news Image
2017.10.05
08:00
| A A A
Aqrar sahənin inkişafı iş yerləri ilə bağlı yeni dinamika yaradır
Rəşad Həsənov: “Kənd təsərrüftında aparılan islahat 50 faizdən çox məşğul olan əhalinin həyat səviyyəsinə müsbət təsir göstərir” Əli Əlirzayev: “Məşğulluğu təmin etmək üçün aqrar və turizm sektorları vacib amildir”

Məlumdur ki, aqrar sahənin inkişafına diqqət artır. Bu istiqamətdə ənənəvi sahələrin bərpası sürətlənib. İqtisadçıların fikrincə, bu vəziyyət bölgələrdə iş yerlərinin sayının artmasında əhəmiyyət kəsb edəcək.  Xüsusən də qadınların məşğulluq səviyyəsinə müsbət təsirləri olacaq. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, 2015-ci ilə qədər Azərbaycanda urbanizasiya prosesi sürətlə gedirdi: “Ancaq 2015-ci ildə xüsusi ilə tikinti sahəsində geriləmə əhalinin regionlara qayıtmasını zərurətə çevirdi. Belə bir şəraitdə aqrar sahədə islahatların həyata keçirilməsi, gəlirliyinin təmin edilməsi aqrar sektorun cəlbediciliyini artırdı. Aqrar sektorda təşviqedici addımlar atmaqla insanlar yenidən ənənəvi sahə meyllənə bilər. Beləliklə də region əhalisinin məşğulluq səviyyəsi artırıla bilər. Hazrıda bu proses getməkdədir. 
Onu da nəzərə almaq laızmdır ki, əhalinin 36 faizinin məşğulluq sahəsi aqrar sahədir. Bu göstəricini Bakıya tətbiq etmək olmaz. Bu, regionların payına düşür. Odur ki, regionlarda məşğulluğun 50 faizdən çoxu məhz kənd təsərrüfatını payına düşür. Kənd təsərrüftında aparılan islahat 50 faizdən çox məşğul olan əhalinin həyat səviyyəsinə müsbət təsir göstərir. Bundan başqa, əlavə işçi qüvvəsinə tələb formalaşdırır. Bu da son nəticədə regionlarda işsizlik problemini müəyyən qədər yumşalda bilər”.
Ekspert əlavə etdi ki, aqrar sektorda əsasən ailə təsərrüfatlarıdır: “Bizdə kooperasiyalar zəif inkişaf edib. Hazırda aqrar sektorda istehsal edilən məhsulun böyük hissəsi məhz ailə təsərrüfatlarının payına düşür. Bu isə onu deməyə əsas verir ki, növbəti dövrlərdə aqrar sahədə fəaliyyət gəlirli olacaqsa, bu, ailə üzvlərinin prosesə cəlb edilməsini gücləndirə bilər. Odur ki, ailə təsərrüfatına qadınların da cəlb olunması gündəmə gəlir. Gəlir varsa, daha çox işləmə meylləri güclənir. Bu isə  əlavə əmək deməkdir. Odur ki, prosesə daha çox ailə üzvlərini cəlb etməklə istehsalı gücləndirməyə çalışacaqlar. Aqrar sektorda inkişaf qadın məşğulluğunun artımına şərait yaradacaq”.
Digər iqtisadçı-ekspert Əli Əlirzayev bildirdi ki, regionların sosial inkişafının qarşısını alan amil məhz məşğulluq idi: “Məşğulluğu təmin etmək üçün aqrar və turizm sektorları vacib amildir. Elə turizmin inkişafı da aqrar sektordan asılıdır. Əsasən əməktutumlu sahələr inkişaf etməlidir. Hansı ki, bu da aqrar sektordadır. 
Aqrar sahənin inkişafı yeni iş yerlərinin açılması deməkdir. Elə sənayenin inkişafı da aqrar sənayenin üzərində qurulur. Düzdür, aqrar sektorun ümumi daxili məhsulda payı 10 faiz ətrafında dəyişir. Buna baxmayaraq, əməktutumlu sahədir. Ev təsərrüfatları məhz aqrar sektorla bağlıdır. Ona görə də böyük-böyük zavodların tikilməsi vacib deyil. Kiçik sahibkarlığın inkişafı aqrar sektorda daha çox tətbiq oluna bilər. Ev təsərrüfatına da yalnız kişilər yox, qadınlar, hətta uşaqlar da cəlb olunur. 14-16 yaşlı uşaqların sayı çox olan ailədə ev təsərrüfatından gələn gəlirlər daha çoxdur. Çünki ailə üzvlərinin hamısı ev təsərrüfatında işləyirlər. Ona görə aqrar sahənin inkişafı qadınların məşğulluğu üçün də əhəmiyyət kəsb edir”.
Mübariz BAYRAMOV