Əlaqə Arxiv
news Image
2017.10.17
09:00
| A A A
Daxili istehsal kərə yağını ucuzlaşdıra bilər

Avropada kərə yağını bahalaşması Azərbaycanda da qiymətələrə təsir edir. Bu fonda qısamüddətli dövr üçün kərə yağlarına tətbiq edilən gömrük verilərinin azaldılması təklif edilir. Ekspertlərin fikrincə, uzunmüddətli dörv üçün isə xammal olan süd istehsalı artırılmalıdır. İdxaldan asılılıq azaldılarsa, kərə yağının  istehsal həcminin artması və ucuzlaşması mümkündür.

İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, Azərbaycanda son 10 ildə kərə yağı istehsalı təxminən 2 dəfə artıb və 25 min tona çatıb: “Amma bu miqdarda istehsal yerli tələbi ödəmir. Digər tərəfdən, gətirilən yağların bir hissəsi keyfiyyətsizdir. Bunu onların qoxusundan da hiss etmək olar. Yağın istehsal olunduğu əsas xammal süddür. Ölkədə süd istehsalı 2 milyon tondan çoxdur. Ancaq 1 kiloqram kərə yağı istehsal etmək üçün təxminən 20 kiloqram süd lazımdır. Ona görə də süd istehsalçıları yağ istehsal etməkdənsə, südü satmağa üstünlük verirlər. Həmçinin yağ istehsalı üçün şərait yetərli deyil. 
Düzdür, ölkədə hər il statistika açıqlanır. Ancaq bu rəqəmlərin dəqiqliyində şübhələr var. Çünki fərdi təsərüfatlarda, evlərdə nə qədər kərə yağının istehsal olunduğunu heç kəs hesablaya bilməz. Həmçinin bu sahədə digər problemlər də var. Nəzərə alaq ki, fərdi təsərrüfatlarda yağ istehsalını artırmaq çətindir. Fərdi təsərrüfatlarda heyvanların məhsuldarlığı azdır. Fərdi təsərrüfat sahiblərinin həm heyvan cinsləri, həm də heyvan yemləri haqqında yetərli bilgiləri yoxdur”.
Ekspertin fikrincə, kərə yağının istehsalı üçün kompleks tədbirlər həyata keçirilməlidir: “İlk növbədə iri heyvandarlıq təsərüfatlarının yaradılması genişləndirilməlidir. Aqroparkların fəaliyyətini səmərəli şəkildə təşkil edə bilsək, bu məsələyə kömək etmiş olarıq. İkincisi, təsərrüfatları məhsuldar heyvan cinsləri ilə təmin etmək lazımdır. Düzdür, ölkəyə xarici cinslər gətirilir. Ancaq onların yerli mühitə uyğunlaşdırılması başqa bir problemdir. Digər məsələ isə odur ki, yem bazası güclənməlidir. Yağın keyfiyyəti təbii yemdən çox asılıdır. Həmçinin yağ istehsal edənlər avadanlıqlarla təmin edilməlidir. Ən ciddi məsələ isə həm də odur ki,  rəqabət mühiti genişlənməlidir. Bundan başqa, stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Həmçinin bölgələrdə səmərəli fəaliyyət üçün yağ-tədarük məntəqələri yaradılmalıdır. Onlar da labortoriyalarla təmin edilməlidir ki, yağ növlərə ayrılsın və ona görə qiymətləri müəyyən edilsin. Ancaq indiki vəziyyət görülməli iş idxal vergilərinin azaldılmasıdır”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz