Əlaqə Arxiv
news Image
2017.10.10
08:00
| A A A
Qeyri-neft sektorunda artım təmin edilir

Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası Azərbaycanın qlobal böhran şəraitində belə mühüm makroiqtisadi uğurlara imza atdığını təsdiqləyir. Qeyri-münbit iqtisadi vəziyyət fonunda hesabat dövründə ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq və uğurlu hesab oluna bilər. 

Nazirlər Kabinetinin dünən keçirilən iclasında qeyd olunduğu kimi, hesabat dövründə qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Yanvar-sentyabr aylarında Azərbaycanın valyuta ehtiyatlarının 4,5 milyard dollar həcmində artaraq 42 milyard dollar səviyyəsinə yüksəlməsi də son dərəcə uğurlu nəticələrdən biridir. Digər mühüm uğur hesabat dövründə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getməsi, bu müddətdə 226 min yeni iş yerinin açılmasıdır. Ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələr uğurla icra olunub.
Ötən dövrdə manat xarici valyutalara nisbətdə nisbətən möhkəmlənib, ölkədə istehlak qiymətlər indeksi (inflyasiya) qənaətbəxş səviyyədə olub. Ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənib. 
Ümumiyyətlə, neft-qaz gəlirlərindən asılılığın azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti son 14 ildə qeyri-neft sektorunun inkişafı və biznes mühitinin liberallaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olub. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin fəaliyyətinə geniş imkanların yaradılması yolu ilə yerli istehsalın stimullaşdırılması, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişafın təmayülünü qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Nəticədə qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələyib. 
Regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunub. Dövlət proqramlarında müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadəsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Sahibkarlıq mühiti yaxşılaşdırılmış, iqtisadiyyatın inkişafına investisiyalar təşviq edilmiş, ixracyönümlü məhsul istehsalı stimullaşdırılmışdır. Müasir tipli infrastruktur obyektlərinin yaradılması, yolların bərpası və digər tədbirlər də qeyri-neft sektorunun dinamik artımına zəmin yaratmışdır. 
Regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu il büdcə xərclərinin azaldılması təmin edilib. 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edir və bu da əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azdır. Beləliklə, yerli gəlirləri öz hesabına təmin edən rayon və şəhərlərin sayı 33-ə çatdırılıb. Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edir, bu rayonlara dotasiya ayrılmır.
Bu və digər tədbirlər regionlarda sahibkarlığın inkişafına və biznes mühitinin yaxşılaşmasına əsaslı təkan vermişdir: qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmini, 400-dən çox elektron xidmətin göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, 1200-dək maarifləndirmə, biznes forumların, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır. Son illər respublika regionlarında müasir tələblərə cavab verən və yüksək texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin istifadəyə verilməsi dünya bazarlarına rəqabətə davamlı məhsulların çıxarılmasına, bütövlükdə ixracın şaxələndirilməsinə imkan yaratmışdır.
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Azərbaycan təcrübəsində sahibkarın dövlətin maliyyə imkanlarından əlverişli şərtlərlə bəhrələnməsinin, xüsusilə qeyri-neft sektorunda səmərəli investisiya layihələrinin reallaşdırılması məqsədilə uzunmüddətli kreditlər almasının pozitiv nümunəsinə çevrilmişdir: bunun nəticəsi olaraq 2017-cı ilin ötən dövründə biznes mühiti daha da liberallaşmış, qeyri-neft sektorunun real artımı təmin edilmişdir. Bunun nəticəsi olaraq Azərbaycanda xarici investisiyalar da artmışdır. 
Ötən dövrdə Strateji Yol Xəritələri çərçivəsində fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilmiş və razılaşdırılmış, büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilmiş, habelə proqnoz göstəriciləri hazırlanmışdır. Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanmışdır. Makroiqtisadi koordinasiya təmin edilmiş, məzənnə rejiminin çevikliyi artırılmışdır. Bank sektorunun hərtərəfli diaqnostikası aparılmış, kapital çatışmazlığı olan bir sıra bankların restrukturizasiyasına dair tədbirlər planları hazırlanıb. Strateji yol xəritələri çərçivəsində logistika, ticarət, kənd təsərrüfatı, kommunal sektor üzrə bir sıra işlər görülüb.
2018-ci ilin dpvlət büdcəsi layihəsinə əsasən, ÜDM-də qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisini yüksəltmək, büdcə gəlirlərinin yığım əmsalını artırmaq, dövlət büdcəsi xərclərinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək, büdcədən maliyyələşən təşkilatlar üzrə adambaşına maliyyələşdirmə prinsipinə keçmək, yerli dövlət proqramları və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə uzlaşdırılması üçün tədbirlər görmək, xərclərin investisiya və sosial yönümlülüyünə üstünlük verməklə sosial siyasəti gücləndirmək, büdcə xərclərinin son nəticəyə əsaslanan məqsədli proqramlar əsasında tərtibini davam etdirmək kimi strateji məqsədlər qarşıda durur. 
Bundan başqa, qarşıda iqtisadiyyatın, o cümlədən sahibkarlığın, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək, ölkənin müdafiə qüdrətinin, təhlükəsizliyinin və hərbi potensialının artırılması istiqamətində büdcə siyasətini davam etdirmək, dövlət büdcəsindən müəssisə və təşkilatlara verilən maliyyə yardımlarının və transfertlərin istifadə mexanizmini təkmilləşdirmək və effektivliyi artırmaq, iqtisadi irəliləyişlərə şərait yaradan qanunvericilik bazasını gücləndirmək, qeyri-neft gəlirlərinin artımı hesabına dövlət büdcəsi kəsirinin azaldılmasına və kəsirin idarə olunan səviyyədə saxlanılmasına nail olmaq kimi hədəflər durur.
Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yüksəlişində sahibkarlar da daha böyük rol oynamağa başlayırlar. Bütün bunlar faktiki olaraq ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiyyata yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi, bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir. 

Samir Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə dəstəyi çərçivəsində çap olunub

Sizin Reklam Yeriniz