Əlaqə Arxiv
news Image
2017.09.16
09:30
| A A A
“Əsrin müqaviləsi”nin tale uğurları davam edir
Neft sənayesində yeni mərhələ başlanır

Sentyabrın 14-də Azərbaycan neft sənayesinin tarixində növbəti unudulmaz hadisə baş verdi. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə beynəlxalq konsorsiumla yeni müqavilə bağlanması regionda Azərbaycanın mütləq liderliyinin təsbit edilməsi demək idi. Bu həm iqtisadi, həm də siyasi sahədə ölkənin qüdrətinin artması, qazanılmış nailiyyətlərin uğurla davam etməsi, dünyadakı nüfuzun yüksəlməsi deməkdir. Azərbaycanı gözü götürməyənlərə,  başlıcası isə Ermənistana böyük zərbə, oun iqtisadi təcridinin davam etməsinə gətirib çıxaran tarixi hadisədir. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ilə əlaqədar Bakıda, Heydər Əliyev Mərkəzində mərasimi keçirilib.

Ötən əsrin sonlarında, 1994-cü ildə imzalanmış “Əsrin kontraktı”nın davamı olan bu müqavilənin böyük beynəlxalq əhəmiyyətinin olmasını BP şirkətinin Baş İcraçı Direktoru Bob Dadli belə dəyərləndirib: “Ötən 23 il ərzində “Əsrin Müqaviləsi” Azərbaycanı, Avropaya enerji təchizatını və bu işləri uğurlu etmək üçün əlindən gələni etmiş hər birimizi həqiqətən dəyişmişdir. Bu gün imzalanmış saziş Azərbaycanın tarixində, bəlkə də, daha əhəmiyyətli bir hadisədir, çünki bu, növbəti 32 il ərzində bizə birlikdə çalışaraq AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, yeni texnologiyalar və yeni birgə səylərlə onun neftvermə əmsalını maksimuma çatdırmak imkanı verir. Bu baxımdan, düşünürəm ki, bu sazişi Yeni Əsrin Müqaviləsi adlandırmaq düzgün olar.”
23 il əvvəl 33 milyard dollar sərmayə qoyuluşu ilə işə başlayan BP şirkəti və tərəfdaşları bu günə qədər 440 milyon tondan çox neft hasil edib. Azərbaycanın bu neftdə əldə etdiyi gəlir 125 milyard dollar olub. Bu rəqəmlər Azərbaycanda neft hasilatı sahəsində qazanılmış ən böyük uğurlardan birinin təcəssümüdür. 
Yeni müqavilənin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki, bu müqavilə ilə kimlərində şübhə ilə yanaşdıqları bir çox mətləblərə aydınlıq gətirilib. Belə ki, “Azəri-Çıraq-Günəşli” neft yatağında yanacaq xammalının tezliklə bitəcəyi barədə xam xəyallara dalan xarici düşmənlərimiz, xüsusilə də Ermənistan hakimiyyəti və erməni lobbisinin ümidləri puç olub. Ona görə ki, yataqların işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev yeni müqavilə haqda deyib ki, bu, Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi: “Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. 
Eyni zamanda, onu qeyd etməliyəm ki, 23 il ərzində kontraktın icrası da çox uğurlu idi. Bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilmişdir. Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq”.
“Azəri-Çıraq-Günəşli” yatağının bu qədər perspektivli olması Azərbaycanın şan-çöhrəti və dünyada mnüfuzunun artması deməkdir. İqtisadiyyatda enerji daşıyıcılarının əsas arqument olduğunu nəzərə alsaq bu əsaslar üzərində qurulan siyasi sanbal barədə də aydın təsəvvürlər formalaşar. Biz yeni müqaviləni mahiyyəti etibarilə “Azərbaycanın gələcəyə baxışı” da adlandıra bilərik. Çünki, müqavilənin əhatə dairəsinə düşən yataqların 2050-ci ildən sonrakı taleyinin proqnozları da ümidvericidir. “Əsrin kontraktının” keçdiyi tarixə nəzərən dövlət başçısının qeyd etdiyi kimi “O vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır”. Bəli, Azərbaycanın uğurlu estafeti uğurla davam edir. Prezident İlham Əliyevin mükəmməlliyi və uzaqgörənliyi təmin edən strateji xətti bu uğurların yolunu işıqlandıran gur məşəl rolunu oynayır.
N.NOVRUZ  

Sizin Reklam Yeriniz