Əlaqə Arxiv
news Image
2017.10.07
08:00
| A A A
Maaş və pensiyalar artırılır
Fikrət Yusifov: “Artıq islahatların nəticəsi real sektorun bir çox sahələrində özünü büruzə verməyə başlayıb”

Qeyri-neft sektorunda aparılan islahatlar öz bəhrəsini verir. 2017-ci ildə ixrac idxalı üstələyib və müsbət saldo yaranıb. Bunlar 2018-ci ilin dövlət büdcəsinə müsbət təsirini göstərəcək. 2018-ci ilin dövlət büdcəsi 2017-ci ildən çox olacaq. Bu səbəbdən gələn il maaş və pensiyada artımların olması gözlənilir. Artıq bununla bağlı rəsmi anonslar da var. İqtisadçılar gələn il əmək haqlarının artırılmasının iqtisadi əsası olduğunu düşünürlər. 

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə Azərbaycan hökumətinin genişmiqyaslı iqtisadi islahatlarla cavab verməsi yaranmış vəziyyətdə ən doğru seçim idi: “2015-ci ilin sonlarından başlayaraq iqtisadi inkişafın yeni mərhələsini formalaşdırmağa köklənmiş bu islahatlar yolu qısa bir zaman kəsiyində qeyri-neft sektorunda əsaslı dəyişikliklərə yol açdı. Artıq islahatların nəticəsi real sektorun bir çox sahələrində özünü büruzə verməyə başlayıb. Məsələn, ümumi iqtisadiyyatda hələlik yüksək nəticələr qeydə alınmasa da (bu, ilk növbədə ölkədə neft hasilatının aşağı düşməsi ilə bağlıdır), Azərbaycan iqtisadiyyatının real sektorunun əsasını təşkil edən qeyri-neft sənayesində cari ilin səkkiz ayı ərzində 4,3% artım əldə edilib. Aqrar sektorda da buna uyğun nəticələr var və ilin yekunları üzrə bu göstəricilərin daha yüksək olacağı gözlənilir. 
Ölkədə turizmin inkişafı geniş vüsət almaqdadır. Bu sahənin inkişaf sürətinə görə biz bu gün turizmin ənənəvi inkişaf etdiyi bütün ölkələri qabaqlayırıq. Bu gün Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycan qədim İpək Yolunun bərpasını başa çatdırmış oldu. Bu yolun istifadəyə verilməsi Azərbaycanın regionun ən iri və ən əlverişli nəqliyyat dəhlizinə çevrilməsi deməkdir. Cənubla, şərqlə qərbi birləşdirən Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə yüz milyonlarla yükün Azərbaycan üzərindən daşınması ölkənin valyuta gəlirlərinin artırılmasına imkan verəcək. Azərbaycan iqtisadiyyatı üçün müəyyən edilən islahatlar yolu yaxın və orta perspektivdə onun sürətlə inkişaf etməsinə yaxşı zəmin yaratdı. Hökumətin tutduğu bu yol beynəlxalq maliyyə və iqtisadi mərkəzlərinin və reytinq agentliklərinin diqqətindən yayınmadı. Elə bu səbəbdəndir ki, son bir neçə il ərzində Azərbaycanın beynəlxalq aləmdəki iqtisadi nüfuzu artır və möhkəmlənir. 
Son illər ərzində aparılan iqtisadi islahatların ölkədə azad sahibkarlığın inkişafına açdığı meydan, həm xarici və həm də yerli investorların böyük marağına səbəb olub. Bu gün hər bir investor ictimai siyasi sabitliyin mövcud olduğu və investisiya mühitinin maksimum əlverişli olduğu Azərbaycana vəsait yatırmaqda maksimum maraqlıdır. Bu gün Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı" indeksi reytinqində bir sıra ölkələri qabaqlayaraq 35-ci yerdə qərarlaşması aparılan iqtisadi islahatların məntiqi nəticəsidir. Bu göstəriciyə görə, Azərbaycan dünyanın hər 4 ölkələsindən 3-nü üstələməyi bacarıb. Hətta «Böyük 20-liyə» daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi nəhəng ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Azərbaycan rəqabət qabiliyyətinin gücünə görə MDB məkanında liderdir. 
Prezidenti İlham Əliyevin oktyabrın 2-də “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə çıxışı zamanı “Gələn il isə sürətli iqtisadi inkişaf ili olacaqdır” deməsi, məhz bu islahatların verdiyi imkanlara söykənərək səsləndirilən fikirlərdir. İqtisadi inkişafın sürətlənməsi ölkənin maliyyə imkanlarının da genişlənməsi deməkdir.  İlkin məlumatlara görə, gələn ilin dövlət büdcəsinin həcmi də cari ildəkindən artıq gözlənilir. Belə olan halda əmək haqlarını və təqaüdləri artırmaq imkanları yarana biləcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz