Əlaqə Arxiv
news Image
2017.09.20
08:00
| A A A
Azərbaycan qeyri-neft məhsulları hesabına daha çox valyuta əldə etməyə başlayıb
Vüqar Bayramov: “Proses davamlı xarakter daşıyır və növbəti aylarda əvvəlki dövrlə müqayisədə qeyri-neft sektoru üzrə ixracın daha da artmasını müşahidə edəcəyik” Vahid Əhmədov: “Ölkənin ixrac potensialı məhz qeyri-neft sektorunun payının çoxalması hesabına artır”

Bu ilin 8 ayında Azərbaycanda qeyri-neft ixracı 30 faizdən çox artıb. Ümumi ixracın qeyri-neft sektoru üzrə həcmi artıq 1 milyard dollara yaxınlaşır. Bu vəziyyətdə demək olarmı ki, qeyri-neft sektoru Azərbaycana getdikcə daha çox valyuta qazandıracaq? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, prosesin gedişi qeyri-neft sektorunun ixrac imkanlarının genişlənməsi və belədə ölkəyə daha çox valyuta qazandırmağa imkan verdiyini göstərir: “Qeyri-neft sektorunun ixrac imkanlarının artırılması bildiyiniz kimi, Azərbaycan üçün prioritet məsələdir. Azərbaycan birmənalı şəkildə qeyri-neft sektorunun ixrac potensialının artırılması və bu sahəyə diqqətin genişlənməsi istiqamətində islahatları davam etdirir. 
İqtisadi diversifikasiya qeyri-neft sektoru üzrə məhsulların ixracatında özünü ehtiva edir. Məqsəd də ondan ibarətdir ki, Azərbaycan qeyri-neft sektoru üzrə daha çox məhsulların ixracına nail ola bilsin. Sözsüz ki, bu, birdən-birə deyil, mərhələli şəkildə həyata keçirilən bir prosesdir. Ümumi ixracatda qeyri-neft sektorunun payının kəskin artırılması və ən azından tən yarısının məhz bu sahə üzrə istehsal olunan məhsullar üzrə formalaşması vaxt tələb edir. Bununla belə cari ilin geridə qalan ayları üzrə əldə olunan nəticələr göstərir ki, artıq indidən həmin istiqamətdə uğurlar əldə olunur. 
Qeyr-neft sektorunun, xüsusən də aqrar sahənin imkanlarının genişlənməsi müşahidə olunur. Bu, təbii ki, həm də strateji yol xəritəsi üzrə həyata keçirilən fəaliyyətlərlə bağlıdır. Çünki strateji yol xəritəsinin həyata keçirilməsi nəticə etibarı ilə qeyri-neft sektorunun ixrac  imkanlarının genişləndirilməsinə gətirib çıxarır. Bu baxımdan görürük ki, proses davamlı xarakter daşıyır və növbəti aylarda da əvvəlki dövrlərlə müqayisədə qeyri-neft sektoru üzrə ixrac imkanlarının artmasını müşahidə edəcəyik. Belə vəziyyət də ixracatın strukturunun şaxələnməsi və daha çox diversifikasiya olunmasına şərait yaradacaq. Bu da təbii ki, neftdən asıllığın aradan qaldırılması üzrə prosesin başlanması və islahatların davam etdirilməsi kimi xarakterizə oluna bilər”. 
Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov da bildirdi ki, tədricən ixracatda qeyri-neft sektorunun çəkisinin artması prosesi sürətlənəcək: “Bildiyiniz kimi, qeyri-neft sektorunun inkişaf etdirilməsinə dair islahatlar, bu istiqamətdə strateji yol xəritəsinin həyata keçirilməsi artıq 2016-cı ildən başlayaraq ölkə Prezidenti tərəfindən işlənib hazırlanıb. Burada başlıca məqsəd də qeyri-neft sektorunun inkişafına nail olmaqdan ibarətdir. Yəni, ölkəmiz postneft dövrünə hazırlıq görür. Bunun nəticəsidir ki, 2016-cı ildən başlayaraq Azərbaycanda əsas diqqət məhz qeyri-neft sektoruna yönəldilir. Xüsusən də kənd təsərrüfatı məhsullarının ixracına diqqət həddən artıq yüksəlib. Onun nəticəsində kənd təsərrüfatı məhsulları üzrə ixrac imkanları xeyli artıb. Bu da Azərbaycan üçün ciddi əhəmiyyət daşıyır.
 Uzun fasilədən sonra məhz qeyri-neft sektorunun ixrac imkanlarının artması ilə ilk dəfə olaraq ölkənin ticarət balansında müsbət saldo yaranıb. Yəni, ixrac idxalı üstələyib. Bu, həm idxal-ixrac əməliyyatlarına hökumətin ciddi nəzarət  etməsi, həm də ixracın stimullaşdırılması, təşviqilə əlaqədar verilən qərarlarla bağlıdır. Nəticədə tədricən ölkənin ixrac potensialı məhz qeyri-neft sektorunun payının çoxalması hesabına artır. Bu da çox müsbət haldır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz