Əlaqə Arxiv
news Image
2017.10.13
09:00
| A A A
Aqrar texnikanın daxildə istehsalı zərurətə çevrilir
Qadir Bayramlı: “Ölkəmizdə aqrar sahə texnikasının istehsalına başlamaq üçün müəyyən qədər də olsa baza var” Murtuzəli Hacıyev: “Hazırda Gəncə Avtomobil Zavodunda müştərək iş birliyi əsasında traktorlar istehsal edilir”

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirdi ki, bu il kənd təsərrüfatı texnikasının alınması ilə bağlı rekord il olub: “Bu il artıq 8 min texnika gətirilib. Biz bu il 10 min texnika gətirməli idik. Yəqin ki, qalan texnika da ilin sonuna qədər gətiriləcək”. Aqrar sahənin sürətli inkişafı fonunda bundan sonra da həmin istiqamətdə texnikaya böyük ehtyiac olacaq. Belə vəziyyətdə sözügedən texnikanın Azərbaycanda istehsalı mümkündürmü?

İqtisad Universitetinin dosenti Qadir Bayramlı Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalını mümkün hesab edir: “Sovet dönəmində Azərbaycan başlıca olaraq neft maşınqayırma sahəsi üzrə ixtisaslaşdığından kənd təsərrüfatı sektoru üzrə texnika istehsalı həyata keçirilməyib. Bölgələrdə sadəcə, kənd təsərrüfatı texnikasına xidmət göstərən təmir zavodları olub. İndiki şəraitdə isə aqrar sahə üzrə texnikanın ölkə daxilində istehsalı aktualdır. 
Hazırda həmin texnika xaricdən idxal olunur. Bu da istər-istəməz valyuta axınına gətirib çıxarır. Əslində isə həmin texnikanın daxildə istehsalı üçün müəyyən imkanlarımız var. Gəncə Avtomobil Zavodu nəzdində keçən ilə qədər ilə 600-700 ədəd civarında traktor istehsal olunurdu. Lakin artıq onun istehsalı da dayandırılıb. Buna baxmayaraq, deməli, təməl və infrastruktur var. Əsas məsələ onun inkişafına nail olmaqdır. Düşünürəm ki, gələcək etibarı ilə bu mümkün olacaq. 
Elə kənd təsərrüfatı texnikası var ki, onun istehsalı böyük həcmdə texnika tələb etmir. Məsələn, kotan, toxumların çilənməsində istifadə olunan maşınların daxildə rahat şəkildə istehsalı mümkündür. Məhz Gəncədəki avtomobil zavodu hesabına ilkin olaraq traktor istehsalını bərpa etmək olar. Digər aqrar sahə məhsullarının burada istehsalı hələlik mümkün olmasa da, ən azından montaj şəklində onu genişləndirmək olar. 
Ölkəmizdə bu istiqamətdə fəaliyyətə başlamaq üçün müəyyən qədər də olsa baza mövcuddur. Ona görə də ilk təməl olaraq prosesə Gəncə zavodundan başlamaq lazımdır. Ardinca digər bölgələrdə də prosesi genişləndirmək mümkündür. Hazırda kənd təsərrüfatı texnikası üzrə Belarusla əməkdaşlıq edirik. Ondan başqa, Türkiyə, Özbəkistan və Qazaxıstan təcrübəsindən də yararlanmaq olar”. 
Kənd Təsərrüfatı Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev də sözügedən texnikanın daxildə istehsalını mümkün hesab etdi: “Hazırda Gəncə Avtomobil Zavodunda birgə müştərək iş birliyi əsasında traktorlar istehsal edilir. Belədə fermerlərin traktorlara olan tələbatı məhz yerli istehsal hesabına ödənilir. Eyni zamanda, digər kənd təsərrüfatı texnikası xaricdən də gətirilərək fermerlərin istifadəsinə verilir. 
Bu ilin oktyabrın əvvəlində ABŞ-ın “Conders” şirkətinin istehsalı olan 140-dan çox müasir pambıqyığan kombaynlar gətirilib. Texnika alınarkən ümumən fermerlərin arzu-istəkləri də nəzərə alınır. Ona görə də il ərzində pambıqçılıq və çəltik sahələri üüçn yeni texnikalar alınıb gətiriləcək. Ümumiyyətlə, həmin texnikanın daxildə daha geniş şəkildə istehsalı prosesi ildən-ilə genişləndiriləcək”.
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz