news Image
2017.10.07
09:00
| A A A
Qızıl ehtiyatlarının artırılması aktuallaşdı

Rusiya Bankı (Mərkəzi Bank) beynəlxalq ehtiyatlarında qızılın payını artırmağa davam edir.  Cari ilin ilk 9 ayında Rusiya Bankı 4,2 milyon unsiya və ya 5,3 milyard ABŞ dolları həcmində qızıl alıb. Qeyd edək ki, ötən illə müqayisədə Rusiyanın qızıl alışı 15% artıb. Sanksiyalardan əvvəlki dövrlə müqayisədə isə bu göstərici 2 dəfə yüksəlib.

Rusiya Bankının orta hesabla yarım ildə 100 ton qızıl aldığı bildirilir ki, bu da dünyanın bütün mərkəzi banklarının məcmu qızıl alışından çoxdur. Hazırda Rusiya qızıl ehtiyatlarının həcminə görə dünyada 7-ci sıranı tutur. Əgər rəsmi Moskva bu templə alışı davam etdirərsə, artıq 2018-ci ilin ortalarında Rusiya 1 842 ton qızılı olan və hazırda 6-cı pillədə qərarlaşan Çini də ötə bilər. Qeyd edək ki, Çin də qızıl alışını artırır. Bu fonda ölkəmizin də  qızıl ehtiyatlarını artırması gündəmə gəlir.  
Nəzərə alaq ki, Azərbaycanın ehtiyatlarında qızılın payı çox azdır. İqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, xüsusi ilə 2008-ci böhranından sonra dünya ölkələrində qızıl daha risksiz maliyyə aləti kimi qiymətləndirildi: “Ona görə də qızıla daha çox maraq göstərməyə başladılar. Elə qızılın qiymətinin bu qədər yüksəlməsinə dövlətlərin investisiya etməsi də səbəb oldu. Bu parametrlər çərçivəsində Azərbaycanda da müəyyən miqdarda qızıl alındı. Hələlik həmin qızıl saxlanılır. 
Düzdür, bu gün Azərbaycanın qızıl rezervləri çox deyil. Azərbaycan Dövlət Neft Fondunun imkanları həmin ölkələrin fondlarının inmkanları qədər geniş deyil. Bu mənada hələlik gözləmək məqsədəuyğun olardı. ABŞ Federal Ehtiyat Sisteminin qərarı vacibdir. Bundan başqa, pul siyasətində Avropa Mərkəzi Bankının müəyyən dəyişiklər edəcəyi gözlənilir. Eyni zamanda nəzərə alaq ki, dünya iqtisadiyyatında hələ də müəyyən risk təzyiqləri var. Bundan başqa, ciddi siyasi qarşıdurmalar da hökm sürür. Bu risklər artıb dünya iqtisadiyyatında mənfi tendensiya yaradacaqsa, qızılın qiymətinin bir qədər də yüksələcəyi gözləniləndir. Bu tendensiyanı gözləmək lazımdır. Əgər proseslər bu cür gedərsə, qızıla invesitisya etmək məqbuldur”.

Mübariz BAYRAMOV