Əlaqə Arxiv
news Image
2017.10.12
08:00
| A A A
Suvarma hesabına məhsuldar torpaqların həcmi artırılır
Qadir Bayramlı: “Suvarılma kənd təsərrüfatı torpaqlarının iqlimə bağlılığını azaldır” Mirnaib Mirsalahov: “Kənd təsərrüfatında məhsuldarlıq bilvasitə suvarmadan asılıdır”

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda toxunulan məsələlərdən biri də aqrar sektordakı vəziyyət oldu. Prezident İlham Əliyev bildirib ki, infrastruktur layihələri arasında meliorasiya məsələləri indi ön plandadır: “Bu layihələrin icrası artıq öz səmərəsini verib. Bu il nəzərdə tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilsin və biz bu hədəfə çatmalıyıq. Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha da sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq. Bu da təbii ki, özlüyündə kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək”.

Aqrar mütəxəssislərin fikrincə, suvarılan sahələrin həcminin genişlənməsi kənd təsərrüfatının inkişafına ciddi şəkildə müsbət təsir göstərəcək. Belə ki, aqrar sahədə məhsuldarlığın artımını şərtləndirən amillərdən biri məhz suvarılma sisteminin yüksək səviyyədə olmasıdır. Bu fonda hətta müəyyən məhsullar üzrə ixrac həcmini artıra bilərik.
İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, aqroparkların, digər iri kənd təsərrüfatı müəssisələrinin yaradılması haqqında yüksək səviyyədə qərarlar qəbul olunub: “İndiki vəziyyətdə Azərbaycanda 1 milyon 400 min hektara yaxın suvarılan torpaq sahəsi var. Kənd təsərrüfatı məhsullarının 90 faizi həmin torpaqlardan əldə edilir. Bu  torpaqların 600 min hektarına qədərində kollektor-drenaj sistemi tətbiq olunur. Amma bu yetərli deyil. Ölkədə yeni su anbarlarını yaradılması, suvarılma sisteminin genişləndirilməsi üçün imkanlar var. Bu imkanları dəyərləndirmək lazımdır. Həyata keçirilən tədbirlər nəticəsində təxminən 200 min hektar sahəni əkin dövriyyəsinə daxil etmək olar”.
Ekspert qeyd etdi etdi ki, əvvəllər suvarılmanın tətbiq edilməyən sahələrdə suvarılmanın tətbiqi aqrar sahəyə böyük fayda verəcək: “İlk növbədə kənd təsərrüfatında məhsuldarlığın artmasına səbəb olacaq. Digər tərəfdən yaralı torpaqların həcmini artıracaq. Həmçinin suvarılma kənd təsərrüfatı torpaqlarının iqlimə bağlılığını azaldır. İstehsalda davamlılıq təmin edilir. Tərəvəz yetişdirilməyən bölgələrdə tərəvəz yetişdirmək imkanları ortaya çıxır. Eyni zamanda kənd təsərrüfatında məhsulların çeşidinin artırılmasına imkan verir. Ən əsası, kəndlərdən şəhərə köçün qarşısını almağa kömək edə bilər”.
Müsahibimiz əlavə etdi ki, suvarılmada mövcud bəzi problemlərin həll edilməsi lazımdır: “İlk növbədə nəzərə alaq ki, torpaq sahələrimiz kiçikdir. Bu da müasir suvarma sistemlərinin tətbiqini çətinləşdirir. Digər tərəfdən yalnış suvarma torpağın keyfiyyətini azaldır, şoranlaşma və digər mənfi fəsadlara səbəb ola bilir. Hazırda bizdə köhnə suvarma sistemləri mövcuddur. Onlardakı itkilərin qarşısını almaqla suvarma effektivliyini artıra bilərik. Digər tərəfdən, dünyanın bir çox ölkələrində müasir effektiv suvarma sistemləri var. Bunların tətbiqi kənd təsərrüfatına xeyli dərəcədə müsbət təsir edəcək. Ümumiyyətlə, suvarma işləri ilə bağlı yeni qərarların həyata keçirilməsi kənd təsərüfatında yeni canlanmaya səbəb ola bilər”.
Azərbaycan Dövlət Aqrar Universitetinin Meliorasiya və hidrotexniki qurğular kafedrasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, universitetin professoru Mirnaib Mirsalahov bildirdi ki, kənd təsərrüfatında məhsuldarlıq bilvasitə suvarmadan asılıdır: “Hazırda ölkədə bu sahədə vəziyyət qənaətbəxşdir. Eyni zamanda bu sahədə işlər davam etdirilir. Nəzərə alaq ki, ölkə rəhbərliyi səviyyəsində göstərişlər verilib. Sahələrə yeni kanallar çəkiləcək, köhnələri bərpa olunacaq. 
Artıq ölkəmizdə yeni suvarma sistemi tətbiq edilir. Xüsusən də Kür-Araz ovalığının böyük ərazilərində, Qazax bölgəsində yeni yağışyağdırıcı qurğular qurulub. Həmin xüsusi qurğuların hərəsi təxminən 100 hektar ərazinin suvarılmasını təmin edir. Sözügedən qurğuları ABŞ, Rusiya, Avropanın müxtəlif ölkələrindən gətirilib. Damcılama suvarma sistemindən də geniş istifadə olunur”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz