news Image
2017.10.09
16:52
| A A A
İlham Əliyev: Bəzi hallarda yubanmalara yol verilsə də, strateji yol xəritələrinin icrası təmin edilir

Bəzi hallarda yubanmalara yol verilsə də, strateji yol xəritələrinin icrası təmin edilir.

Movqe.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

İlham Əliyev bildirib ki, digər vacib olan sahələrdə də yaxşı nəticələr var: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi demək olar ki, başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur. Bu da tarixi layihədir. Yəni, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir. Təsəvvür etmək mümkün deyil ki, əgər “Əsrin kontraktı” imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsaiti yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi.

Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib, Əlbəttə ki, bu, bizim hamımızı çox sevindirir. Növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq”.

Prezident əlavə edib ki, bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır: “Strateji yol xəritələrinin icrası təmin edilir. Düzdür, bəzi hallarda yubanmalara da yol verilir, ancaq bütövlükdə çox ciddi islahat olmuşdur. Sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşmüşdür. Onu qeyd etməliyəm ki, 200-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihə, bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək. Yəni, görün, bir ciddi islahatın aparılması ilə biz 1,7 milyard manat özəl sektor sərmayəsini Azərbaycana cəlb etdik. Deməli, biz buna çoxdan keçməli idik. Biz əvvəlki dövrlərdə də investisiya təşviqi mexanizmi haqqında danışmışdıq. Burada müəyyən əngəllər, müxtəlif fikirlər olmuşdur. Ancaq həyat bunu göstərir ki, bu, nə qədər düzgün addım olmuşdur”.

Dövlət başçısı ixracın təşviqi mexanizminin işə düşdüyünü bildirib: “Mən ixracla bağlı bəzi rəqəmləri sonra səsləndirəcəyəm. Bu mexanizm də çox ciddi təsir göstərmişdir. Ona görə bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq. Bu gün bölgələrdə, böyük şəhərlərdə, Bakıda quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı, sənaye zonalarının yaradılması - bütün bunlar reallıqdır. Bizim siyasətimiz ictimaiyyət tərəfindən, sahibkarlar tərəfindən bəyənilir və dəstəklənir.

Əlbəttə ki, bizim iqtisadi sahədə uğurlarımızı göstərən, əks etdirən Davos Dünya İqtisadi Forumunun hesablamalarıdır. Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırır. Beləliklə, 140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Bu, böyük uğurumuzdur, tarixi nailiyyətdir. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında liderliyi saxlayırıq, qoruyuruq. Bu, əslində bizim iqtisadi siyasətimizin uğurlarını dünyanın ən mötəbər iqtisadi forumu olan Davos Forumu tərəfindən qiymətləndirilməsi deməkdir.

Biz onsuz da bilirdik ki, düzgün yoldayıq. Bizim iqtisadi siyasətimiz real həyatda öz əksini tapır. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəslə yatırmalarını təmin etmişdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir”.

İlham Əliyev deyib ki, ilin sonuna qədər qalan işlər də görüləcək: "Əminəm ki, gələn il daha da yaxşı iqtisadi göstəricilərimiz olacaqdır. Bu ilin göstəriciləri də çox müsbətdir. İlin doqquz ayının yekunları göstərir ki, istər beynəlxalq sahədə, istər daxili siyasətlə, iqtisadi siyasətlə bağlı bütün istiqamətlər üzrə çox gözəl nəticələr var. Bu, bir daha bizim düzgün yolda olmağımızı göstərir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs