Əlaqə Arxiv
news Image
2017.09.16
10:00
| A A A
Asiya nəhəngləri diqqəti Azərbaycana yönəldir
Məqribdən Məşriqə uzanan iqtisadi qanadları Azərbaycanın nüfuzunu ildən-ilə artırır

Son dövrlərdə Azərbaycanla münasibətlərin daha da genişləndirilməsinə Çin, Hindistan, Yaponiya, Cənubi Koreya kimi dövlətlərin marağının artması müşahidə olunur.  2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Gömrük orqanlarında 2017-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 12 523.79 mln. dollar, ixracın dəyəri 7 223.01 mln. dollar, idxalın dəyəri isə 5 300.78 mln.dollar təşkil edib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 9.24% , o cümlədən ixrac 12.6% , idxal  isə 4.22% azalıb. Beləliklə, cari ilin yanvar-avqust ayları ərzində xarici ticarət dövriyyəsində 1 922 mln. dollar həcmində müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 dəfə çoxdur.
Faktlardan göründüyü kimi ölkə iqtisadiyyatı inkişaf tempini saxlayır və ixrac potensialı üzə çıxarılmaqla getdikcə xaricə daha çox məhsul göndərilir. Bu tendensiya hökumətin qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi layihələr və tədbirlər hesabına daha sürətlə genişlənir. Xüsusilə ərzaq təhlükəsizliyi proqramı üzrə kənd təsərrüfatı məhsullarının çeşidinin və keyfiyyətinin artması məhsullarımızın yeni bazarlara ayaq açmasına imkan verib. Azərbaycan prezidentinin sərəncamı ilə “Made in Azerbaijan” brendinin yaradılması ixracın genişlənməsində güclü stimul rolunu oynayıb. Məsələn, bu günlərdə “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində ölkəmizin “Made in Azerbaijan” vahid stendində öz təbii və keyfiyyətli məhsulları ilə ziyarətçilərin və sərgi təşkilatçılarının diqqətini cəlb edən “Bal Xurma” və “Azərstar” şirkətləri 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüb.
Belə ki, quru meyvə istehsalı və emalı sahəsində yalnız Azərbaycan şirkətləri sərginin təşkilatçısı “ITE Group” tərəfindən mükafatlandırılıb. Bununla da, ilk dəfə olaraq “Worldfood Moscow” Sərgisinə qatılan Azərbaycan şirkətləri ən yüksək mükafatı qazanıb.
Qeyd edək ki, sentyabrın 11-dən öz işinə başlayan 26-cı “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi ayın 14-də başa çatıb. Sərgi çərçivəsində Azərbaycan şirkətlərinin vahid stendi 1000-dən çox xarici şirkətin nümayəndəsi tərəfindən ziyarət olunub, yerli şirkətlərimiz Rusiyaya fındıq, qənnadı məmulatları, şəkərli vanil və qabartma tozu ixracına dair 13 müqavilə imzalayıb, Azərbaycanın vahid ölkə stendi “Ən yaxşı debüt” mükafatına layiq görülüb.
Maraqlı fakt odur ki, Azərbaycan üçün uğurlu keçən sərginin bitdiyi gün Bakıda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə beynəlxalq konsorsiumla yeni müqavilə imzalanıb və işlərin müddəti 2050-ci ilə qədər uzadılıb. Yəni, ən azı həmin vaxta qədər Azərbaycan yenə də neft ölkəsi olaraq qalacaq və iqtisadiyyatın mühüm qolu kimi ölkəyə lazımı dividendləri qazanacaq. Müqavilənin beynəlxalq sədası çox güclü olub. Avropanın tanınmış xəbər agentlikləri bu haqda geniş informasiya dərc ediblər. Bu nailiyyətlərin arxasınca gələn ayın axırında “Bakı-Tiflis-Qars” dəmiryol xəttinin işə salınması gözlənilir. Bu nəhəng nəqliyyat dəhlizinin yolunu Qərbli-Şərqli onlarla ölkə səbirsizliklə gözləyir. Bütün bunlar isə Azərbaycanın gələcək inkişafının saesılmaz zəmanətidir. Təbii ki, bir ölkə bazara keyfiyyətli və əhəmiyyətli məhsul çıxarmağı bacarırsa, onun gələcəyinə təminat varsa və ölkə müstəqil və səmərəli xarici siyasət yürütməyi bacarırsa, onda onunla əməkdaşlıq qurmağa və tərəfdaşlıq etməyə olan meyillər də güclü olar. Bu mənada ölkəmizə xaricdən dövlət və hökumət nümayəndələrinin və eləcə də şirkət təmsilçilərinin gəlməsi labüd və məntiqidir.  
Bunlar həm də Azərbaycanın inkişaf sürətinin artmasına təkan verir. Məsələn, “Bakı-Tiflis-Qars” dəmiryol xətti ilə yükdaşımaların tranzit xərcləri hər il büdcəyə milyonlarla dollar valyutanın daxil olmasına tam təminatdır. Yaxud iki ildən sonra işə salınacaq TAP və TANAP kəmərlər şəbəkəsindən ibarət “Cənub Qaz Dəhlizi” nəinki gəlir gətirəcək, həm də bir sıra Avropa ölkələri ilə hərtərəfli əlaqələrin intişarına rəvac verəcək. Bütün bu səbəblər Azərbaycanın hər bir sahədə qol-qanadının genişlənməsinə təpər verir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz