Əlaqə Arxiv
news Image
2017.10.18
15:46
| A A A
"Abşeron" yatağının "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin infrastrukturuna birləşdirilir

"Neftqazelmitədqiqatlayihə" İnstitutunda SOCAR-ın həyata keçirdiyi iri layihələrin təhlili ilə məşğul olan beynəlxalq "Independent Projects Analysis" (Layihələrin Müstəqil Təhlili) şirkəti tərəfindən görülən işlərin hesabatına dair tədbir keçirilib.

SOCAR-dan Movqe.az-a verilən məlumata görə, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun, geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynovun, "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, eləcə də baş ofisin idarə və şöbə rəislərinin iştirak etdiyi tədbirdə hesabatın ekspertlər səviyyəsində müzakirəsi aparılıb.
 
Bildirilib ki, SOCAR-ın da üzv olduğu "Upstream International Benchmarking Consortium" (Kəşfiyyat və Hasilat Sahəsində Kapital Layihələrinin müqaisəli təhlili (bençmarkinqi) üzrə beynəlxalq konsorsium) - UİBC çərçivəsində kəşfiyyat və hasilat sahəsində təmsil edilən transmilli və milli şirkətlər tərəfindən bütün dunyada həyata keçirilən kapital layihələrin effektivliyinin müqayisəli təhlili aparılır. SOCAR və onun stukturuna daxil olan "Azneft" İB işlənmənin son mərhələsində olan yataqlarda hasilatın sabit saxlanılması məqsədi ilə mütəmadi olaraq kapital qoyuluşu layihələri icra edir.
 
Bundan əlavə, yaxın zamanlarda SOCAR tərəfindən "Qarabağ", "Ümid", "Babək" kimi perspektiv yataq və strukturların kəşfiyyatı, işlənilməsi və abadlaşdırılması, həmçinin "Abşeron" yatağının işlənilməsi və bu yatağın "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin infrastrukturuna birləşdirilməsi kimi iri layihələrin həyata keçirilməsi nəzərdə tutulur. SOCAR, məsuliyyətli neft-qaz yataqlarının operatoru rolunda, qarşısında qoyulan əməliyyat və kapital effektivliyinin artırılmasına yönəldilən tapşırıqlara uyğun olaraq, UIBC çərçivəsində aparılan tədbirlər nəticəsində korporativ portfelində olan kapital layihələrin daxili idarəetmə sisteminin monitorinq üsullarını tətbiq etmək, eləcə də yataqların işlənilməsinə yönəldilən kapital layihələrinin idarəetmə sisteminin xarici şirkətlər tərəfindən Azərbaycanda və dünyada həyata keçirilən layihələrlə obyektiv müqayisəli təhlilini (bençmarkinqi) aparmaq üçün əlavə imkanlar əldə edib.
 
Qeyd edək ki, SOCAR-ın baş ofisində, "Azneft" İstehsalat Birliyində, eləcə də "Neftqazelmitədqiqatlayihə" İnstitutunda UİBC çərçivəsində görülən işlərə dair silsilə tədbirlər keçirilib. Tədbirlərdə "Azneft" İB tərəfindən istismar olunan "Günəşli" yatağındakı 7 , "Bulla dəniz" yatağındakı 6, "Qərbi Abşeron" yatağındakı 54 nömrəli özüllərin tikintisi hərtərəfli qiymətləndirilib, birliyin qarşısında duran yeni iri layihələr və bu layihələrin icrasına hazırlıq səviyyəsi müzakirə olunub. Bu tip işgüzar görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Sizin Reklam Yeriniz