerji məkanında, eləcə də Avropanını enerji təhülkəsizlyinin təmin edilməsində rolu daha da artacaq.

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, "Əsrin kontraktı"nın müddətinin  uzadılması üçün ilk növbədə xarici tərəfdaşlar Azərbaycan tərəfin tələblərini qəbul etməli idilər: “Çünki Azərbaycanla əməkdaşlıqda onların marağı kifayət qədər böyükdür. “Əsrin müqaviləsi”nin icra müddəti 2024-cü ildə başa çatır. Mütəxəssislərin apardıqları araşdırmalar göstərir ki, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının potensial imkanları müqavilənin vaxtı başa çatdıqdan sonra da kifayət qədər böyük olaraq qalacaq.  Məhz bu reallıq imkan verdi ki, onların birgə istismar müddəti yenidən uzadılsın. 
Tərəflər arasında belə bir razılıq o halda əldə oluna bilərdi ki, müqavilənin yeni şərtləri hər bir tərəfi qane etsin. Müqavilənin imzalandığı ötən 22 ildən çox dövr ərzində dünyanın siyasi və iqtisadi müstəvisində Azərbaycanın rolu və çəkisi müqayisəedilməyəcək bir səviyyədə artıb. Bu da ona müqavilənin yeni layihəsində öz şərtlərini diqtə etməyə əsas verdi. Təbii ki, bu şərtlər ölkəmiz üçün əvvəlkindən daha sərfəli olacaq. “Əsrin müqaviləsi” imzalanan dönəmlərdə ölkə iqtisadiyyatı dağınıq halda, ictimai-siyasi durum qeyri-sabit bir vəziyyətdə idi. Belə bir şəraitdə biz bu nəhəng kontraktın imzalanmasına nail olmalı idik və Ulu Öndərin uzaqgörən siyasəti sayəsində buna müvəffəq olduq. Bütün investisiyaların xarici şirkətlər tərəfindən qoyulmasına nail olduqdan sonra, mənfəət neftinin 75 faizinin Azərbaycana çatması şərtinin tərəf müqabillərə qəbul etdirilməsi o dövr üçün çox böyük uğur idi. Bu gün imzalanmış kontraktla “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi vaxtı 2050-ci ilə qədər uzadılır. Yeni kontraktın şərtləri Azərbaycan üçün daha da əlverişlidir. Belə ki, kontraktın imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Digər tərəfdən, yeni imzalanmış kontraktda SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın gələcək inkişafında kontraktın çox böyük əhəmiyyəti olacaq. Belə ki, Azərbaycanın dünya enerji məkanında, həmçinin Avropaını enerji təhülkəsizliyinin təmin edilməsində rolunun daha da artıracaq. 23 il ərzində kontraktın icrası “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilməsinə imkan verdi. Bu, proqnozlaşdırılan rəqəmə yaxın bir göstəricidir. Aparılan araşdırmalar onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Bu fonda ehtimal olunur ki, kontraktın icrası müddətində rəqəm daha da artacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz