Əlaqə Arxiv
news Image
2017.10.12
09:30
| A A A
Hava limanında Azad İqtisadi Zona Azərbaycana daah çox qazanc gətirəcək
Natiq Cəfərli: “Hava limanında AİZ-in yaranması ilə ticarətdə canlanma, liman ətrafında yeni ticarət komplekslərinin tikintisi baş verəcək” Əli Əlirzayev: “Ölkəmizə əlavə gəlir gətirəcək, yeni iş yerləri yaradılacaq”

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azad İqtisadi Zona (AİZ) yaradılacaq. Bu barədə məlumatı "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Bakıda keçirilən "Caspian Air Cargo Summit 2017" VII Beynəlxalq konfransında deyib. 

O bildirib ki, layihənin icrası üçün qanunvericilik bazası artıq təsdiq edilib. Onun icrası ilə bağlı tədbirlər planı hazırlanır. Hava limanında Azad İqtisadi Zonanın yaradılması Azərbaycana hansı üstünlüklər yaradacaq, xarici sərmayənin axınına necə təsir edəcək?
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, hava limanında azad iqtisadi zona ticarət məntəqələrinin yaradılması fonunda mövcud ola bilər ki, bu da ticarətdə yeni canlanmaya səbəb olacaq: “Bütün dünyada hava limanlarında yaradılan azad iqtisadi zonalarda ölkəyə gələn və ölkədən çıxan məhsullarla vergi və gömrük rüsumlarından azad olunmuş şəkildə alış-veriş aparılır. Bu mənada dünyada hava limanları nəzdində Azad İqtisadi Zonaların olmasına çox nadir hallarda rast gəlinir. Bununla bağlı orada istehsal sahələrinin yaranması da mümkün deyil.  Çünki hava limanında əsas məsələ təhlükəsizliklə bağlıdır. Belədə hava limanlarında təhlükəsizliyə ziyan gətirə biləcək istehsal sahələrinin yaradılması mümkün deyil. 
Azad İqtisadi Zona xidmət sahələrini əhatə edəcəksə, onun hava limanında hansı parametrlər üzrə yaradılması istiqamətində, liman ərazisinin buna imkan verib-vermədiyi barədə də düşünmək gərəkdir.  Yəni, sırf ticarət nöqteyi-nəzərində olsa, primitiv şəkildə vaxtilə hava limanı ətrafında belə ticarət mərkəzi olub. Hansı ki, sonradan Ələt tərəfə köçürüldü. Demək istəyirəm ki, Azad İqtisadi Zona ticarət obyektləri qismində olacaqsa, tamam ayrı bir yanaşma tələb edəcək. Burada bu mənada istehsal sahələrinin ola biləcəyinə inanmıram. Yalnız böyük ticarət mərkəzləri tikilə bilər ki, Dubayda da belədir. Böyük Ticarət Mərkəzləri azad iqtisadi zonanın şərtlərinə görə, daha az vergi və gömrük rüsumları ilə çalışacaq. Bu olacaqsa, ticarətdə canlanma, hava limanı ətrafında yeni ticarət komplekslərinin tikintisi baş verə bilər”. 
İqtisadçı alim Əli Əlirzayev də bu qənaətdədir ki, aeroport ərazisində AİZ-in yaradılması ölkənin əlavə qazanc əldə etməsi və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edəcək: “Ümumiyyətlə, Azərbaycanda Azad İqtisadi Zonanın yaradılması ilə bağlı məsələlər çoxdandır ki, gündəmdədir. Bununla bağlı qanun da var. Təbii ki, Azad İqtisadi Zonada alııcı və satıcının olması vacibdir. Ona görə də bu tip zonaların yaradılmasına imkan verən ərazilərdən biri də xarici qonaqların gəlmə və getməsini həyata keçirən hava limanlarıdır. 
Hava limanında belə yerlərin yaradılması ölkəmizə əlavə gəlir gətirməsi baxımından əhəmiyyətlidir. Həmçinin onun olması ilə əlavə iş yerləri də yaradılacaq. Bu mənada da hava limanı azad iqtisadi zonaların olması baxımından ən əlverişli bir məkandır. Ona görə də ideyanı uğur qazana biləcəyini düşünürəm”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz