Əlaqə Arxiv
news Image
2017.09.19
10:00
| A A A
Azərbaycan iqtisadiyyatı ilə bağlı aparıcı beynəlxalq qurumlar vahid nikbin mövqe sərgilədi
Rəşad Həsənov: “Manatın uzun müddət sabit qalması, iqtisadi dinamikanın artması və investisiya məqsədli yatırımların sürətlənməsi iqtisadiyyatımızla bağlı nikbin proqnozlar verməyə əsas verir” Natiq Cəfərli: “Azərbaycan iqtisadiyaytı ilə bağlı beynəlxalq reytinq agentliklərinin nikbin fikirlər səsləndirməsinin kökündə baş verən bir çox müsbət tendensiyalar durur”

"Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu gələn il Azərbaycan iqtisadiyyatının artacağını bildirirlər. Beynəlxalq qurumların bu nikbin proqnozları nədən qaynaqlanır? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov qeyd etdi ki, beynəlxalq qurumların gələn il üçün  Azərbaycan iqtisadiyyatı ilə bağlı verdikləri nikbin proqnozlar bir sıra amillərdən qaynaqlanır: “Son iki il ərzində bildiyiniz kimi Azərbaycan iqtisadiyyatında kiçilmə baş verib. Artıq ötən iki il ərzində iqtisadi subyektlər mövcud vəziyyətə uyğunlaşıb. Yaranmış vəziyyətin ilkin təsirləri də artıq aradan qalxır. Şirkətlər öz davranış və strategiyalarını yeni şəraitə uyğunlaşdırmağa çalışırlar. Bu amillər də imkan verəcək ki, ölkə iqtisadiyyatı dinamikanı müəyyən qədər artıma doğru dəyişsin. 

Gələn il iqtisadi artımın baş verəcəyində ikinci faktor kimi manatın uzun müddət sabit qalmasını da göstərmək olar. Sabitliyin özü istehsalı təşviq edir. Nəticədə iqtisadi dinamika artır və investisiya məqsədli yatırımları sürətləndirir. İqtisadiyyatda ayrı-ayrı fərdi sektorların inkişafı ilə bağlı hazırlanmış dövlət strategiyaların həyata keçirilməsi zamanı qarşıya qoyulan hədəflərə nail olarkən ümumi daxili məhsulda müəyyən artımların əldə olunması imkanları da vardır. Bu strategiya çərçivəsində görülən işlər iqtisadi dinamikanı durğunluqdan çıxarmaqla yanaşı, investisiya qoyuluşları və nəzərdə tutulan proqramların həyata keçirilməsini də  şərtləndirəcək. Bunun özü də 2018-ci ildə iqtisadi artımın baş verməsinə dəstək verəcək faktorlardan olacaq. Son illər ölkədə qeyri-neft sektorunun inkişafına yönəlik bir sıra tədbirlər həyata keçirilib. Bu istiqamətdə atılan addımlar da heç şübhəsiz gələn il üçün ölkə iqtisadiyyatının böyüməsinə müəyyən qədər öz təsirini göstərəcək. Xarici investisiyaların cəlbi istiqamətində xüsusi proqramların həyata keçirilməsi də iqtisadi aktivliyi dəstəkləyən faktorlardan olacaq. Bütün bu faktorlar ümumilikdə növbəti ildə ümumi daxili məhsulda az da olsa artımın baş verməsini şərtləndirəcək. Ən azından indiki durğunluğu aradan qaldıracaq”. 

İqtisadçı-ekspert Natiq Cəfərli də bildirdi ki, Azərbaycan iqtisadiyaytı ilə bağlı beynəlxalq reytinq agentliklərinin nikbin fikirlər səsləndirməsinin kökündə baş verən bir çox müsbət tendensiyalar durur: “Ölkə iqtisadiyyatının gələn il üçün artacağı ilə bağlı proqnozların verilməsinə ilkin səbəb son iki ildə iqtisadiyyatımızda baş verən daralma ilə bağlıdır. Həmin daralmadan sonra isə üst nöqtəyə qalxmaq üçün adətən bir proses başlayır. Beynəlxalq qurumlar Azərbaycan iqtisadiyyatında gələn il artımların olacağını söyləyərkən məhz bunu nəzərdə tutublar. 

Neftin qiymətində də müəyyən bahalaşma hiss olunur. Keçən neftin ortalama qiyməti 45 dollar oldu. Bu il  55, gələn il isə 60-65 dollar civarında olması gözlənilir. Bunun özü də iqtisadi baxımdan Azərbaycana pozitiv təsir göstərir. Azərbaycan iki böyük layihəni həyata keçirir. Gələn il Türkiyəyə qaz satışına başlayacaq. 2018-ci ildə əlavə 6 milyard kubmetr qaz Türkiyəyə çatdırılmalıdır. Bu yaxınlarda başlanan yeni bir müqavilə çərçivəsində isə ölkənin enerji sektoruna daxili və xarici investorların növbəti axını gözlənilir. Bu isə yeni yatırımlar, yeni iş yerləri deməkdir. Beynəlxalq reytinq agentlikləri məhz bu parametrləri nəzərə alaraq gələn il üçün Azərbaycanla bağlı pozitiv proqnozlar səsləndirirlər. Düzdür, artım o qədər də böyük olmayacaq. Amma bütün proqnozlarda ümumi daxili məhsulun 1 faizə qədər artacağı deyilir”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz