news Image
2017.10.14
16:28
| A A A
Saatlıda suvarma sistemi təkmilləşdirilir (FOTO)

Bu gün Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində Saatlı rayonunun Varxan kənd sakinləri təkmilləşmiş suvarma sisteminin açılışını qeyd ediblər. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyinin səfir müavini Vilyam Gil, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

V.Gil bildirib ki, Amerika Birləşmiş Ştatları bu layihədə iştirak etməkdən məmnundur: "Azərbaycanda həyat keyfiyyətini yaxşılaşdırmaq və iqtisadi inkişafın irəliləməsi üçün davamlı əməkdaşlığa ümid edirik”.

EWMI təşkilatının texniki dəstəyi ilə Varxan kəndinin sakinləri yerli və regional hakimiyyət qurumları ilə işləyərək saatda 1,700 m3 həcmində su axını təmin edən su nasosu quraşdırmaqla kəndin suvarma sistemini təkmilləşdiriblər. Təmir olunmuş 600 metrlik yol 1200-dən çox kənd sakininin həyat şəraitini yaxşılaşdıracaq. Yeni suvarma sistemi suvarma suyuna çıxışı artırmaqla, kənd təsərrüfatı istehsalını təkmilləşdirməklə, habelə vaxt və resurslara qənaət etməkdə köməklik edərək yerli fermerlərin yaşayış səviyyəsini yaxşılaşdıracaq.

EWMI təşkilatı vasitəsilə ABŞ və Azərbaycan 89 icmada 152,000-dən artıq insanın faydalana biləcəyi 101 icma layihəsi həyata keçirib. USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.