Əlaqə Arxiv
news Image
2017.09.19
09:45
| A A A
Qərb dünyası Azərbaycanla əməkdaşlığın miqyasını genişləndirir
Elman Nəsirov: “Sözügedən müqavilənin imzalanması ilə Azərbaycanın dünya miqyasında nüfuzu və çəkisi daha da artdı” Yaşar Əsədov: “Bu hadisə Azərbaycanda yeni infrastruktur layihələrinin işıq üzü görməsi, neft sənayesində işlərin intensivləşməsinə rəvac verəcək”

“Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılması Azərbaycanın dünya bazarlarına çıxan enerji dəhlizi kimi rolunu daha da gücləndirəcək. Eyni zamanda gözləmək olarmı ki, bununla Qərb ölkələrinin Azərbaycanla iqtisadi müstəvidə əməkdaşlığı daha da dərinləşsin və belə vəziyyət Azərbaycana hansı üstünlüklər vəd edir?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun fikrincə, sözügedən müqavilənin imzalanması ilə Azərbaycanın dünya miqyasında nüfuzu və çəkisi daha da artdı: “Sentyabr ayının 14-də “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsilə bağlı müqavilə müddətinin 2050-ci ilə qədər uzadılması və yeni sazişin imzalanması heç şübhəsiz, Prezident İlham Əliyevin söylədiyi kimi tarixi bir hadisədir. Eyni zamanda, bu hadisə bir çox suallara cavab verdi. Bir çox bədxahlarımız, ermənipərəst qüvvələr iddia edirdi ki, Azərbaycanın neft ehtiyatları tükənib. Daha Azərbaycanın belə bir neft potensialı yoxdur. Amma müqavilənin imzalanması mərasimində Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, 23 il ərzində 436 milyon ton neft hasil edilib. Amma yeni müqavilənin işə düşməsindən sonra daha 500 milyon tondan artıq neft potensialımız var. Bu da onu göstərir ki, bədxahlarımızın bütün niyyətləri puç oldu. Bir daha bütün dünyaya məlum oldu ki, Azərbaycana qarşı bu sahədə olan ittihamlar kimi, digər sahədə olan ittihamların da heç bir əsası yoxdur. Yəni, Azərbaycanın mövqeyi düzgün mövqedir. 
Həmin müqavilənin bağlanması ilə Azərbaycanın enerji ölkəsi olaraq dünya miqyasında nüfuzu daha da artdı. Bir çox siyasi dairələr hesab edirdi ki, Azərbaycan yalnız qaz potensialına malikdir. İndi isə məlum olur ki, 2018-ci ildən başlayaraq həm Avropaya qaz ixrac edəcəyik, eyni zamanda mövcud olan böyük neft potensialımız hesabına Bakı-Tiflis-Ceyhan neft kəməri fəaliyyətini davam etdirəcək. Bu da çox mühüm hadisədir. Təbii ki, həmin hadisədən sonra neft ölkəsi olaraq Azərbaycanın dünyada nüfuzu daha da qalxıb. Yeni müqavilənin imzalanması eyni zamanda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi deməkdir. Xüsusən də dünyanın nəhəng şirkətləri yeni müqavilədə iştirak edir, investisiya yatırırlar. Bu amil Azərbaycanın geniş etibara malik ölkə olduğunu da bir daha göstərdi. Həmçinin ölkəmizdə investisiya mühiti üçün əlverişli şəraitin olduğunu da bir daha nümayiş etdirdi. Ona görə də nəhəng investorlar, böyük kampaniyalar yenidən Azərbaycanın neft sənayesinə öz vəsaitlərini qoymağa başlayırlar. Bunlar hamısı ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizlik mühitinin olması ilə bağlıdır. Ölkəmizdə inkişaf var. Təbii ki, bütün bunlar da dünyada izlənilir və belə vəziyyət Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsi mənafeyinə xidmət göstərir”.  
İqtisadçı-ekspert Yaşar Əsədov da düşünür ki, yeni müqavilənin işə düşməsilə ölkəmizlə bağlı yeni infrastruktur layihələri də gündəmə gələcək: “Azəri-Çıraq-Günəşli” yatağı 1980-ci ildə kəşf olunub. Öncə yatağın adı sadəcə, “Günəşli” adlanırdı.  O zamankı tədqiqatlara görə, yatağın ehtiyatlarının ümumi həcmi 700 milyon barrelə qədər olub. Onu da qeyd edim ki, sovet dönəmində yatağın ancaq dayaz hissəsində qazma işləri aparılırdı və SSRİ dönəmində təxminən 100 milyon tona neft hasil olundu. Müstəqillik dövründə isə yataq “Azəri-Çıraq-Günəşli” olmaqla 3 hissəyə bölündü. 
Yeni tədqiqatlar aparılan zamanı yatağın ehtiyatları 1 milyard barrel göstərilirdi. Ötən illər ərzində həmin yataqdan 436 milyon ton neft çıxarılıb. Yerdə qalan ehtiyatlar isə çətin hasil olunan dərin qatlarda yerləşən neftdir. BP 90-cı illərdə ora 20 milyard dolalr investisiya qoyub. 5 milyard dollar isə Bakı-Tiflis-Ceyhan kəmərinin tikintisinə sərf edilib. Bu müddət ərzində çıxarılan neft hesabına 1 trilyon dollara qədər vəsait əldə olunub. Ona görə də indi daha böyük həcmdə vəsait qoyulmalıdır ki, dərin qatlardakı neft çıxarılsın. Arzu edirəm ki, bu prosesə ciddi investisiya cəlb etmək mümkün olsun. İnvestisiyanın cəlbi isə Azərbaycanda yeni infrastruktur layihələrinin işıq üzü görməsi,  neft sənayesində işlərin intensivləşməsinə rəvac verəcək. Yəni müqavilənin uzadılmasının Azərbaycana müsbət təsirləri olacaq”. 

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz