Əlaqə Arxiv
news Image
2017.10.18
09:40
| A A A
Azərbaycanın Avropada mövqeyi daha da güclənir
Vüqar Bayramov: “Bu, imkan verəcək ki, Avropada enerji təhlükəsizliyinin formalaşmasında Azərbaycanın rolu və dəstəyi artsın”

Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevlə birgə mətbuata bəyanatla çıxışında deyib. Ümumiyyətlə, yaxın tezlikdə Azərbaycan qazı hesabına enerji təhlükəsizliyini təmin edən Avropa ölkələrinin sayı artacaq. Belə vəziyyətdə Azərbaycanın Avropada mövqelərinin daha güclü hala gələcəyini gözləmək olarmı? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında Azərbaycanın rolunun artması fonunda ölkəmizin bu qitədə mövqeyi daha güclü hala gələcək: “Bolqarıstan Azərbaycanın mavi qazını TAP kəməri vasitəsilə alacaq. Bu kəmərin işə düşməsilə Bolqarıstan daxili şəbəkə vasitəsilə həmin qazdan istifadə etmək imkanlarına malik olacaq. 
Nəzərə alaq ki, Bolqarıstan mavi qaz idxalında Rusiyadan asılıdır, bu mənada Azərbaycan qazının bu ölkəyə daxil olması Sofiyanın Moskvadan asıllığının aradan qaldırılmasına gətirib çıxaracaq. Güman olunur ki, artıq 2020-ci ildən başlayaraq Bolqarıstan Azərbaycan qazından istifadə etməyə başlayacaq. Sözsüz ki, Şərq Avropa ölkəsi olaraq Bolqarıstanın Azərbaycan mavi qazından istifadə etməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində töhvəsinin artmasına gətirib çıxaracaq.  Bildiyiniz kimi, Mərkəzi və Şərqi Avropa ölkələri mavi qazdan daha çox asılı olan və enerji təhlükəsizliyini formalaşdırmaqda olan ölkələr sırasındadır. Bu mənada Azərbaycan Bolqarıstan da daxil olmaqla bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşması və möhkəmlənməsinə töhfə verəcək. Bu da ölkəmizin Avropada mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq. 
Avropa enerji təhlükəsizliyini formalaşdırmağa çalışır. Azərbaycan da bu qitənin enerji təhlükəsizliyinin formalaşmasında yeni yeganə alternativ mənbədir. Bu imkan verir ki, sözügedən qitədə təhlükəsizliyin formalaşmasında Azərbaycanın rolu və dəstəyi artsın.  Belə vəziyyət isə öz növbəsində Avropa Azərbaycan əməkdaşlığının daha da güclənməsinə gətirib çxaracaq. Yaxın gələcəkdə Xorvatiya, Bosniya və Hersoqovina, İtaliya da Azərbaycan qazından yararlanmaq imkanı əldə edəcəklər. Eyni zamanda, İtaliyadan sonra digər daxili şəbəkə vasitəsilə bir sıra başqa Avropa ölkələri də Azərbaycanın mavi yanacağından yararlanmaq imkanı əldə edəcəklər. O baxımdan xəritə kifayət qədər genişdir və nəticə etibarı ilə bu, Avropanın, xüsusən də Baltik dənizi və Şərq hissədə yerləşən ölkələrin Azərbaycan qazından faydalanmaq imkanları demək olacaq”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz