Əlaqə Arxiv
news Image
2017.09.22
09:00
| A A A
Müddəti uzadılan “Əsrin müqaviləsi” qeyri-neft sektorunun da inkişafına yeni təkan verəcək
Fikrət Yusifov: “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması Azərbaycanda ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafına və iqtisadiyyatın bütövlükdə real sektora transformasiya olunmasında mühüm rol oynayacaq”

Məlumdur ki, “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadıldı. Bu, neft sektoruna yeni “nəfəs” verdi. Əsas olan “Əsrin müqaviləsi”nin yenilənmiş variantının qeyri-neft sektorunun inkişafında nə dərəcədə rol oynayacağıdır. İqtisadçıların fikrincə, neft pullarının köməyi ilə real sektorun sürətli inkişafı təmin ediləcək. Nəticədə yaxın illərdə Azərbaycan iqtisadiyyatının neftdən asılılığını optimal həddə endirmək mümkün olacaq.

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, “Əsrin müqaviləsi” nin müddətinin 2050-ci ilə qədər uzadılması Azərbaycanda ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafına və iqtisadiyyatın bütövlükdə real sektora transformasiya olunmasında mühüm rol oynayacaq: “Bu müqavilənin birinci dövründə Azərbaycan iqtisadiyyatında hansı uğurların qazanıldığından hər kəs xəbərdardır. Bir sözlə, “Əsrin müqaviləsi”nin ötən dövrdə Azərbaycana verdiyi dividendlər kifayət qədər böyükdür. 
Azərbaycan bu dönəmdə dəyəri milyardlarla manat olan iri infrastruktur layihələrinə imza atmaqla, ölkənin ən vacib problemlərinin yüksək səviyyədə həllinə nail ola bildi. Bu gün Azərbaycanın bütün bölgələrində işıq, qaz, su problemi demək olar ki, yox dərəcəsindədir. Minlərlə kilometr yeni, müasir yolların salınması, Bakı şəhərində yol infrastrukturunun yenidən qurulması, ölkənin bölgələrində və paytaxtda nəqliyyatın hərəkəti sahəsindəki çətinliklərin tamamilə aradan qaldırılması mühüm hadisədir. Aqrar sektorun su təchizatının təmin edilməsi  məqsədilə tikilən yeni su anbarları on min hektarlarla  torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə şərait yaratdı. Bu müddət ərzində Azərbaycan həm də bölgənin ən böyük tranzit yükdaşımalar ölkəsinə çevrildi. Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən nəhəng layihələr reallaşdırıldı. 
Ölkədə turizmin inkişafına göstərilən dövlət dəstəyi onu bütün dünyada ən cəlbedici turizm zonalarından birinə çevirə bilib. Bu gün isə Azərbaycan qeyri-neft sənayesinin inkişafında əsaslı dönüşün ərəfəsindədir. Artıq biz tək xam neft və xam qaz ixcatçısı deyil, bu xammallardan son məhsullar hazırlayırıq. Aqrar sektorumuz uğurlu islahatlar yolu keçərək bu gün ölkəyə xarici valyuta axınını təmin edə biləcək ənənəvi strateji məhsulların istehsalını on dəfələrlə artıra bilib. Qeyri-neft sektorunun sadaladığımız əsas sahələrində əldə edilmiş bu uğurlar məhz dövlətin dəstəyi nəticəsində mümkün ola bildi. Bu gün Azərbaycanda azad sahibkarlıq, biznes üçün çox münbit bir mühit yaradılıb. Bunu ilk növbədə böyük neft pullarının hesabına reallaşdırılan iri infrastruktur layihələri hesabına etmək mümkün oldu. Növbəti mərhələdə isə neft pullarının köməyi ilə real sektorun sürətli inkişafı təmin ediləcək. Nəticə etibarilə yaxın illər ərzində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı optimal həddə endiriləcək. Bu isə ölkədə aparılan iqtisadi islahatların baş hədəfidir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz